Cənnətdəki üçüncü doğum günü olan İkinci Vətən Müharibəsi Şəhidləri: Evin-ailənin tək oğulları-BAKILI MURAD QURBANOV VƏ QUBALI MİQDAD ABDULƏLİMOV…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidləri-Bakılı Murad Qurbanov və Qubalı Miqdad Abduləlimovun doğum günüdür.

Murad Qurbanovun 27 yaşı, Miqdad Abduləlimovun isə bu gün 21 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbərir ki, Bakının Səbail rayonundan olan Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Ailənin iki övladından biri-evin tək oğlu, tək bacının tək qardaşı olub.

Anası Mehriban xanım tərəfindən təkbaşına böyüdülüblər.

Mehriban xanım onlara həm analıq, həm də atalıq edib.

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.

Sonra Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb.

İkinci Vətən Müharibəsi başlanan kimi isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.

Və oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Və nəşi sonra Bakıya gətirilərək, oktyabrın 14-də Badamdar qəbiristanlığında, Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

Ancaq anası, ailəsi Muradın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

***

Evin tək oğlu, ailənin 3 övladından biri olan Miqdad Faiq oğlu Abduəlimov isə 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.

2019-cu ildə orta məktəbi bitirib və o da Murad Qurbanov kimi Bakı Dövlət Sosial-İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb.

Əsgər kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Və döyüşlərin elə ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Amma nəşi yalnız 32 gündən sonra tapılaraq, oktyabr ayının 29-da Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Miqdad həm də subay olub.

Mirzəməmmədkənd kəndində yaşadıqları küçə Onun adını daşıyır.

Hər iki Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev dünyasını dəyişdi-DİLARƏ ƏLİYEVA VƏ MEHRİBAN ZƏKİ XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Read Next

Azərbaycanda Ramazan ayı-BAŞLADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir