İkinci Qarabağ Savaşının 30 sentyabr Şəhidi: PEŞƏKAR HƏRBÇİ, 4 MEDALLI, 3 ÖVLAD ATASI RAMİL QULİYEV – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi Ramil Nuralı oğlu Quliyevin Anım Günüdür.

Ramil Quliyevin bu gün Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından iki il keçir.

Bu gün Ramil Quliyevin torpağa tapşırılmasının ikinci ildönümüdür.

Etikxeber.az xəbər verir ki, Ramil Quliyev 1980-ci ilin 10 dekabr tarixində Kürdəmirin Qarasu kəndində anadan olub.

Ancaq onun kimliyində (pasportunda) təvəllüdü, doğum günü 1981-ci ilin 28 yanvar tarixi kimi qeyd olunub.

Ramil Quliyev 1987-1998-ci illərdə Qarasu kəndində Şəhid Elşad Qurbanov adına orta məktəbdə oxuyub.

Orta məktəbi qurtardıqdan bir müddət sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra-2001-ci ildə Gizirlik kursunu oxuyub, həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb.

20 il ərzində də peşəkar hərbçi kimi qüsursuz xidmət edib.

Və qüsursuz xidmətə görə, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.

20 ilinin tamamında, xidmət müddəti başa çatdıqda isə xidmət müddətini, müqaviləsini daha iki illiyinə uzatdırıb.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Baş gizir kimi döyüşlərə atılıb…

…Və sentyabrın 30-da Füzuli istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ramil həm də ailəli, 3 övlad atası olub.

Qeyd edək ki, Şəhidin ailəsi-övladları hazırda Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayır

***

Anım Günü, Əbədiyyətə uğurlanmasının ikinci ildönümü ilə bağlı bu gün Qarasu kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Eyni zamanda, ziyarətdən sonra Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Ehsan süfrəsində, Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, hərbçi, döyüş yoldaşları, Kürdəmirli Şəhid ailələri və başqa şəxslər iştirak ediblər.

Şəhidin ruhuna bir daha dualar oxunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Araşdırma başa çatan kimi Tofiq Yaqublu sərbəst buraxılacaq-DİN

Read Next

Məktəbli qızlara liderlik təlimləri keçiləcək-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir