İkinci Vətən Müharibəsi: Zərdabın 8 Şəhidi-RƏHİM, İBRAHİM(LƏR), TURAN, AĞAQARDAŞ, İLKİN, ANAR, FAİQ

44 günlük tarixi İkinci Vətən Müharibəsi iştirakçıları arasında Zərdab rayonundan olan İgidlərimiz, Qəhrəmanlarımız da var.

Onlardan bəziləri ağır döyüşlərdə yaralanıb, Qazi olub, bəziləri isə qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

İkinci Vətən Müharibəsinin 2800-ə yaxın Şəhidindən 8-i əslən Zərdablı İgidlərimizdir.

Qeyd edək ki, Zərdablı Şəhidlərimizin əksəriyyəti peşəkar hərbçilər olub.

Şəhid Cəbrayıllı İbrahim Raqub oğlu.

İbrahim 1999-cu ildə Zərdab rayonunun Məlikumudlu kəndində dünyaya göz açıb.

Qəhrəman Səhidimiz hərbi xidməti başa vurduqdan sonra yenidən Silahlı Qüvvələrin sıralarına qatılıb, cəsur kəşfiyyatçı kimi Vətənə sədaqətlə xidmət edib.

İkinci Vətən Müharibısinin ilk günlərindən döyüş əməliyyatlarında iştirak edib, Murov yüksəkliyinin düşməndən azad olunmasında xüsusi xidmətləri olub, Şəhidlik zirvəsinə ucalıb.

Oxuduğu Məlikumudlu kənd tam orta məktəbinin “X” sinfi qəhrəman şəhid İbrahim Cəbrayıllının adını daşıyır.

Həmçinin, məktəbdə igid Səhidimizin əziz xatirəsinə həsr olunmuş “Qürur güşəsi” yaradılıb.

Şəhid Abbasov Ağaqardaş İlham oğlu

Peşəkar hərbçi- baş leytenant Ağaqardaş 1992-ci il sentyabrın 28 Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Qəhrəman Şəhidimiz Azərbaycan Dövlət Pedaqoji Universitetini Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə bitirib.

Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alsa da, hərb sənətinə marağı onun hərbçi olmasına səbəb olub.

O, istər məktəb, istərsə də tələbəlik illərində nümunəvi davranışı, yüksək etikası ilə hər kəsə örnək olub.

Vətən müharibəsinin başlandığı ilk gündən ön cəbhədə xidmətə yollanan baş leytenant Ağaqardaş Abbasov ağır döyüşdə iştirak edib və qəhrəmanlıq göstərib.

Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib.

Özü yaralı olduğu halda, digər yaralı hərbiçi yoldaşlarını döyüş meydanından çıxarmaq üçün də çalışıb.

O, 28 sentyabr 2020-ci il tarixində Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib.

Şəhid Rüstəmli İbrahim Mirzağa oğlu.

İbrahim 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub.

2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib.

Aprel döyüşlərinə könüllü yazılıb.

2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb.

İlk vaxtlar topçu kimi xidmət edib.

Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb.

Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb.

Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib.

Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına Şəhid olub.

Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib.

Ailəli idi, bir övladı var.

Şəhid Muradov Turan Vaqif oğlu.

Gizir Turan 5 dekabr 1994-cü ildə Zərdab rayonunun Körpükənd kəndində anadan olub.

2012-ci ildə M.Hüseynzadə adına Körpükənd tam orta məktəbini bitirib.

2013-2014-cü illərdə hərbi xidmətini Füzuli rayonu istiqamətində, döyüş bölgəsində çəkib.

2018-ci ildə könüllü olaraq MAXE (müddətdən artıq həqiqi hərbi xidmət) kimi hərbi xidmətə başlayıb.

Yüksək vətənpərvərlik və çevikliyi ilə fərqlənən Turan komandanlığın diqqətini cəlb edərək, gizir hazırlığı kursuna göndərilib.

2020-ci ilin yanvar-fevral ayları ərzində gizir hazırlığı kursunu müvəffəqiyyətlə bitirib, gizir hərbi rütbəsi ilə təltif olunaraq, manqa komandiri kimi xidmətini davam etdirib.

Daim yoldaşlarına nümunə olan gizir Turan dəfələrlə komandlıq tərəfindən “Fəxri Fərman” və digər qiymətli mükafatlarla təltif edilib.

İkinci Vətən Müharibəsi zamanı Suqovuşan yaşayış məntəqəsinin azad olunmasında, strateji yüksəkliyin tutulmasında manqa komandiri kimi şücaət göstərib.

14 oktyabr 2020-ci ildə qəhrəmancasına döyüşərək Şəhid olub.

Nəşi 25 oktyabr 2020-ci ildə Zərdab rayonunun Körpükənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Məmmədzadə Anar Nazim oğlu.

Anar 1999-cu ilin avqust ayının 3-də Zərdab şəhərində anadan olub.

2006-2017-ci illərdə Həsən bəy Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseydə orta təhsil alıb.

2017-ci ildə Azərbaycan Texnologiya Universitetinə qəbul olub.

2019-cı ildə ali təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə getmək istədiyi bildirib və 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanıb.

27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Vətən Müharibəsində döyüşə atılıb və Füzuli, Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib.

“Bayraq sənin üçün nədir? -sualına “Bayraq mənim üçün namusdur” cavabını verən Anar ana torpağa həmin bayrağa bükülmüş şəkildə tapşırılıb.

19 noyabr 2020-ci ildə Gəlmə kəndində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Şəhid Vəlizadə Faiq Bayrəməli oğlu.

Faiqin 23 yaşı var idi.

1997-ci ilin fevralın 1-də Zərdabın Alıcanlı anadan olub.

Gizir Faiq Vətən uğrunda döyüşlərin birində Şəhidlik zirvəsinə ucalıb.

Şəhid Hüseynov Rəhim Qədir oğlu.

Peşəkar hərbçi-mayor Rəhim Hüseynovun 36 yaşı vardı.

1984-cü ilin iyul ayının 1-də Zərdabın Gəlmə kəndində anadan olub.

Səhidimiz Vətən uğrunda döyüşlərin birində Şəhidlik zirvəsinə ucalıb.

Bakı şəhərində-İkinci Fəxri Xiyabanda dəfn edilib.

Ailəli idi.

Şəhid Ağayev İlkin Tehran oğlu.

1986-cı ilin iyunun 2-də Zərdabın Körpükənd kəndində anadan olub.

Gizir İlkin Ağayev döyüşlərin birində Şəhid olub.

Şəhidimiz Körpükənd kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, İkinci Vətən Müharibəsində Körpükənd kəndi iki Şəhid verib.

Nur içində yatsınlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

17:02, 11 dekabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim olanı geri qaytardıq! Hədəfimiz yalnız və yalnız İrəliyədir!”-ELDƏNİZ SƏLİMOV 44 GÜNLÜK TARİXİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNDƏN, 10 DEKABR “ZƏFƏR PARAD”INDAN, GƏLƏCƏK HƏDƏFLƏRDƏN YAZDI

Read Next

“O, tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi”-FUAD HEYDƏRİN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir