İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirildi

İdman yarışlarında manipulyasiyaya görə cəzalar sərtləşdirilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Gənclər və idman komitəsinin sədri Fuad Muradov  parlamentin plenar iclasında məlumat verib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı “Bədən tərbiyəsi və idman haqqında” qanuna və Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləyə dəyişikliyin edilməsi təklif edilir. Cinayət Məcəlləsinə idman yarışlarının manipulyasiyası (192-2) maddəsi əlavə edilir. Bu maddədə qeyd edilir ki, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsinə görə üç min manatdan beş min manatadək cərimələnmə və ya 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verilsin (maddə 192-2.1). 192-2.2 maddəsinə görə isə idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza tətbiq ediləcək. Bu hallar təkrar törədildikdə, eyni zamanda mütəşəkkil dəstə və cinayətkar birlik tərəfindən törədildikdə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Qanun layihəsinə görə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya, hədələmə, onlar barədə rüsvayedici məlumatlar yayma, əmlaklarını tələbetmə hədələməsinə görə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq. Bu hal həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq edilməklə törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma olacaq.

Etikxeber.az

Read Previous

Yaşayış və qeyri-yaşayış tikintisi ilə bağlı şərtlər və qaydalar dəyişdirildi

Read Next

Çingiz Qənizadə: “Hələ də televiziyalara bəzi ƏDV-lər tətbiq olunur…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir