“…Atan hər gün gəlib “otağı”nı süpürür…Mən hər gün gəlib daş məzarını qucaqlayıram…Daşdan oğul, övlad olmaz bala…”-İkinci Vətən Müharibəsinin 16 oktyabr Şəhidləri-ELMAR İBRAHİMOV, EMİL SADIQZADƏ, ELŞƏN KƏRİMOV, SALEH ƏLİYEV, ƏRƏSTUN XIDIROV – BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB -(3)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən bir neçəsinin Anım günləridir.

16 oktyabr 2025-ci il tarixində Goranboylu Elşən Kərimovun, Bərdəli Ərəstun Xıdırovun, Samuxlu Emil Sadıqzadənin, Mingəçevirli Elmar İbrahimovun və əslən Füzulili, özü isə Bakılı olan Saleh Əliyevin Əbədiyyətə uğurlanmasından beş il keçir.

Anım Günləri ilə bağlı bu gün Elşən Kərimovun Goranboy rayonunun Qızılhacılı (Balakürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Emil Sadıqzadənin Samux rayonunun Qovlarsarı kənd qəbiristanlığındakı, Elmar İbrahimovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı, Saleh Əliyevin Bakı şəhərinin Zabrat qəsəbə qəbiristanlığındakı, Ərəstun Xıdırovun isə Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarına dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, Şəhidlərin İgidlikləri və Qəhrəmanlıqlarından söz açılıb.

Şəhidlərin ailələrinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblillər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhid Emil Sadıqzadənin anası Şəlalə Əsədovanın göz yaşları içində dediklərindən:

“Beş il doqquz aydır səni görmürəm, səni gözləyirəm bala…Sənsiz ölürəm, sənsiz yaşaya bilmirəm…Özündən sonra dörd “ölü” qoyub getmisən…Atan hər gün gəlib “otağı”nı süpürür…Mən hər gün gəlib daş məzarını qucaqlayıram…Daşdan oğul, övlad olmaz bala…Üç övlad arzulayırdın…Arzuları gözündə qalan balam, toysuz bu dünyadan köçən balam…”

Sonra Şəhidlərin Anım günləri ilə bağlı ayrı-ayrı məkanlarda Anım məclisləri düzənlənib, adlarına ehsan süfrələri açılıb, ruhlarına dualar olunub, xatirə fotoları çəkdirilib.

Etikxeber.az xəbər verir ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Elşən Rövşən oğlu Kərimov 2001-ci ilin iyunun ayının 26-da, Samux rayonunun Qovlarsarı kəndindən olan Emil Əziz oğlu Sadıqzadə 2000-ci ilin iyul ayının 22-də, Bərdə rayonundan olan Ərəstun Arif oğlu Xıdırov 1998-ci ilin 18 mart tarixində, Bakı şəhərinin Zabrat qəsəbəsindən olan Saleh Namiq oğlu Əliyev 1992-ci ilin 28 avqustunda və Mingəçevir şəhərindən olan Elmar Nəriman oğlu İbrahimov isə 1998-ci ilin 2 sentyabrında sadə bir ailədə dünyaya gəlib.

Elşən Kərimov 7 bacının tək qardaşı, Emil Sadıqzadə ailənin 3 övladından biri və tək oğul, Ərəstun Xıdırovla Saleh Əliyev evin 3 övladından, iki qardaşdan biri, Elmar İbrahimov isə tək övlad olub.

Emil Sadıqzadə ilə Saleh Əliyev kollec (texnikum) təhsilli, Elşən KərimovƏrəstun Xıdırıov və Elmar İbrahimov orta təhsilli idi.

Ərəstun Xıdırov Azərbaycan Ordusunun hərbçisi-MAXE, Emil Sadıqzadə ilə Elşən Kərimov Əsgər olub.

Emil Sadıqzadə həm də Xüsusi Təyinatlılardan idi.

Saleh Əliyev Elmar İbrahimov isə İkinci Vətən Müharibəsinə könüllü olaraq qatılıblar.

Emil Sadıqzadə, Elşən Kərimov və Saleh Əliyev Füzuli rayonu, Ərəstun Xıdırovla Elmar İbrahimov isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olublar.

Elşən Kərimovun nəşi Qızılhacılı (Balükürd) qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında, Ərəstun Xıdırovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında, Emil Sadıqzadənin nəşi Qovlarsarı kənd qəbiristanlığında, Elmar İbrahimovun nəşi Mingəçevir Şəhidlər Xiyabanında, Saleh Əliyevin nəşi isə Zabrat qəbiristanlığında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Şəhidliklərindən sonra Elşən Kərimov, Ərəstun Xıdırov, Elmar İbrahimov və Saleh Əliyev medallarla, Emil Sadıqzadə “Azərbaycan Bayrağı” ordeni və bir neçə medalla təltif olunub.

Adları çəkilən, Anım günləri olan Şəhidlərin hər beşi də subay olub.

Ruhları şad olsun!

Nurlar içində yatsınlar!

14:09

***

FOTOLAR:

15:00

15:50

16:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Makronla görüş nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

“Bura sənin yerin deyildi, bura mənim yerimiydi…Niyə yerimi əlimdən aldın?…”-Tək dayısı Birinci Qarabağ Savaşı Şəhidi olan-TƏK VƏ SUBAY ÖVLAD, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ EMİL ƏMİROVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BEŞ İL KEÇİR, BU GÜN HƏM DƏ SAMUXLU TƏK VƏ SUBAY OĞUL ELMƏDDİN MÜRSƏLZADƏNİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir