İki ayağından ağır yaralanan, bədənindən bir banka qəlpə çıxarılan, əsgərləri ilə 100-dən çox ermənini cəhənnəmə göndərən, Dastan yazan-“CƏSUR DÖYÜŞCÜ” MEDALLI QAZİ ELNUR XƏLİLOV… – KAMİL HƏMZƏOĞLU YAZDI

Haqqında bəhs edəcəyim Qəhrəmanımız İkinci Vətən Müharibəsinin, İkinci Qarabağ Savaşının İgidlərindən, Aslanlarından, Qazilərindən, 3 Milli Qəhrəmanı və 1 “Vətən Müharibəsi Qəhrəmanı” olan, hər iki savaşda üst-üstə 30-dan çox Şəhid verən Qəhrəman Qızılhacılımın Qorxmaz övladlarındandır…

Onun haqqında bir neçə dəfə şəxsi “Facebook” səhifəmdə də yazmışam, qeyd etmişəm…

Gerçəkdən qarşısında baş əyiləcək bir Oğuldur…

Onu da, etiraf edim ki, son günlərdə tanımışam…

Daha doğrusu, haqqında, İgidliyi, Qəhrəmanlığı barədə bir müddət öncə-Mingəçevirdən, dayımoğlugildən kəndimizdəki evimizə qayıdarkən taksi sürücüsü işləyən bir kəndçimizlə (həm də qohumumuzdur) yolboyu-təsadüfən söhbət zamanı eşitmişəm, bilmişəm…

Onu da deyim ki, son 31 il ərzində Bakıda yaşadığım üçün kəndimizdəki (Qızılhacılı qəsəbəsindəki) gənc, yeni nəsli demək olar ki, yaxşı tanımıram…Kənd də ki, kənd…Maşallah, ucu-bucağı yox, əhalisinin sayı da çox…

Bəli, Ağalar adlı kəndçimiz-qohumumuz söhbət zamanı bildirdi ki, həm qonşuları, həm də qohumları Elnur Bakıdan yenicə qayıdıb, müalicə aldığı hospitaldan müvəqqəti olaraq evlərinə, məzuniyyətə göndərilib və bir müddət sonra növbəti dəfə Bakıya-müalicəyə, əməliyyata qayıdacaq…

Həm də dedi ki, Elnur çox ağır yaralanıb, bədənindən hardasa bir banka qəlpə çıxarılıb…

Ağalar danışdıqca həm İgidimizin mərdliyindən, qəhrəmanlığından fəxr hissi keçirir, fəxarət duyurdum, həm də doğrusunu deyim ki, pis olurdum, üzülürdüm…

Və elə həmin andan da onunla görüşmək, haqqında geniş yazmaq marağı məndə oyandı…

Sonra dayımgildə olarkən, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyən bibim (dayımın yoldaşı) Elnur barədə danışdı, dedi ki, yeni kəndə qayıdıb, istəyirsən onunla görüş, yaz…

Daha sonra kəndimizin ziyalı, təəssübkeş oğlullarından olan ictimai fəal, Şəhid və Qazilərimizlə bağlı sosial şəbəklərdə mütəmadi çıxışlar, paylaşımlar edən Azad Həsənovun paylaşımlarından birində Elnurun fotosuna rast gəldim, haqqında oxudum və qərara gəldim ki, Qəhrəmanımızla mütləq görüşüm…

Bakıya qayıdıb, sonra yenidən kəndə dönmək və Elnurla danışıb, görüşmək fikrim var idi…

Amma məlum koronavirus, gediş-gəlişin məhdudlaşdırılması səbəbindən kəndə dönüşüm, Elnurla görüşüm təxirə düşməli oldu…

Axır-dünən axşam Elnurun özünə (mesaj qutusuna) yazıb, haqqında geniş yazı hazırlamaq fikrində olduğumu bildirdim və beləliklə, telefon (vatsap) vasitəsi ilə onunla qiyabi də olsa, tanışlığımız, söhbətimiz baş tutdu…

Cavan, gənc olmasına baxmayaraq, artıq səsində, danışığında bir ağırlıq, bir zabit, hərbçi zəhmi, bir hökm, bir əzəmət var idi…

Həm Qələbədən duyulan sonsuz sevinc, həm də müharibənin ağrı-acısından doğan bir hüzn…

Həm də sanki bir natiq danışırdı, fikirlərini olduqca səlis, dolğun ifadə edirdi…

Qeyd edim ki, rütbəcə leytenant olan Elnur İkinci Vətən Müharibəsinin elə ilk günündən, ilk dəqiqəsindən döyüşə atılıb əsgərləri ilə…

Sentyabrın 27-dən, oktyabrın 13-cən, yaralanan kimi, əsgərləri ilə birlikdə böyük igidliklər göstərib, qəhrəmanlıqlar nümayiş etdirib, düşmənlərin, qaniçən ermənilərin qorxulu röyalarına dönüb, onların başlarına sözün əsl mənasında od ələyib, onları cəhənnəmə vasil ediblər…

Oktyabrın 13-ü isə İgidimizin son döyüş günü olub, Gülüstan qalası ətrafında düşmənlə qızğın döyüşlərdə ağır yaralanıb…

Qəhrəmanımız deyir:

“İncə çayını keçdik, o əraziləri nəzarətə götürdük, sonra Gülüstan qalasını keçdik. O ətrafda çox ağır döyüşümüz oldu, Kəlbəcərə də çox az qalmışdı…Və birdən ağır yaralandığımı hiss etdim, 6 saat qan itirdim…Ayın 13-dən bu günə kimi də müalicələrim davam edir…”

Bu yerdə xatırladım ki, Elnur Rizvan oğlu Xəlilov 1993-cu ilin aprelin 4-də Goranboyun Qızılhacılı qəsəbəsində-sadə bir ailədə anadan olub.

2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU-ya) daxil olub və oranı müvəffəqiyyətlə bitirib.

Bir il öncə, 2019-cu ildə isə leytenant hərbi rütbəsi alıb.

Qəhrəmanımız daha sonra deyir:

“Bizim döyüş yolumuz dedikdə, hər şey oldu… Hər şey çətinliklə, zorluqla olsa da, oldu. Yenə də Allahın bu gününə şükür.İlk, yaralandığım vaxtlar döyüşdən qaldığıma görə, çox pis olurdum. Hər gün pisimə gəlirdi ki, axı, niyə döyüşdə deyiləm, niyə döyüşdə olmayım?! Çünki orada məni gözləyən əsgərlərim, digər hərbi qulluqçularım var idi. Tabeliyimdə olan insanlar məni gözləyirdilər. Onlar necə deyərlər, mənim idarəçiliyimə öyrəşmişdilər.

Biz də Allahın böyüklüyünə şükür ki, mənfur düşmənə necə lazımdırsa, öz cavabımızı verdik. Yüzə yaxın erməni şərəfsizinin bu dünyadan, Yer üzündən silinməsində, cəhənnəmə vasil, gorbagor olmasında başlıca rol oynadıq.

Onu da etiraf edim ki, döyüş əmri verilən ilk vaxtlar içimdə bir balaca narahatçılıq var idi. Çünki tabeçiliyimdə olanlara, onların arxada gözləyənlərinə görə, narahatçılıq keçirirdim. Ancaq onlarda döyüş ruhunu, döyüş əzmini gördükdən sonra, sadəcə, bütün amallarının Vətəni qorumaq olduğunu hiss etdim, buna tam əmin oldum və elə ona uyğun da hərəkətlər etdik, vuruşduq, döyüşdük.

Düzdür, Şəhidlərimiz də oldu, amma buna baxmayaraq, yenə də öz yolumuzdan, öz tutduğumuz bu iradəli yoldan dönmədik. Allah bütün Şəhidlərimizə rəhmət etsin. Allah bütün Yaralılarımızın, Qazilərimizin hamısına şəfa versin.

Həqiqətən çətindir, yəni, Şəhid, Şəhid ailəsi olmaq da çox çətindir, Yaralı, Qazi olmaq da çox çətindir. Həm də bunlar hamısı həyatda bizim qarşımıza çıxıbsa, deməli, Allahın bildiyi bir yol, bir iş var imiş ki, onları bizə nəsib etdi. Şəhidlik də hər insana nəsib olmur. Şəhidlik zirvəsi də Uca bir zirvədir, Ali bir tituldur.

Bizim davamız da Haqq, Qan davası idi. Birinci Qarabağ Savaşında və atəşkəs illərində haqsız yerə tökülən körpənin qanı, haqsız yerə tökülən vətəndaşın qanı…Bunlar hamısı bizi döyüşlərə atılmağa, içimizdəki o vətən sevgisini, vətən məhəbbətini alovlandırmağa gətirib çıxarırdı…İkinci Qarabağ Müharibəsi başlayanda da mənim çox yaxın dostlarım Şəhid oldu, əsgərlərim Şəhid düşdü. Çox istəyirdim ki, hamısı sağ-salamat evinə qayıtsın…Ancaq… Bütün bunlar hamısı düşmənə qarşı nifrətin yaranmasına, daha da alovlanmasına gətirib çıxarırdı…

Çox danışmaq istəmirəm. Elədiyimizi elədik, düşmənlərə, şərəfsizlərə vurduğumuz zərbələri də hər kəs gördü…Elədiklərimiz də qiymətləndirildi…Bunlara görə də Ali Baş Komandanımıza minnətdarıq. Allah Ali Baş Komandanımızı, Dövlətimizi, Millətimizi, Əsgərimizi qorusun! Allah bu Zəfəri, bu Qələbini bizə çox görməsin!”.

Həmçinin onu da qeyd edim ki, göstərdiyi igidliyə və qəhrəmanlığa görə, Elnur ölkə Prezidenti tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

O, həm də Qızılhacılının “Cəsur döyüşçü” medallı 14 İgidindən biridir…

İgidimiz yaxın günlərdə, 2021-ci ilin yanvarın əvvəllərində yenidən Bakıya dönməyə, növbəti müalicə kursu keçməyə, növbəti əməliyyata hazırlaşır...

Allah İgidimizin-Elnurun şəfasını versin, tezliklə sağlığına-sağlamlığına, ailəsinə, onu gözləyən əsgərlərinə qovuşdursun…

Fəxrimizsən, qürurumuzsan İgid, Mərd Elnur…

Allah səni və cəmi İgidlərimizi qorusun!

Milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gədəbəyi “Azərbaycanın Sibiri” adlandırırlar, ancaq rayonumuzun 30-dan artıq kəndi hələ də qazla təmin edilməyib”-SEVİNC HÜSEYNOVA HÖKUMƏTDƏN, AİDİYYATI QURUMLARDAN BU MƏSƏLƏNİN HƏLLİNƏ DƏSTƏK VERİLMƏSİNİ XAHİŞ ETDİ

Read Next

Büdcə müzakirələri ayın 28-də davam etdiriləcək-BU DƏFƏ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏLƏR OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir