İki qardaş…Həm Aprel döyüşlərinin, həm İkinci Qarabağ Savaşının gerçək İgidləri…3 aydan çoxdur müalicə alan, nitqində, görməsində…problemlər yaranan, yaxın günlərdə də Türkiyəyə göndəriləcək-QAZİ AQİL VAHİD OĞLU EMİNOV!

Aqillə-Qazimizlə, Qəhrəman Qızılhacılımın daha bir İgid balası ilə demək olar ki, hər gün əlaqə saxlayıram, zəngləşirəm, mesajlaşıram…

Bir neçə gün öncə həkimi ilə də danışmışdım, daha doğrusu, neorocərrahla…

Çünki Aqilin bəzi əndişələri vardı səhhəti ilə bağlı…Yenidən əməliyyat olunacağı, başına “kauçuk” qoyulacağı və onun sıxılacağı halda, bədəninin bir tərəfinin tutulacağından, iflic olacağından ehtiyatlanırdı…

Həkimi-cərrahı isə hələlik onlarlıq bir məsələ olmadığını, Aqilin hələlik nevropotoloq müayinə və müalicəsindən, mərhələsindən keçdiyini və yalnız bundan sonra əməliyyata qərar veriləcəyini bildirdi… Eyni zamanda, əlində-ayağında müəyyən üyüşmələr olsa da, gələcəkdə iflic təhlükəsinin olmadığını, olmayacağını dedi…

Sual etdim ki, burada alınmasa, Türkiyəyə göndərilə bilərmi, dedi ki, hələlik buna ehtiyac yoxdur, bu barədə dəqiq bir söz deyə bilməz, hər şey gələcək dönəmdə məlum olacaq və qərar veriləcək…

Bu gün yenidən Aqillə əlaqə saxladım, daha doğrusu, yolda, avtobusda olduğum üçün mənə səsli mesaj yolladı və bildirdi ki, artıq bir neçə günə Türkiyəyə-əməliyyata göndəriləcək, həkimlər belə qərara gəliblər…

Səsində də bir sevinc hiss olunurdu…

Mənə də, hörmətli, dəyərli millət vəkilimiz Zahid Oruca da minnətdarlığını, ona dəstək olduğumuza görə, təşəkkürlərini ifadə etdi…

Mən də bir daha dedim ki, təşəkkürə, minnətdarlığa heç bir ehtiyac yoxdur, şəxsən öz adıma-borcumdur…

Biz ona minnətdarıq, biz ona borcluyuq… Aqilə və Aqil kimi Vətən Oğullarına, İgidlərinə…Bizlərdən ötrü gözlərini qırpmadan sağlamlıqlarını itiriblər…

Onu da qeyd edim ki, Aqil Suqovuşan istiqamətində, oktyabrın ortalarında ağır yaralanıb…

Ağır yaralanıb demək özü də azdır, 100 faizlik ölümün eşiyindən dönüb, bir neçə yerindən, xüsusilə də, başından, beyin, alın nahiyəsindən ağır yaralanıb, travma alıb, nitqində, görməsində problemlər yaranıb…

Uzun müddət hospitalda, sonra isə evdə qaranlıq otaqda müalicə keçib, dekabrın 29-dan isə yenidən Bakıda-hospitalda müalicəsini davam etdirir…

Kiçik çavuş Aqil həm də Aprel döyüşlərinin iştirakçısıdır, Talış istiqamətində döyüşüb, vuruşub…

İkinci Vətən Müharibəsində də ilk saniyədən müharibənin ən ağır, ən qaynar-Talış-Suqovuşan bölgəsində döyüşüb, qəhrəmanlıqlar göstərib…

Aqilin qardaşı gizir Şəhriyar Vahid oğlu Eminov da həm Aprel döyüşlərinin, həm İkinci Vətən Müharibəsinin gerçək Qəhrəmanlarındandır…

Cocuq Mərcanlının azad edilməsində iştirak edib, eyni zamanda, İkinci Vətən Müharibəsində bir neçə bölgəmizin murdar düşmənlərdən azad olunmasında öz Şücaətini göstərib…

İki qardaş, ikisi də Savaşçı, ikisi də Qəhrəman…İkisi də ailəli, ikisi də övlad atası…

Kənddə-Qızılhacılıda da qonşuyuq, qohumluğumuz da çatır…

Hər ikisi də Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medalına layiq görülüb…

Allah ikisinə də kömək olsun, Aqilin də tezliklə şəfasını versin, tezliklə sağalıb ailəsinin, şagirdlərinin ( ali təhsilli müəllimdir) yanına dönsün…

3 aydan çoxdur çəkdiyi zəhmətlər, əzablar, əziyyətlər…hədər getməsin…

Amin, milyon kərə Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Gəlsinlər, getsinlər, biz isə öz işimizi davam etdirək…”-POLİTOLOQDAN FƏRQLİ YANAŞMA

Read Next

Daha 380 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir