Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Devran Fazil oğlu Naibov (Nayıbovun) və Şövqi Raqub oğlu İsmayılzadənin Əbədiyyətə uğurlandığı, Anım Gündür.
Hər iki Şəhidin torpağa tapşırılmasından iki il keçir.
Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə, sadə bir ailədə dünyaya gəlib.
Ailədə 3 qardaş, 1 bacı olublar.
Peşəkar hərbçi-Kiçik gizir Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub.
Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.
Oktyabrın 8-də Şəhid olan Devran Naibovun nəşi Bərdə rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 5 medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Devran həm də subay olub.
***
Şövqi İsmayılzadə isə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində, ziyalı ailəsində anadan olub.
Sövqi ailənin iki övladından biri, evin tək oğlu idi.
O, həm də ailəli, bir qız atası olub.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərən Şövqi İkinci Vətən Müharibəsinin 11-ci günündə, oktyabrın 7-də, Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra üç medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
***
Bu gün eyni zamanda, əslən İmişli rayonundan olan Rəşad Qiyas oğlu Zeynallının Şəhadətə qovuşduğu gündür.
O, 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib.
Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı olub.
Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub.
Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb.

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb.
Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.
Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə atılıb.
Cəbrayıl və Füzuli istiqamətində döyüşlərdə iştirak edib, şərəfli döyüş yolu 11 gün çəkib, oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının üzərinə daha bir acı, dərdinin üzərinə daha bir dərd gəlib.
Oktyabrın 8-də Şəhid olsa da, ancaq Şəhidimizin nəşi 21 gündən sonra, 29 oktyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi həm də övladlarının-tək oğullarının ali ordenlərimizdən biri ilə təltif olunmasını istəyir və həmin günü səbrsizliklə gözləyirlər.
22 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.
Şəhidimizə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib.
***
Bu gün səhər saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında Devran Naibovun, Bəcirəvan kənd qəbiristanlığında Şövqi İsmayılzadənin və İkinci Fəxri (Şəhidlər) Xiyabanında Rəşad Zeynallının məzarları ziyarət olunacaq.
Məzarları üzərinə gül dəstələri düzüləcək, əklillər qoyulacaq, Şəhidlərin ruhlarına dualar ediləcək, məzarlarını ziyarətdən sonra Anım mərasimləri keçiriləcək.
Ruhları şad olsun!
Nur içində yatsınlar!
Etikxeber.az





