İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək, subay və ali təhsilli oğlu Siyavuş Muradovun-CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 33 YAŞI TAMAM OLUR…

Əslən Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Siyavuş Akif oğlu Muradovun doğum günüdür.

Siyavuş Muradovun bu gün 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin ailəsinin Zabrat qəsəbəsində yaşadığı evdə məclis düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, ruhuna dualar ediləcək.

Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Şəhid ailələri, “Odlar yurdu” qrupunun tanınmış üzvü Azər Hüseynov, “Dəmir Yumruq Alfa-A” Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı və digər şəxlər iştirak edəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, Siyavuş Muradov 1991-ci ilin avqust ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə, Sabunçu rayonunun Zabrat qəsəbəsinə köçüb, orada yaşayıblar.

Ailənin üç övladından biri,evin tək oğlu, iki bacının tək qardaşı olub.

Bacıları hazırda ailəlidir.

1997-2008-ci illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub, ali təhsilə yiyələnib.

Həqiqi hərbi xidmətə yollanıb, Vətənin keşiyində dayanıb.

O, idmançı olmaqla yanaşı, həm də musiqiçi olub.

Baş leytenat hərbi rütbəsini daşıyıb.

Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarında 3 il xidmət etdikdən sonra, Azərbaycan Ordusunda fəaliyyət göstərib və peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə olub.

Bir aya yaxın şərəfli döyüş yolu keçib.

 Füzuli, Xocavənd, Zəngilan, Qubadlı istiqamətlərində döyüşüb və 25 oktyabr tarixində, səhər saatlarında Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 26 oktyabr tarixində Beyləqan rayonunun Əmirzeyidli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra üç medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Atası Akif Muradov isə Birinci Qarabağ Savaşında iştirak edib, müharibə veteranıdır.

29 yaşında Şəhidlik məqamına ucalan Siyavuş həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Əhməd Kərimovun Cənnətdəki dördüncü doğum günü-MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, AİLƏSİNƏ “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Bu yollarda sıxlıq və tıxac var-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir