44 günlük İkinci Vətən Müharibəsində, tarixi Qələbə və Zəfərimizdə payı, əməyi olanlardan biri də Biləsuvarlı Vətən sevdalısı İldırım Sirac oğlu Qəhrəmanovdur…
Evin-ailənin tək oğlu, iki bacının tək qardaşı-24 yaşlı İldırım…
Cəmi 21 yaşında ölümü belə göz önünə almış, Vətəni yolunda sağlamlığından keçmiş İgid, Qəhrəman Azərbaycan övladı İldırım Sirac oğlu…
İldırım 1999-cu ilin iyul ayının 9-da Biləsuvar rayonunun Xırmadanlı kəndində sadə, kasıb bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından biri, iki bacının tək qardaşıdır…
2006-2017-ci illərdə Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən 1 saylı tam orta məktəbdə təhsil alıb…
Təhsilini bitirdikdən bir müddət sonra isə həqiqi hərbi xidmətə, Əsgərliyə çağırılıb və 2017-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
2019-cu ilin aprelində Əsgərliyini başa vurub yenidən evinə, ailəsinə dönüb…
2020-ci ilin 21 sentyabr tarixində isə hərbi səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Füzuli, Xocavənd, Hadrut istiqamətlərində döyüşüb…
Gözü ilə odlar görüb…
İki dəfə-birinci dəfə Füzulidə, ikinci dəfə isə Xocavənddə ağır kəllə-beyin travması alıb, ölümlərdən dönüb…
Və İkinci Vətən Müharibəsindən düz iki ay sonra, 2021-ci ilin yanvar ayının 11-də Ordudan təxris olunub…
Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltid olunub…
O, həm də evlidir, bir il olar ki, ailə həyatı qurub…
Atası 3-cü qrup əlil, anası isə evdar qadındır…
Hazırda Biləsuvarda “AL market”də işləyir…
Eyni zamanda, səhhətində xeyli problemlər var, müharibənin fəsadları özünü göstərməkdədir…
Dünən, 23 avqust 2023-cü il tarixində özüm şəxsən bunun şahidi oldum…
“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin Biləsuvar rayonunda Qazilərlə bağlı təşkil etdiyi görüşdə iştirak edənlərdən biri də İldırım idi…
Çıxış edərkən səhhətindəki problemlər-əllərinin əsməsi, titrəməsi, kəkələməsi, emosionallıq…özünü açıq şəkildə göstərdi…
Hətta halı da dəyişdi çıxışının sonunda…
Və səhhətində gözlə görünən problemlərə, müharibənin fəsadlarına rəğmən çox təəssüflər olsun ki, bugünədək əlillik dərəcəsini də ala bilməyib…
Bu məsələdə özündə də səhlənkarlıq olub…
Ancaq bununla belə, İldırımın ciddi müalicə-müayinəyə, o cümlədən əlillik dərəcəsi almasına ehtiyacı var…
Eyni zamanda, təəssüf edilməli məqamlardan biri isə odur ki, Ordudan təxris olunduqdan sonra Biləsuvar rayon İcra Hakimiyyətinə işlə bağlı müraciət etsə də, o, işlə təmin edilməyib və özü “AL market” mağazasında işə düzəlməli olub…
Həmçinin, rayonun müvafiq qurumları tərəfindən ötən müddətdə nə özü, nə də ailəsi ilə düz-əməlli maraqlanan olub…
Ancaq Vətən sevdalımıza, Qazimizə belə münasibət düzgün və qəbuledilən deyil, onunla ciddi şəkildə maraqlanılmalı, dəstək göstərilməlidir…
Bu, həm də aidiyyatı qurumların və məsul şəxslərin birbaşa borcudur!
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az