İkinci Vətən Müharibəsi Qazisi Amid Bayramov ölkə rəhbərliyinə müracət etdi: “İSTƏYİRƏM Kİ, HAQQIM OLAN “CƏSUR DÖYÜŞÇÜ” MEDALI İLƏ TƏLTİF OLUNUM, EYNİ ZAMANDA…”

Goranboy rayonunun Nərimanlı kəndində yaşayan İkinci Vətən Müharibəsi Qazisi Amid Bayram oğlu Ələkbərov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə və Müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edib.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Amid Bayram oğlu Ələkbərov Goranboy rayonunun Nərimanlı kəndindənəm. Ailənin iki övladından biri, evin tək oğluyam. Anam Çiçək xanım bizə həm ana, həm ata olub. Çox çətinliklərlə, əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırıb bizi. Dayım-Sərdar Əsədov Birinci Qarabağ Savaşı Şəhididir. Özüm isə könüllü olaraq, İkinci Vətən Müharibəsində iştirak etmişəm. Müharibə zamanı iki dəfə yaralanmışam, kəllə-beyin travması almışam.

Müharibədən sonra Müzəffər Ali Baş Komandanımız kimi Sizin müvafiq sərəncamlarınızla 3 medalla, o cümlədən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam. Buna görə də Sizə dərin minnətdarlığımı ifadə edirəm. Hazırda 3-cü qrup (beş illik) müharibə əliliyəm, həm də ailəliyəm, bir övladım var, inşallah, bir övladım da dünyaya gələcək”.

Müraciətdə sonra qeyd olunur:

“Çox hörmətli İlham Heydər oğlu!

Müraciət etməklə iki məsələdə mənə və ailəmə köməklik göstərməyinizi, dəstək olmağınızı Sizdən dönə-dönə rica və xahiş edirəm. Birinci xahişim “Cəsur döyüşçü” medalı ilə təltif olunmağımla bağlıdır. Üç ilə yaxındır gözləyirəm, amma təəssüflər olsun ki, aidiyyatı qurum və şəxslər adımı Haqqım olan “Cəsur döyüşçü” medalına təqdim etmirlər. Bu isə məni çox üzür və məyus edir. Ona görə Sizdən xahiş edirəm ki, növbəti sərəncamlarınızdan birində məni də “Cəsur döyüşçü” medalı ilə təltif edəsiniz. Sizdən çox xahiş və rica edirəm.

Eyni zamanda, çox şəraitsiz bir evdə yaşayıram. İki ilə yaxındır ki, təzə ev tikdirirəm. Ancaq müəyyən köməkliklər olunsa da, onu hələ də başa çatdıra bilmirəm. Bir Qazi kimi təzə mənzillə də təmin olunmamışam. Odur ki, təzə evimizin tikilib-başa çatdırılması üçün dəstək olmağınızı, aidiyyatı qurumlara (“YAŞAT” Fonduna, Sosial Xidmətlər Agentliyinə) müvafiq göstəriş və tapşırıqlar verməyinizi xahiş edirəm. İnanıram və əminəm ki, belə də olacaq, müraciətimdəkilər nəzərə alınacaq və öz müsbət həllini tapacaq.

Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi ifadə edirəm!”

Etikxeber.az

Read Previous

Bu gün Onun günüdür-hamının sevimlisi olan Səbinə Mehdiyevanın! SEVDİKLƏRİ, SEVƏNLƏRİ YENƏ ONUN İŞIĞINA, ONUN BAŞINA YIĞIŞIB… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Azərbaycan Ordusunun Şuşa, Kəlbəcər və Ordubad istiqamətlərindəki mövqeləri atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir