Daha bir Şəhid anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.
Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Murad Polad oğlu Musayevin anası Arzu Mədət qızı Seyidovaya “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim edilib.
Etikxeber.az xəbər verir ki, Şəhid anasına medal və vəsiqə bu gün, 11 may 2023-cü il tarixində- axşam saatlarında təqdim olunub.
Medal və vəsiqə təqdim olunmazdan əvvəl Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin ailə üzvləri tərəfindən Murad Musayevin Əmlirli kənd qəbiristanlığındakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Sonra Şəhidin ailəsinin ailəsinin yaşadığı evə-ocağa üz tutulub.
Bir daha ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-deyilib.
Sonra Şəhidin anası Arzu Seyidovaya “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.
Medal və vəsiqəni Şəhid anasına jurnalist Kamil Həmzəoğlu ilə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin bacısı Türkanə Qəribova təqdim ediblər.
Şəhid anası Arzu Seyidova da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlığını ifadə edib.
Qeyd edək ki, əslən ata tərəfdən Qərbi Azərbaycanlı, ana tərəfdən Kəlbəcərli olan Şəhid Murad Polad oğlu Musayev 2001-ci ilin 1 oktyabr tarixində Bərdə rayonunun Əmirli kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.
Murad həm də evin sonbeşiyi idi.
2008-2017-ci illərdə Əmirli kənd orta məktəbində, 2017-2019-cu illərdə isə Mingəçevir şəhərində yerləşən Kəlbəcər rayon 26 saylı tam orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən az sonra, 2019-cu ilin oktyabrında Əsgərliyə, hərbi xidmətə çağırılıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun-bir ilin Əsgəri kimi iştirak edib, Füzuli istiqamətində döyüşüb.
Axırıncı dəfə ailəsi ilə 2020-ci ilin sentyabr ayının 6-da görüşüb.
Telefon danışığı isə axırıncı dəfə sentyabrın 25-də, müharibədən iki gün öncə olub.
Və müharibənin ikinci günündə, sentyabr ayının 28-də Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi isə bir gün sonra, sentyabrın 29-da Əmirli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Eyni zamanda, Murad Musayev Əmirli kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
O, həm də subay olub.
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:












***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az