Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində, Salyan yolu küçəsində yaşayan Şəhid xanımı İradə Abbasova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyevə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət ünvanlayıb.
Etikxeber.az müraciəti olduğu kimi təqdim edir:
“Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Yazıb Sizlərə bildirmək istəyirəm ki, mən-əslən Quba rayonundan və Qobustanlı olan İradə Abbasova Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində, Salyan yolu küçəsi bina 25, mənzil 24-də yaşayıram. Bir övlad-bir qız anasıyam. Həm də ən əsası Şəhid ailəsi, Şəhid yoldaşıyam. Həyat yoldaşım Nizami Bağır oğlu Abbasov Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.
1992-ci ilin oktyabrında ailə həyatı qurmuşam və cəmi bir il 4 ay sonra, 1994-cü ilin fevralında həyat yoldaşımı itirmişəm. Həyat yoldaşım cəmi 26 yaşında və tək övladının üzünü belə görmədən Vətən yolunda Şəhid olub. Həyat yoldaşımın Şəhidliyindən cəmi günlər sonra dünyaya gələn tək qızım isə ata üzünə, ata nəvazişinə həsrət qalıb.
Hazırda yaşadığımız iki otaqlı və şəraitsiz, böyük təmirə ehtiyacı olan mənzilimizi də 1999-cu ildə Şəhid ailə olaraq, bizə veriblər. 23 ilə yaxın həmin mənzildə yaşamışıq. İndi həmin mənzilin ciddi, əsaslı təmirə ehtiyacı var. Ancaq maddi durumumuz buna heç cür imkan vermir.
Çox hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Sevimlimiz və dəyərlimiz Mehriban xanım!
Sizlərə müraciət ünvanlamaqla, yaşadığımız mənzilin təmiri məsələsinə köməklik göstərməyinizi xahiş edirəm. Çünki iki ilə yaxındır ki, yollarda, kirayələrdə qalmışıq. Kirayə pulunu belə vaxtlı-vaxtında ödəyə bilmirik. Aldığımız pul, qazancımız da gündəlik tələbatımıza güclə yetir. Qaradağ rayon İcra Hakimiyyəti və Mənzil-İstismar İdarəsi tərəfindən mənzilmizin təmirinə söz verilsə də, ötən müddətdə heç bir addım atılmayıb. Hər dəfə gah bol vədlər verilib, gah da yola verilmişik. Dəfələrlə Prezident Administrasiyasında, şöbə müdirlərindən birinin özünün və köməkçisinin qəbulunda olsam da, sözlər, tapşırıqlar verilsə də, yenə də heç bir nəticəsi olmayıb.
Mənzilmiz bu dəqiqə uçulub-dağılmış, bərbad vəziyyətdədir, özümüz də ana-bala yollarda, kirayələrdə qalmışıq. Mənzilimiz təmir olunmur ki, köçək evimizə-ocağımıza, yollardan da, məmur qapılarında qalmaqdan da, kirayələrdən də canımız qurtarsın.
Ona görə Sizlərdən öz səlahiyyətlərinizdən istifadə edərək, mənzilmizin təmiri məsələsinə köməklik göstərməyinizi, bizi yollarda, kirayələrdə qoyanlara, aidiyyatı qurum və səlahiyyət sahiblərinə göstəriş və tapşırıqlar verməyinizi xahiş və rica edirəm. Məmurlarımızın bir Şəhid ailəsinə, iki xanıma qarşı bu cür münasibəti düzgün deyil, yolverilməz və qəbuledilməzdir. Başımızın sahibi sağ olsaydı, bunlara ehtiyac qalmazdı. Odur ki, bu məsələdə dəstəyinizi, köməkliyinizi istəyir və gözləyirəm.
Öncədən də Sizlərə öz minnətdarlığımı ifadə edirəm. Allah Sizləri qorusun!”
Etikxeber.az