İki övlad, iki oğul-Biri Şəhid, biri…Dərdli-ümidli…Nəhayət ana… – KAMİL HƏMZƏOĞLU YAZIR

Həyat çox amansız, acımasız, dünya çox fani və qəddardır…

Minbir əziyyətlərlə, əzablarla böyüdüb böya-başa çatdırdığın övladını, canının yarsını, əzizini “uff” demədən bir gün, bir anın içindəcə səndən alıb, qoparıb aparır…

Bütün acılı-şirinli anlarını, yaşantılarını, xatirələrini, ümidlərini də çilik-çilik edir…

Rəhm etmir-nə sənə, nə də əziyyətini çəkdirdiklərinə…

Bəli, həyat belə həyatdır-etibarsız…

Bəli, dünya belə dünyadır-güvənsiz…

***

13 noyabr 2020-ci il…Qızılhacılı…

Həmin gün, səhər saatlarında eşitdiklərimdən hələ də şok içindəyəm, hələ də eşitdiklərimin yanğısı, təsiri altındayım…

Əmim qızı Rəsmiyyə bizə gəlmişdi, işi vardı, müharibədən söz düşmüşdü…

Dedi ki, kürəkənlərindən biri ( həm də 3 körpə atasıdır) könüllü müharibəyə gedib, hələ də qayıtmayıb, hazırda da Şuşadadır…

Gördüm çox narahat, pərişandır, dedim ki, darıxma, inşallah, qayıdıb gələr, həm də fəxr et ki, belə igid kürəkənin var, hamımızın fəxridir…

Güldü, birlikdə güldük, bir balaca özünə gəldi…

Sonra çox yanğılı şəkildə dedi ki, bəs keçmiş iş yoldaşının (Qızılhacılı sovetliyinə daxil olan Süleymanov (Ballıqaya) kəndindəndir, hazırda da Mingəçevirdə yaşayır) – Nəhayətin iki oğlu müharibədədir, biri Şəhid olub, digərindən də xəbər yoxdur…

Hər ikisi də, hər iki qardaş da elə müharibə başlayan kimi, səfərbərliyə cəlb olunublar, birbaşa döyüşə göndəriliblər…

Biri Talış-Tap-Qaraqoyunlu, biri də Gülüstan tərəfdə olub, vuruşub…

Hər ikisinin də iki övladı-Şəhid Musanın iki qızı, Turalın isə iki oğlu var…

Musanın ikinci qızı, 9 aylıq İncinin də anadan olandan səhhətində problemlər var…

Bunları eşidərkən sanki dünyamdan, varımdan-yoxumdan oldum…

O dünyaya gedib, bir də bu dünyaya qayıtdım…

Zülmlə-zillətlə iki övlad, iki oğul böyüt, ikisi də…

Davamını gətirmək çox çətindir, çox…

***

17 noyabr 2020-ci il…Bakı…

Bu gün Nəhayət xanımla əlaqə saxladım…

Çox sağ olsun, kəndçimiz Nazilə xanım dünən zəng edib, nömrəsini mənə vermişdi…

Nömrəsini yığarkən, danışarkən də, bir Allah bilir, Allah şahiddir nələr çəkdim…

Necə, nə cür təsəlli verəcəyimi belə bilmirdim…

Sözün bitdiyi yerdir, sözün bitdiyi yerdəydim…

Nəhayət xanımın üzünü-kədərli çöhrəsini görməsəm də, danışığından,səsindən, sözlərindən kədər, dərd, ah-nalə yağırdı…

Tox tutmağa çalışsa da, ağlmaqdan özünü saxlaya bilmirdi…

Necə də ağlmasın, necə də sızlamasın…

İki oğul…Biri Şəhid, birindən də bir ay 17 gündür ki, xəbər-ətər yox…

Kim dözər buna?!

“Musanı noyabrın 5-də torpağa tapşırdıq…Yaşasaydı noyabrın 25-də 25 yaşı tamam olacaqdı…İki övladı qalıb…İkisi də qız…Böyük qızı Ruqəyya 3 yaşının içindədir, balaca qızı İncinin isə heç bir yaşı yoxdur…Özü də anadangəlmə xəstədir (səsi titrəyir, ağlayır)…Dərdim çəkilməzdir…”-deyən Nəhayət xanım, Nəhayət ana böyük oğlu Turalın isə 1994-cü ilin iyul ayının 16-da anadan olduğunu bildirir və qeyd edir ki, onunla axırıncı dəfə sentyabrın 30-da, müharibənin 4-cü günündə danışdıqları olub, ondan sonra onunla heç bir əlaqə yaratmaq mümkün olmayıb:

“Axırıncı dəfə onunla sentyabrın 30-da danışdıq, dedi ki, ana, yaxşıyam, narahat olmayın, vəssalam…Ondan sonra Turaldan heç bir xəbər ala bilmirik…Deyilənə görə, ağır yaralanıb və əsir götürülüb…Nə deyim…Elə deyirlər…Heç bir xəbər yoxdur balamdan (ağlayır)…Məni də, atasını da, balalarını da gözüyaşlı qoydular…”.

Böyük qardaş Turalın da iki övladı-iki oğlu var: böyük oğlu və atasının (babasının) adını daşıyan Tapdıq 5 yaşının, ikinci oğlu Hüseyn isə 3 yaşının içindədir…

Bir xeyli danışdım Nəhayət xanımla…

Bir daha başsağlığı verdim…

“Allahdan ümid kəsilməz, inşallah, Turaldan yaxşı xəbər alarsız, sağ-salamat evinə, ailəsinə dönər, hamını sevindirər”-deyə, təsəlli verməyə çalışdım…

Həmin an bir ah çəkdi ki…Yeri-Göyü inlətdi…

İçim, ruhum sızladı, göyüm-göyüm göynədi…

Nur içində yat, Şəhidim, məkanın çənnətlik olsun, Şəhid balam, məzarın beşitlik olsun, Musam!

Qanın, qanınız yerdə qalmayıb və qalmayacaq!

Allah səni tezliklə ailənə, gözüyaşlı atana, anana, həyat yoldaşına, iki oğluna qovuşdursun, Turalım, Tural balam!

Allahdan ümid kəsilməz!

14:19, 17 noyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Osman Mirzəyev, Alı Mustafayev, Vaqif Cəfərov, Vəli Məmmədov…-20 NOYABR TERRAKTINDAN 29 İL KEÇİR…

Read Next

“Biz illərin mifini yox etdik…”-ELDƏNİZ SƏLİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir