“İcra başçılarının əksəriyyəti insanlara qan uddurur…” – QÜDRƏT HƏSƏNQULİYEV – FOTOLAR

“İcra başçılarının, icra hakimiyyətlərinin səlahiyyətlərinin 90 faizi onların əllərindən alınmalı, bələdiyyələrə verilməlidir”

Etikxeber.az-ın müxbirinin suallarını millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev cavablandırır:

-Qüdrət bəy, artıq yay fəslidir, turizm-istirahət mövsümüdür. Ölkəmizə istirahət etməyə gələnlərlə yanaşı, ölkəmizdən xarici ölkələrə, xüsusilə, qardaş Türkiyəyə, qonşu Gürcüstana istirahətə yollananlar da var və qeyd edim ki, birincilərlə müqayisədə, ikincilər daha çox üstünlük təşkil edirlər. Sizcə, niyə, köklü səbəblər nədədir?

-Razıyam, dedikləriniz həqiqətdir.

Burada ən böyük problem Azərbaycanda xidmət sektorunun çox aşağı səviyyədə olmasıdır. İllərdir ki, bu məsələ deyilir, tənqid olunur, ancaq hələ də ciddi irəliləyiş yoxdur. Ölkədə xidmət sektoru sıfır həddindədir.

Bu səbəbdən də insanlarımız çox zaman başqa yerlərə, xüsusilə də, xidmət səviyyəsinin çox yüks’k olduğu Türkiyəyə üz tutmalı olurlar. Çünki Türkiyə bu məsələdə dünyanın ən qabaqcıl ölkələrini belə üstələyir, bu sektorda dünya brendlərindəndir.

Digər bir səbəb, yenə də heç kimə sirr olmayan bahalılıqdır. Bizdə istirahət, turizm məkanları çox bahalıdır. İnsanlarımızın çoxunun maddi durumu həmin istirahət məkanlarına üz tutmağa, orada istirahət etməyə imkan verir.

Məsələn, Azərbaycanda bir-iki günə istirahətə xərclədiyin pula Türkiyənin  ən gözəl istirahət məkanlarında ən azı bir həftə əməlli-başlı istirahət etmək olar.

Başqa bir səbəb Bakının həddindən artıq yüklənməsi, ekoloji cəhətdən ağır durumda olması, xüsusilə, Xəzər dənizinin dəhşətli dərəcədə çirkli olmasıdır. Bildiyiniz kimi, paytaxtın bütün kanalizasiya suları, tullantıları Xəzərə axıdılır və nəticədə də dəniz çirklənir.

Bununla yanaşı, Dənizkənarı Bulvarda müəyyən işlər görülsə də, hələ də mazut, üfunət iyindən durmaq olmur. Nəticədə də dəniz sevən insanlar, dəniz kənarında istirahətə üstünlük verən vətəndaşlar başqa ölkələrə üz tutmalı olurlar. Yaxud da, ölkənin, Şimal-Qərb, Şimal-Şərq bölgələrinə, Şəki-Zaqatala, Şamaxı, Quba, Qəbələ, İsmayıllı, Qusar bölgələrinə gedirlər. Onlara bu guşələrdə olmaq, dincəlmək daha çox rahatlıq gətirir və sair.

Ona görə də bu məsələlər öz həllini tapmalıdır, insanlarımız pullarını kənara deyil, öz ölkələrinə necə deyərlər, yatırmalı, xərcləməlidir. Bununla belə, ədalət, insaf naminə deməliyik ki, əvvəlki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı artmaqdadır.

Bu məsələdə də inkişaf, irəliləyiş, müsbət tendensiya göz önündədir, bunları da demək lazımdır. Xüsusilə də, ərəb ölkələrindən Azərbaycana gələn, üz tutan turistlərin sayı ildən-ilə artır…

-Son zamanlar ölkəmizə axın edən turistlər, xüsusilə, ərəblərlə bağlı ciddi narazılıqlar, etirazlar səslənməkdədir. Elə parlamentin özündə, üzvü olduğunuz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İnsan hüquqları komitəsi ilə son birgə iclaslarından birində həmkarlarınız tərəfindən ərəb turistlərlə bağlı çox sərt ifadələr səsləndi, əsasən də, onların xalqımızın milli adət-ənənələrinə, əxlaq tərzinə uyğun gəlməyən davranışlara yol verdiyi ciddi təpkilərlə qarşılandı…

-Burada da həqiqət var. Həmkarlarımın dediklərinə də hörmətlə yanaşıram, çoxlarını da bölüşürəm. Turist olmaq o demək deyil ki, toxunulmaz şəxsdir. Bu, belə deyil. Turistin də Azərbaycan qanunlarına, adət-ənənələrinə hörmət etməsi vacibdir.

Əgər kimlərsə, bizim əxlaq tərzimizə, milli dəyərlərimizə uyğun olmayan davranış nümayiş etdirirsə, ona qanunun sərt üzü göstərilməlidir. Hətta, lazım gələrsə, ölkədən çıxarılmalı, onun gəlişinə qadağa qoyulmalı, arzuolunmaz şəxslər siyahısına salınmalıdır.

Eyni zamanda, kimlərsə pintiliyə, natəmizliyə (bu hallar da tez-tez dilə gətirilir) və sairə hallara yol verirlərsə, onları da təhlükəsizlik kameraları vasitəsilə müəyyən etmək, qayda-qanunlara, təmizliyə riayət olunmasına məcbur etmək lazımdır. Qoy onlar Azərbaycandan gedəndən sonra öz tanış-bilişlərinə, Azərbaycana gəlmək həvəsində olanlara da bildirsinlər ki, bəs, filan-filan hərəkətlərə yol vermək olmaz, olarsa, nələr gözləyir və sair…

Özü də bu məsələ tək bizdə deyil, dünyanın ən aparıcı, ən inkişaf etmiş ölkələrində də qayda-qanunlara, yerli xüsusiyyətlərə əməl etməyənlərə qarşı qanunun sərt dili ilə danışılır. Amma bu, heç də o demək deyil ki, bu hal bütün turistlərə aiddir və ya onlara şamil edilməlidir. Bu, düzgün olmazdı.

Azərbaycan prezidenti özü də bir müddət öncə buraya gələn turistlərin nəticəsində 500 milyondan artıq ölkəyə gəlir daxil olduğunu bildirib. Bunun özü də balaca rəqəm deyil. Nəticədə bundan qazanan dövlətimiz, iş, biznes adamlarımız, turizm məkanlarında, hotellərdə çalışan insanlarımız olur. Bunları da unutmaq lazım deyil.

Əksinə, elə etmək lazımdır ölkəmizə gələn turistlərin sayı daha da çoxalsın, həmçinin, öz insanlarımız kənarda deyil, burada qalıb istirahət etməyə üstünlük versinlər.

-Yeri gəlmişkən, son illərin, son dövlərin ən çox müzakirə mövzularından biri də uşaqlarla, yeniyetmələrlə, onların sağlamlığı ilə bağlı məsələlərdir. Parlamentin son iclaslarında da bu məsələ bir neçə dəfə qaldırıldı, elə Siz özünüz də çıxışlarınızdan birində məktəb yaşlı uşaqların fiziki durumlarının, sağlamlıqlarının ciddi narahatlıq doğurdunu vurğuladınız…

-Çox yaxşı oldu ki, bu məsələyə toxundunuz. Bu məsələni diqqətdə saxlamaq çox vacibdir. Çünki adi məsələdən söhbət getmir, söhbət gələcəyimizdən, mill genefondumuzdan, onun təhlükəsizliyindən gedir.

Bu məsələdə həqiqətən çox ciddi, narahatlıq doğuran məqamlar var. Bu gün uşaqlarımız, yeniyetmələrimiz fiziki, sağlamlıq cəhətdən çox ciddi problemlər yaşayırlar. Xüsusilə də, savadlı, bilikli, ölkənin gələcəyinə böyük töhfəsi olacaq uşaqlar, yeniyetmələr arasında bu problemlər özlərini ciddi şəkildə göstərməkdədir.

Bildiyiniz kimi, hər il təhsil ilinin yekunları ilə bağlı Təhsil Nazirliyi millət vəkillərinin, tanınmış ziyalıların, media mənsublarının iştirakı ilə müşavirə, fənn olimpiadalarının qalibləri ilə görüşlər keçirir. Mən də demək olar ki, bu təbdirlərin hər birində iştirak edirəm. Bir dəfə lap ön sıralarda, elə birinci cərgədə əyləşmişdim və hər şeyi daha yaxından izləmək imkanım olmuşdu.

Orada gördüyüm mənzərədən, yəni, nümunəvi, müxtəlif fənnlər üzrə olimpiada qalibi olan şagirdlərimizin fiziki durumundan dəhşətə gəldim, çox üzüldüm. Demək olar ki, hamısı arıq, çəlimsiz, belləri əyilmiş, dəriləri sanki sümüklərinə yapışmış vəziyyətdə idi.

Çoxlarının gözündə də eynək vardı. Tədbir zamanı da, elə tədbir başa çatan sonra da əsas müzakirəmiz, narahatlğımız bax bu vəziyyətlə bağlı oldu.

Hamı belə bir haldan üzüldüyünü ifadə etdi. Ona görə hesab edirəm ki, burada əsas məsələ normal qidalanmadır. Yəni, uşaqlarımızın, şagirdlərimizin çoxu normal qidalana bilmirlər…

– O zaman hansı addımların atılması lazımdır?

– İlk olaraq, məktəblərdə uşaqların, şagirdlərin normal qidalanmasına ciddi fikir yetirilməlidir, onlar qida ilə təmin edilməlidir. Dövlət ən azı dövlət məktəblərində bu məsələni təmin etməlidir. Onsuz da özəl təhsil müəssisələrində belə bir problem yoxdur.

İmkanı olan valideynlər öz övladlarını həmin məktəblərdə oxutdurur və onların normal qidalanmasında da hansısa problem yaşanmır.

Amma dövlət məktəblərində belə deyil. Burada durum ağırdır. Odur ki, dövlət onun nəzarətində olan dövlət təhsil müəssisələrində təhsil alan şagirdləri hər gün ən azı südlə təmin etməlidir.

Bu məsələ bir neçə il öncə qardaş Türkiyədə də yaşanmışdı, orada da uşaqların çılızlaşması, boyunun, çəkisinin azalması müşahidə olunurdu. Bu məsələni həll etmək üçün dərhal məktəblərin pulsuz südlə təmin edilməsinə başlanıldı və nəticədə də, uşaqların çəkisində, həmçinin, boy artımında yüksəliş baş verdi.

Bu gün dünyada boy artımı 11 sm civarında olsa da, Azərbaycanda əksinədir, 6 sm geriləmə var. Bu, çox düşündürücü və narahatedici məsələdir.

Bununla yanaşı, uşaqlar həddindən artıq dərs yükü ilə yüklənir, repetitorluq da bir ayrı bəladır. Çünki məktəblərimizin əksəriyyətində artıq normal təhsil verilmədiyi üçün uşaqlar repetitor yanına getməyə məcbur olurlar, bir çox valideynlər də əyinlərdən, boğazlarından kəsərək, övladlarını repetitor yanına göndərirlər ki, bu isə nəticə etibari ilə onların ağır maddi durumunu bir az da ağırlaşdırır.

Həmçinin, müəllimlər yüksək məvacib almadıqları üçün repetitorluqla məşğul olurlar, bəzən uşaq hazırlamaq üçün kirayə evlər tuturlar, bəzən öz evlərinin bir həssəsini dərs keçmək üçün ayırırlar.

Ona görə hesab edirəm ki, artıq müəllimlərin əmək haqlarının artırılması istiqamətində daha ciddi addımlar atılmalıdır, onların əmək haqları ən azı 3 dəfə artırılmalıdır. Yəni, bununla həm təhsilimizin, tədrisimizin səviyyəsi qalxmış olar, həm müəllimlərimizin maddi durumları yaxşılaşar, repetitorluğa ehtiyac qalmaz, həm də uşaqlarımızın fiziki durumu, valideynlərin maddi vəziyyəti nisbətən normallaşar, repetitorluğa gedən pullar normal qidalanmaya sərf olunar.

Həmçinin, orta təhsil məktəblərimizlə, uşaq bağçaları ilə bağlı məsələ ciddi narahatlıq doğurmaqdadır. Bu gün Bakıda, ölkənin baş şəhərində iki, hətta üç növbəli işləyən məktəblərimiz var. Biz hansı dövrdə, hansı zəmanədə yaşayırıq ki, iki, üç növbəli məktəblərimiz var?!

Bu, narahatedici və utandırıcı bir məsələdir. Bu gün Bakıda çoxlu məktəblərə ehtiyac var. Həmçinin, uşaq bağçaları ilə bağlı vəziyyət daha dözülməzdir. Bəzən deyirlər ki, ölkədə uşaqların 25 faizi uşaq bağçalarına gedir, amma mən deyərdim ki, bu göstərici bir az da aşağıdır.

Hətta, elə kəndlər, yaşayış yerlərimiz var ki, orada bir dənə də olsun, uşaq bağcası yoxdur. Hələ uşaq bağçalarındakı vəziyyəti, orada çalışan personalın durumunu, səviyyəsini nəzərə almıram… Ölkədə ciddi şəkildə uşaq bağçası çatışmazlığı var. Ona görə dövlət bu məsələdə də ciddi addımlar atmalıdır. Məktəb, uşaq bağçalarının tikintiləri özəl sektora artıq həvalə olunmalıdır, dövlət bu məsələdən yaxasını bir qədər kənara çəkməlidir.

Dövlət artıq hər şeyi öz üzərinə götürməməlidir. Bir sözlə, uşaqlarımızın, yeniyetmələrimizin sağlamlığına ciddi diqqət yetirilməli, milli genefondumuzun təhlükəsizliyi təmin edilməlidir. Bu məsələni digər məsəllərlə qarışdırmaq olmaz.

-Bayaq yuxarıda Bakının durumu ilə bağlı məsələyə ötəri də olsa, toxunuldu, amma bu məsələ də ciddi məsələlərdəndir. Bu yaxınlarda da Bakının Baş Planının hazırlanması ilə bağlı növbəti sərəncam verildi. Necə düşünürsünüz, Bakıya axının qarşısını almaq, onu yüklənmədən xilas etmək üçün nələrə ehtiyac var, məsələn, paytaxt Bakıdan digər bölgəyə köçürülə və ya Qazaxıstanda olduğu kimi, yeni paytaxt şəhəri salına bilərmi?

– Hesab edirəm ki, paytaxtın Bakıdan başqa bir yerə köçürülməsinə və ya yeni paytaxt şəhərinin salınmasına heç bir ehtiyac yoxdur. Özü də nəinki ehtiyac yoxdur, ölkənin bu vəziyyətində belə bir addımın atılması ən böyük ağılsızlıq olardı. Pulumuz varsa, onu elə iqtisadiyyatımıza yönəldək də?! Bu gün pulu, vəsaiti iqtisadiyyatın, qeyri-neft sektorunun, sənayenin inkişafına yönəltməliyik.

Düzdür,ölkədə iqtisadi inkişaf var, amma bu, istənilən, arzuolunan səviyyədə deyil. Sənayedə cəmi 1-2 faizlik artım var. Bu, heç də normal bir göstərici deyil. Bu gün ölkə iqtisadiyyatı, büdcə neftin üzərundə oturub, ondan asılı vəziyyətdədir və bu baxımdan da, büdcənin, iqtisadiyyatın neftdən asılılığını qurtarmaq lazımdır.

Bildiyiniz kimi, bir neçə il öncə dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı Azərbayvan iqtisadiyytında da bəzi problemlər yarandı, xüsusilə, bank sektorunda böyük çöküş əmələ gəldi, iki dəfə sarsıdıcı devalvasiya baş verdi.

Bu zaman hökumət büdcənin, iqtisadiyyatın  neftdən asılılığını azaltmaq üçün bir sıra addımlara getdi və bunun müsbət nəticələri də görünməyə başladı, qeyri-neft sektorunda canlanma oldu.

Amma neftin qiyməti qalxan kimi, yenə hər şey unudulmağa başladı…Bu, düzgün deyil. Qeyri-neft sektorunun, sənayenin, aqrar sahənin inkişafına daha ciddi diqqət yetirmək lazımdır. Bakıya axına gəlincə, çox təəssüflər olsun ki, burada da vəziyyət ürəkaçan deyil, hər kəs regionlardan Bakıya üz tutmağa həvəs göstərir.

Hətta, bölgələrdə, iş, biznes qurub az-çox uğur qazanan, belə deyək, 30-40 min manat və ya dollar həcmində vəsait əldə edən iş adamlarımız da Bakıya üz tuturlar. Burada işlərini, bizneslərini davam etdirməyə çalışırlar.

Açıq etiraf etmək lazımdır ki, bölgələrlə müqayisədə də Bakıda qanunlara, qanun aliliyinə daha çox riayət olunur, burada hüquqları qorumaq nisbətən daha asandır.

Eyni zamanda, bütün strukturlar, nazirliklər, hökumət, Prezident Administrasiyası, media burada cəmləşib. Səfirliklər, diplomatik nümayəndəliklərin hamısı paytaxtdadır.

Odur ki, nəticədə bölgələrimiz boşalır, insanlarımız, az-çox uğur əldə edən iş adamlarımız Bakıya axışır. Həm də açıq şəkildə etiraf etmək lazımdır ki, bölgələrdə durum yaxşı deyil, məmur özbaşınalığı başını alıb gedir, hamısına aid etmək düzgün olmazdı, amma bölgələrimizin bir çoxunda icra qurumları, icra başçıları sözün əsl mənasında insanlara qan uddururlar.

İnsanlara, vətəndaşlara zülm verirlər, insanları bezdirirlər. İnsanlar da hüquqlarını qorumaq, yaşayışlarını daha yaxşı təmin etmək üçün Bakıya axın etmək məcburiyyətində qalırlar. Ona görə də məmurlarla, icra başçıları ilə bağlı ciddi ölçülər götürülməlidir. İcra başçılarının, icra hakimiyyətlərinin səlahiyyətlərinin 90 faizi onların əllərindən alınmalı, bələdiyyələrə verilməlidir.

Bələdiyyələrin həm səlahiyyətləri, həm də məsuliyyətləri artırılmalıdır. Həmçinin, insanların bölgələrə üz tutması, Bakıya axının önlənməsi üçün ciddi iqtisadi və hüquqi islaharlar aparılmalıdır, qanunların işləkliyinə nail olunmalıdır, vergi sahəsində çox böyük dəyişikliklər, güzəştlər nəzərdə tutulmalıdır, stimullaşdırcı addımlar atılmalıdır.

Yenə deyirəm, artıq dövlət hər şeyi öz üzərinə götürməməli, hər şeyi özündə cəmləşdirməməlidir.

Dövlət bizneslə məşğul ola bilməz və olmamalıdır. Dövlət biznes qurumu deyil…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhid polislər təltif edildilər – SƏRƏNCAM

Read Next

Putin Fələstin, Moldova, Qabon və Sudanın dövlət başçıları ilə görüşəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir