“İctimai şuralar fəaliyyətsiz quruma çevriliblər”-ALİM HÜSEYNLİ

Son günlər ölkədə ardıcıl olaraq yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qanunazidd əməlləri ifşa olunmqdadır.

Nə qədər qəribə olsa da, aşkar edilən faktlar korrupsiya və rüşvətxorluq halları ilə bağlıdır.

O da faktdır ki, belə halların aşkar olunmasında ictimaiyyətin rolu danılmazdır. Maraqlıdır, ölkə vətəndaşları korrupsiya və rüşvət hallarının aşkar edilməsində nə dərəcədə fəaldırlar?

Bu və ya digər məsələlərlə bağlı suallarımızı  hüquqşünas Alim Hüseynli cavablandırıb.

Etikxeber.az A. Hüseynli ilə müsahibəni təqdim edir:

  – Alim müəllim, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirlərini yetərli hesab etmək olarmı?

-Azərbaycanda 13 yanvar 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilib. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, korrupsiyanın qarşısının alınması və onun nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Qanun, habelə dövlət orqanlarına əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır. Göründüyü kimi “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun ölkə həyatının bütün sahələrini əhatə edir. Yəni, qanunvericilikdə korrupsiya cinayətlərinin baş verə biləcəyi bütün sahələr üzrə mübarizə tədbirləri nəzərdə tutulur. Xüsusən son vaxtlar korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb. Ölkəmizdə korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası həyata keçirir. O məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, bu məsələ ilə bağlı mövqe birmənalıdır: “Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu, cinayətdir, bu, bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək. Biz bunu dəfələrlə görmüşük”. Dövlət başçısının bu mövqeyi deməyə əsas verir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradə var və son günlər həyata keçirilən tədbirlər bunu bir daha sübut edir.

  – Həyata keçirilən mübarizə tədbirləri nə dərəcədə effektlidir?

-Beynəlxalq təcrübə göstərir ki, korrupsiya cinayətləri əsasən yüksək rütbəli məmurlar tərəfindən törədildiyindən onun aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması elə də asan məsələ deyil. Baxmayaraq ki, bütün dövlət orqanları və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilər, ancaq bu növ cinayəti aşkarlamaq olduqca mürəkkəb prosesdir. Korrupsiya-vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. Odur ki, dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər və bu statusda olan digər dövlət və özəl sektorun təmsilçiləri korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri hesab olunur. Bütün bunlara baxmayaraq, təcrübə göstərir ki, korrupsiyaya qarşı mübarizə tədbirləri daim yeniləşməli, qanunvericilk bazası təkmilləşdirilməlidir. Düzdür, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübəyə yetərincə istinad edilir, beynəlxalq konvensiyalar ratifikasiya edilir. Ancaq bununla yanaşı, bir milli mübarizə metodu müəyyən edilməlidir ki, həmin metod yerli xüsusiyyətlərə uyğun olsun. 

-Konkret olaraq korrupsiyaya qarşı mübarizə sahədində hansı metodları təklif edərdiniz?

– Əvvəla onu qeyd edim ki, dünyada korrupsiyaya qarşı bəlli mübarizə metodları mövcuddur. Sadəcə, törəmə mübarizə metodları barədə düşünülməlidir ki, effektli nəticə əldə etmək mümkün olsun. Onlardan biri dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasıdır ki, hazırda Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Konkret olaraq “İctimai iştirakşılıq haqqında” qanunun tələblərinə uyğun olaraq dövlət qurumlarının, xüsusən, hüquq-mühafizə orqanlarının fəaliyyətinə ictimai nəzarət həyata keçirilir. Sözügedən istimai nəzarət qruplarında isə yalnız vətəndaş cəmiyyətləri təmsil olunur. Əslində isə həmin qrupa ən birinci olaraq media nümayəndələri cəlb edilməlidir. Ona görə ki, hazırkı şəraitdə iştimai nəzarət qurumlarının fəaliyyəti, onların hazırladığı hesabatlar ictimaiyyətə lazımi səviyyədə çatdırılmır. Yəni, iştimaiyyətə bəlli olmur ki, ictimai nəzarət şuraları hüquq mühafizə orqanlarının fəaliyyətində hansı nöqsanları aşkar ediblər. Qrupda KİV nümayəndələri təmsil olunsa, belə məlumatlat mütəmadi olaraq mətbuatda əks olunar, beləliklə dövlət orqanlarının fəaliyyətində müəyyən mənada şəffaflıq təmin olunar. Digər bir metod qanunların təkmilləşdirilməsi ilə bağlıdır ki, hazırda qüvvədə olan qanunlar bəzi hallarda korrupsiyaya şərait yaradır. Məsələn, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əsasən yaxın qohumların birgə işləməsinə yol verilmir.

Yəni, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Qanunun bu müddəasını pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Lakin praktikada kifayət qədər faktlar var ki, vəzifəli şəxslərin yaxın qohumları onların tabeçiliyində fəaliyyət göstərən qurumlarda çalışırlar. Bu isə faktiki olaraq korrupsiya hüquqpozmalarına şərait yaradır. Ya qanunun bu müddəası dəyişdirilməli, ya da mövcud müddəa icra edilməlidir. Sözügedən qanunun digər müddasına görə, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Reallıqda isə əlli beş manatı vəzifəli şəxsə təklif etmək özünütəhqir hesab olunur.

– Necə hesab edirsiniz, Azərbaycanda əhalinin korrupsiya hüquqpozmaları ilə bağlı kifayət qədər bilgisi varmı?

-Korrupsiyaya qarşı mübarizə formalarından biri də əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılmasından keçir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycanda əhalinin korrupsiya hüquqpozmaları ilə bağlı bilgisi aşağı səviyyədədir. Əhalinin əksər hissəsi yalnız “korrupsiya” sözünü əzbərləyib, istənilən qanun pozuntusuna onu şamil etməyə çalışır. Məlumdur ki, hazırda əksər dövlət qurumlarının “qaynar xətt”ləri var. Vətəndaşların həmin “qaynar xətt”lərə etdikləri müraciətlərin təhlili onu göstərir ki, həmin müraciətlərin böyük əksəriyyətinin korrupsiya cinayətlərinə aidiyyatı yoxdur. Törədilən əməl əksər hallarda korrupsiya cinayətinin cubyektlərinə aid olmur. Hesab edirəm ki, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi və antikorrupsiya mədəniyyətinin formalaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Nəzərə almaq lazımdır ki, korrupsiya hallarının aşkar edilməsində ictimaiyyətin rolu danılmazdır. Təsadüfi deyil ki, bir müddət öncə ölkə prezidenti əhalinin korrupsiyaya qarşı mübarizədə fəal olmağa çağırmışdı. Məhz bunun nəticəsidir ki, son günlərdə həbs edilən rayon icra başçıları və icra nümayəndələrinin qanunsuz fəaliyyətləri barədə məlumatlar ictimaiyyət tərəfindən çatdırılıb. İnsanlar öz dövlət başçılarına etibar etdiklərindən yerli icra hakimiyyəti orqanları rəhbərlərinin qanunazidd əməlləri barədə məlumat verməkdən çəkinmirlər. Həm də mövcud qanunvericiliyə görə, vəzifəli şəxslərin cinayət xarakterli əməlləri barədə məlumat verən şəxslərin anonimliyi qorunur. Məhz bu kimi amillər ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparılmasına imkan yaradır.

Problem ondan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirmək üçün həmin qurumların özlərinin nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuralar yaradılıb. Məhz həmin şuraların tərkibində media nümayəndələri olmadığından fəaliyyətsiz bir quruma çevriliblər, başqa sözlə bütün baş verən qanunsuzluğa göz yumublar. Bu isə mövcud istimai şuraların gərəksiz bir quruma çevrildiyini deməyə əsas verir (Olaylar).

Etikxeber.az

Read Previous

“Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf edib, amma…”-YUSİF BABANLI YAZDI

Read Next

“Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir