İkinci Vətən Müharibəsi-ARXA CƏBHƏDƏ YAŞANANLAR, GÖSTƏRİLƏN FƏDAKARLIQLAR VƏ YA HACIQABULDA GÖRDÜKLƏRİM… – FOTOLAR

İkinci Qarabağ Savaşının, İkinci Vətən Müharibəsinin bir ayı artıq arxada qaldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli və şanlı Azərbaycan Ordusu ötən bir ay ərzində düşmənə qan undurmaqda, 27-28 il ərzində işğal altında olan ərazilərimizi bir-bir, qarış-qarış, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər azad etməkdədir, dastan yazmaqdadır.

Sentyabrın 27-dən bu yana Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Ağbənd qəsəbələri, bütövlükdə 4 şəhər mərkəzi, 3 qəsəbə, 165 kənd murdar erməni tapdağından azad olunub.

Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü davam etməkdə, yeni Qələbələr, Zəfərlər yazılmaqda, düşmənə, faşist və terrorist Ermənistana, onun şimalll-cənublu, qərbli-şərqli havadarlarına əsl dərs verilməkdədir.

Bu yerdə qeyd edim ki, Vətən torpaqları uğrunda Səhid olanlarımız, ağır xəsarət alanlarımız, yaralılarımız, terrorizmə, vandalizmə məruz qalanlarımız, evləri-eşikləri, iş yerləri dağıdılanlarımız, maddi və mənəvi zərərlər görən mülki, dinc insanlarımız da var.

Allah Şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin!

Onu da mütləq şəkildə qeyd etmək istərdim ki, müqəddəs İkinci Vətən Müharibəsi başlayandan bütün Azərbaycan xalqı bir nəfər kimi ayaq üstədir, hamı səfərbərdir, Dövlətinin, Ordusunun, Ali Baş Komandanın yanındadır.

Nəinki ön cəbhədə, yağı düşmənlə üzbəüz, döyüşdə, səngərdə, eyni zamanda, arxa cəbhədə əsl vətəndaşlıq, əsl fədakarlıq nümunələri yaşanır və yaşanmaqdadır.

Kimin imkanı nəyə çatır, əsirgəmir, dövlətinə, Ordusuna, əsgərinə, yaralılarına, Şəhid ailələrinə, zərər çəkmiş insanlara kömək etməyə, əl uzatmağa, onları ruhlandırmağa, ovundurmağa çalışır.

Yəni, fədakarlıq təkcə ön cəbhədə göstərilmir, həm də sözün əsl mənasında arxa cəbhədə göstərilir.

Bugünlərdə Hacıqabul rayonunda olarkən, bir daha bunun əyani və canlı şahidi oldum.

Cəbhə bölgəsindən, Qarabağdan yüz kilometrlərlə uzaqda olaq bu bölgədə insanlar, sadə və sıravi hacıqabullular da Vətən, Dövlət, Millət, Ordu, Qələbə naminə əsl fədakarlıqlar göstərirlər.

Hacıqabulunun özünün də Şəhidləri, yaralıları var.

Ancaq obyektiv səbəblərdən müharibədə iştirak etməyən, cəbhədə olmayan hacıqabullular, Hacıqabul gəncləri, ziyalıları da Ordu, Qələbə üçün əllərindən gələni etməyə cəhd göstərirlər.

Şəhid ailələrinə, yaralılara, onlara baş çəkməyə gələn ailə üzvlərinə, yaxınlarına təmənnasız şəkildə həm mənəvi, həm də maddi dəstək olmağa çalışırlar.

Hətta, onlara gecələmək, qalmaq üçün evlərinin, ürəklərinin qapısını açanlar da az deyil, onlarladır.

Deyirlər ki, bu, bizim borcumuzdur, vəzifəmizdir, etməliyik, müharibədə, ön cəbhədə deyilksə, heç olmasa, ən azı arxa cəbhədə öz sözümüzü deyək, Vətənə, Dövlətə, Ordumuzun Qələbəsinə, Zəfərinə az da olsa, kömək edək, töhfə verək.

Təvazökarlıqlarından, səmimiliklərindən, ucakönüllülüklərindən adlarının da çəkilməsini, nə etdiklərinin açıqlanmasını da istəmirlər…

Ancaq elə adlar, elə simalar da var ki, onlar qeyd etməsək olmaz, düzgün çıxmaz, özü, özləri istəməsələr də…

Bunlardan biri də Səmayə xanım Piriyevadır.

O da Azərbaycan Ordusunun Qələbəsi, Zəfəri üçün öz imkanları dərəcəsində nəsə etməyə çalışır, fədakarlıq göstərir, insanları, yaxınlarını, Hacıqabul gənclərini bu müqəddəs işə səfərbər edir.

Hətta Hacıqabuldakı mənzilini Gəncə terraktlarından ziyan, zərər çəkmiş insanlarla bölüşməyə, onlara qulluq etməyə hazırdır…

Bəli, bunlarla qürur duymamaq, iftixar hissi keçirməmək mümkün deyil…

Hər bir bölgəmizdə olduğu kimi, Hacıqabulumuzda da qısa müddətdə gördüklərimlə, şahidi olduqlarımla fəxr duydum, qürurlandım.

Belə mərd, təmənnasız, vətənpərvər insanları olan Vətən heç zaman basılmaz və basılmayacaq.

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

19:56, 27 oktyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-Hacıqabul-Bakı

Etikxeber.az

Read Previous

“Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Bizi atəşkəsə və sülh danışıqlarının bərpasına çağıran Minsk qrupunun həmsədrləri Ermənistandan bunu tələb etmir…Görünən odur ki, onlar yenə də, sadəcə, atəşkəsin təmin olunması ilə münaqişənin həllinin qeyri-müəyyən vaxtadək uzanmasına maraqlıdırlar…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir