“İkinci erməni dövlət olmayacaq, buna imkan verilməyəcək…” – MİLLƏT VƏKİLİ

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllər, xüsusilə məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi ciddi narahatlıq doğurur.

“Ermənistan rəhbərliyinin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməkdir. Son vaxtlarda, xüsusilə Ermənistanın baş nazirinin 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsini deməsi Ermənistanın əsl məqsədinin işğalçılıqdan başqa bir şey olmamasının bariz nümunəsidir. İndiyə qədər Ermənistan tərəfi hərbi işğal və anneksiya siyasətini öz üzərindən ataraq bunu Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etmək formasında pərdələməyə çalışırdı.

Yəni, Ermənistanın baş naziri bir tərəfdən əsassız olaraq “Qarabağ xalqı” adından danışıqlar aparmaq səlahiyyətinin olmadığını deyir, digər tərəfdən isə Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu iddia edir. Qeyd etmək vacibdir ki, uzun müddət Ermənistan xalqların öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışırdı. Ancaq ermənilər öz müqəddəratını təyinetmə hüququndan hələ əsrin əvvəllərində ən yüksək səviyyədə istifadə edərək özlərinin müstəqil dövlətini – Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağ bölgəsinin erməniləri isə müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə, milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz.

Müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, Azərbaycan prezidenti cənab İlham Əliyevin bir neçə dəfə bəyan etdiyi kimi, ikinci erməni dövlət yaradılmasına imkan verilə bilməz və verilməyəcək. Həmçinin, dövlət başçısının vurğuladığı kimi, ermənilər bir dəfə öz müqəddəratını təyinetmə hüququndan istifadə ediblər və tarixi Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaradıblar. İndiki Ermənistan adlı dövlət ermənilərin, daşnakların və onların himayədarlarının qurduğu oyunlarla, fintəkarlıqlarla tarixi Azərbaycan-türk torpaqları – İrəvan xanlığı, Göycə, Zəngəzur, Dərələyəz, Vedibasar mahalları üzərində qurulub.

ELDENIZ-1

Odur ki, ermənilərə artıq ikinci dövlət yaratmağa, özü də yenə tarixi Azərbaycan torpaqlarında, Qarabağda və ona bitişik ərazilərdə yaratmağa imkan verimək olmaz və birmənalı olaraq da, imkan verilməyəcək, onlara belə fürsət, şans tanınmayacaq, 20-ci əsrin əvvəllərində məcburiyyət qarşısında və mövcud şərtlər daxilində olsa belə, yol verilən xətalar təkrarlanmayacaq. İstər paşinyanlar olsun, istərsə də digər “yanlar”, onların Qarabağ arzuları gözlərində qoyulacaq, xəyalları xəyal olaraq qalacaq.

İşğala və təcavüzə məruz qalsaq da, bu gün ermənilərin və Ermənistanın qarşısında güclü, qüdrətli, inkişaf etmiş Azərbaycan dövləti var. O Azərbaycan ki, nəinki region dövlətləri, bütövlükdə dünya, aparıcı Qərb dövlətləri onunla hesablaşırlar, onun sözünü, rəyini nəzərə alırlar. O  Azərbaycan ki, bu bölgədə onun icazəsi və razılığı olmadan heç bir transmilli və qlobal layihə həyata keçirilmir.

O Azərbaycan ki, məhz onun istəyi və iradəsi ilə işğalçı və təcavüzkar Ermənistan bütün layihələrdən kənarda saxlanılıb. O  Azərbaycan ki, uğurlu Aprel döyüşlərində, Cünnüt və bugünlərdə həyata keçirilən Qazax əməliyyatında hərbi gücünü, qüdrətini, nəyə qadir olduğunu və ola biləcəyini hər kəsə, ermənilərə, Ermənistana, onun açıq və gizli havadarlarına nümayiş etdirdi. O Azərbaycan ki, hərbi qüdrətini, hərbi büdcəsini ildən-ilə artırır, döyüş qabiliyyətini gündən-günə yüksəldir. O Azərbaycan ki, onun hərbi büdcəsi Ermənistanın bütövlükdə büdcəsinə bərabərdir. O Azərbaycan ki, ordusu dünyanın 50 güclü ordusu sırasındadır və sair və ilaxır.

Bu baxımdan, indi ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycan deməkdir və bu, hər zaman belə olacaq, kimsənin bu tarixi həqiqəti və reallığı dəyişdirməyə gücü yetməyəcək. Buna Azərbaycan xalqı və qüdrətli, güclü Azərbaycan dövləti imkan, izn verməyəcək və bir gün gələcək Azərbaycanın suvren hüquqları Qarabağ və ona bitişik işğal altındakı digər ərazilərdə də təmin olunacaq. O gün də uzaqda deyil…”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Minimum aylıq əməkhaqqı artdı – 950 MİN İNSANI ƏHATƏ EDƏCƏK

Read Next

Reproduktiv sağlamlıq və orqan donorluğu ilə bağlı qanun layihələri – BİRİNCİ OXUNUŞA ÇIXARILA BİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir