İkinci Vətən Müharibəsinin ilk Şəhidləri: Qızılhacılılı Fariz Qurbanov və Elman Həsənov, Tap-Qaraqoyunlulu Hidi Vəliyev, Mingəçevirli Əli və İslam Əhmədovlar…-MƏZARLARI ZİYARƏT OLUNDU, RUHLARINA DUALAR OXUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün, 28 sentyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidlərindən bir çoxunun-ilk Şəhidlərimizin torpağa tapşırıldığı gündür.

Onların Şəhidliyi və torpağa tapşırılmasından bir il keçir.

Belə ki, döyüşlərin, müharibənin ilk günündə, 27 sentyabr tarixində Şəhid olan və bir gün sonra,  28 sentyabrda torpağa tarşırılan Vətən sevdalıları arasında Goranboyun Qızılhacılı qəsəbəsindən və Tap-Qaraqoyunlu kəndindən olan MAXE-lər – subay, evin tək oğlu Fariz Qurbanov, iki övlad atası Elman Həsənov, subay Hidi VəliyevŞamaxı rayonunun Göylər kəndindən olan, evin tək və subay oğlu, Əsgər Rza MəmmədovMingəçevirdən olan qardaşlar-MAXE-lər Əli və İslam Əhmədovlar, Hacıqabuldan olan MAXE, subay Pərviz Balabəyov, Xaçmazdan olan Əsgər Rəşad Səfərəliyev,  Yevlaxdan (Bakı-Binəqədi) olan, ailənin tək, subay və ali təhsilli oğlu Manaf BəhmənliBərdədən olan MAXE Turqut Zeynalov və digər İgid, Qəhrəman Azərbaycan övladları var.

Odur ki, bu gün, 28  sentyabr tarixində adları çəkilən Şəhidlərin Əbədiyyətə uğurlanmalarının bir illiyi ilə bağlı ailələri tərəfindən anım mərasimləri təşkil olunacaq.

Anım mərasimlərinə Şəhidlərin ailə üzvləri, yaxınları, digər Şəhid ailələri, yerli sakinlər, Qazilər, din xadimləri, məktəblilər, aidiyyatı rayonların rəhbərlikləri və başqa şəxslər qatılacaqlar.

Öncə Şəhidlərin məzarları ziyarət olunacaq, məzarları üzərinə gül dəstələri düzüləcək, sonra ruhlarına dualar oxunacaq.

Həmçinin, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək.

Eyni zamanda, Şəhidlərin adına ehsan süfrələri açılacaq.

Nur içində yatsınlar!

Məkanları cənnətlik, ruhları şad olsun!

00:00

***

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidləri Fariz Qurbanovla Elman Həsənov, eləcə də Tap-Qaraqoyunlu kəndindən olan Şəhid Hidi Vəliyevin torpağa tapşırılmasının bir illiyi ilə anım mərasimləri səhər saatlarından etibarən başlayıb.

Şəhidlərin ailələri, yaxınları, Qızılhacılı və Tap-Qaraqoyunlu sakinləri, digər kənd və bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, rayon rəhbərliyi bir azdan Şəhidlərin uyuduqları Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanına toplaşacaqlar.

Saat 10:00-dan başlayaraq, Şəhidlərin məzarları bir-bir ziyarət olunacaq, ruhlarına dualar oxunacaq.

Sonra Şəhidlərin yaşadıqları evdə anım mərasimləri davam etdiriləcək, ehsan süfrələri açılacaq.

Həmçinin, bir azdan Mingəçevir şəhər Şəhidlər Xiyabanında Şəhid qardaşlar-Əli və İslam Əhmədovların məzarlarının ziyarəti başlanacaq.

Daha sonra Şəhid qardaşların yaşadığı evdə, “Günəşli” məhəlləsində ehsan süfrəsi açılacaq.

08:10

***

Saat 09:00

Qızılhacılıda, Şəhidimiz Farizgildəyəm…

Evin-ailənin tək oğlu…

MAXE…

3 Milli Qəhrəmanı və 1 Böyük Vətən Müharibəsi Qəhrəmanı, 30-dan çox Şəhidi olan Qəhrəman Qızlhacılının İkinci Vətən Müharibəsində ilk iki Şəhidindən biri…

Fariz 22 yaşında, Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində, sentyabrın 27-də Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra evinə gətirilərək, Qızılhacılı (Balakürd) qəbiristanlığında torpağa tapşırılıb…

Düz bir ildir ailəsi-valideynləri Farizsizdir…

Çox çətindir onlar üçün…Çox çətin…

Düz bir ildir Farizin çarpayısı boşdur, onun-sahibinin yolunu gözləyir…

Ailəsi də onun yolunu ümidlə, həsrətlə gözləyir…

Amma… Fariz Əbədiyyətdədir, Cənnətindədir…

Məkanı cənnətlik, məzarı behiştlik olsun!

Allah anası Lətafət xanıma, atası Məhəmməd kişiyə və bacısı Əfsanə xanıma səbr və dözüm versin!

09:22

***

“Erməni faşistlərinin 28-30 ildə Dağlıq Qarabağda və digər işğal bölgələrində “qurub-yaratdıqları”nı Azərbaycan xalqı, Azərbaycan Ordusu 44 günə məhv, darmadğın etdi…”-MƏHƏRRƏM QULİYEV

Saat 10:05…

Qızılhacılı (Balakürd) qəbiristanlığı, Şəhidlər Xiyabanı…

Şəhidlərimizin-Fariz Qurbanov, Elman Həsənov Hidi Vəliyevin, eləcə də digər Şəhidlərin məzarlarının ziyarəti başlayır…

Ziyarətdə Şəhidlərin ailə üzvləri, yaxınları, Qızılhacılı, Tap-Qaraqoyunlu, Naftalan və digər bölgələrdən Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, rayon rəhbərliyi və digər şəxslər iştirak edirlər…

Şəhidlərin məzarları bir-bir ziyarət olunur, məzarları üzərlərinə gül dəstələri düzülür, əklillər qoyulur, ağılar deyilir, ruhlarına dualar edilir…

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də ziyarətdə iştirak edir və Şəhid ailələrinə səbr diləyir.

“Azərbaycan Ordusu, Azərbaycan xalqı bir il öncə böyük uğura, Qələbə və Zəfərə gedən yola ayaq basdı…Cəmi 44 günə 30 illik Qarabağ münaqişəsi Qələbə və Zəfərlə başa çatdırıldı…Erməni faşistlərinin 28-30 ildə Dağlıq Qarabağda və digər işğal bölgələrində “qurub-yaratdıqları”nı Azərbaycan xalqı, Azərbaycan Ordusu 44 günə məhv, darmadğın etdi… Ali Baş Komandanımızın rəhbərliyi ilə və Şəhidlərimizin, Qazilərimizin, İgid oğullarımızın Qəhrəmanlığı sayəsində düşmən diz çökdürüldü, məhv edildi… Ali Baş Komandanımız başda olmaqla, Şəhidlərimizə, Qazilərimizə minnətdarıq…Şəhidlərimizin ruhları qarşısında baş əyirik, ailələrinə Allahdan səbr diləyirik”deyə, icra başçısı bildirir…

Sonra məktəblilərin ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilir…

Şəhidləri, Şəhidlər Xiyabanını ziyarəti təxminən bir saat yarım davam edir…

Ziyarətdən sonra anım mərasimləri Şəhidlərin evlərində davam etdirilir, Şəhidlərin adına ehsan verilir…

14:15

***

Qızılhacılı, Goranboy Şəhidlərini, Şəhid ailələrini, Şəhidlər Xiyabanını ziyarətdən sonra yenidən Mingəçevirə üz tuturam, eyni gündə Şəhid olan, eyni gündə dəfn edilən Şəhid qardaşlar-Əli və İslam Əhmədov qardaşlarının anım məarasiminə qatılıram…

Səhər saatlarında Şəhid qardaşların məzarları ziyarət olunduqdan sonra tək-tənha yaşayan anaları Sevinc Əhmədovanın yaşadığı evdə, ev-muzeyində anım mərasimi davam etdirilir…

Anlm mərasimində Şəhid qardaşların yaxınları, qonuşları, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, Şəhidlərin döyüş-hərbçi yoldaşları, din xadimləri, ilahiyyatçılar və digər şəxslər iştirak edirlər…

Bir daha Şəhidlərimizin, Əli və İslam Əhmədovların ruhlarına dualar oxunur, Şəhid qardaşların anası Sevinc xanıma və əzizlərinə Allahdan səbr dilənilir…

Qeyd etmək yerinə düşər ki, Əli və İslam Əhmədovlar hər ikisi MAXE olublar…

Müharibənin ilk günündə, sentyabrın 27-də də qəhrəmancasına həlak olub, Şəhidlik məaqmına ucalıblar…

Hər ikisi də eyni gündə, sentyabrın 28-də Mingəçevir şəhərŞəhidlər Xiyabanında dəfn olunublar…

Əli nişanlı, İslam subay, həm də ali təhsilli olub…

Böyuk Yardan məkanlarını cənnətlik etsin, məzarlarını nurla doldursun, Şəhidlər anası-Qəhrəman ana, Analar-anası Sevinc xanıma səbr, dözüm, güc, qüvvət versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağa heç bir status verilməyəcək…”-MİLLƏT VƏKİLİ

Read Next

Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət-MUSA URUDUN NƏZƏR-NÖQTƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir