İkinci Vətən Müharibəsinin 13 noyabr Şəhidləri-HƏLƏ DƏ ORDEN HAQLARI TANINMAYAN MAYOR, ŞƏHİD VƏ QAZİ QARDAŞI EMİN SÜLEYMANOV VƏ AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ VÜSAL TEYMUROV… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən-Bakılı Vüsal Teymurov və İmişlili Emin Süleymanovun Anım günləridir.

Hər iki Şəhidin bu gün-13 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmalarından beş il ötür.

Etikxeber.az xəbər verir ki, 1991-ci ilin martın 4-də Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində anadan olan Vüsal Zakir oğlu Teymurov ailənin üç övladından, iki qardaşdan biri idi.

O, həm ali təhsilli, həm də subay olub.

Qardaşı və bacısı ailəlidir.

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə iştirak edib.

Döyüş yolu uzun olub.

Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı  Şuşa istiqamətlərində döyüşüb.

İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, Şuşa işğaldan azad olunan gün, noyabrın 8-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 5 gün sonra, noyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ancaq ailəsi Vüsal Teymurovun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

***

1977-ci ilin iyul ayının 21-də İmişli rayonunun Xubyarlı kəndində dünyaya gələn Emin Bəhmən oğlu Süleymanov ailənin 7 övladından biri idi.

Ailədə 5 qardaş, 2 bacı olublar.

İki qardaş və bir bacısını, o cümlədən atasını illər öncə itirib.

Qardaşlarından biri 20 Yanvar Şəhidlərindən, biri isə Birinci Qarabağ Savaşının Qazisi olub.

1983-1992-ci illərdə orta məktəbin rus bölməsində oxuyub, 1992-95-ci illərdə Cəmiş Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.

1995-99-cu illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsilə yiyələnib, ona Leytenant hərbi rütbəsi verilib.

Sonrakı illərdə Mayor rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

43 günlük şərəfli döyüş yolu keçib.

Şuşanın azad edilməsindən bir gün sonra, İkinci Vətən Müharibəsinin başa çatmasına saatlar qalmış, noyabr ayının 9-da isə Şuşa-Laçın dəhlizi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyi barədə isə həmin gün ailəsinə, həyat yoldaşına məlumat verilib.

Ancaq nəşi 4 gün sonra, 2020-ci ilin noyabr ayının 13-də doğulub boya-başa çatdığı İmişlinin Xubyarlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

O, Xubyarlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Emin Süleymanov eyni zamanda, ailəli olub, iki övladı-bir qızı və bir oğlu Vətənə əmanət qalıb.

O, həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından, Qəhrəmanlarından olub.

İstər Şəhidliyindən öncə, istərsə Şəhidliyindən sonra həm Ali Baş Komandanın, həm də Müdafiə nazirinin əmri ilə bir neçə medalla təltif olunub.

Ailəsi, anası Tamara xanım isə Emin Süleymanovun həm ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

12:30

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Vüsal Teymurovun Badamdar qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

29 illik qısa, lakin şərəfli ömür yolundan, Vətən naminə fədakarlığından söz açılıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ailəsinə, valideynlərinə-anası Nahidə xanıma, atası kişiAllahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin ailəsinə Lerikli İkinci Vətən Müharibəsi Şəhidi İmaməli İbrahimovun və iş adamı Hacı Qurbanın adından üzərində Vüsal Teymurovun şəkli əks olunmuş xalça hədiyyə olunub.

Şəhidin ailəsi də öz növbəsində İmaməli İbrahimovun ailəsinə və Hacı Qurbana minnətdarlıqlarını ifadə ediblər.

Sonra xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə ailəsinin Badamdar qəsəbəsində yaşadığı evdə Anım məclisi düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, ziyalılar və digər şəxslər iştirak ediblər.

Məkanlarıı cənnətlik olsun!

Nurlar içində yatsınlar!

13:03

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşü qardaş xalqlarımız arasında əsrlər boyu davam edən dostluğun möhkəmləndirilməsində, genişləndirilməsində əhəmiyyətli mərhələ olacaq…”-İLHAM ƏLİYEV – (MÜSAHİBƏ)

Read Next

Şəhid xanımı ölkə Prezidentinə-MÜRACİƏT ETDİ VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir