İlham Əliyev Hacıqabul, Gəncə və Qəbələdə-AÇILIŞ VƏ TƏMƏLATMA MƏRASİMLƏRİNDƏ – FOTOLAR – YENİLƏNİB – (9)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub.

Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

***

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Agro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyanın xarici elektrik təchizatı işləri başa çatdırılıb.

Prezident İlham Əliyevə Hacıqabul suvarma layihəsi barədə də məlumat verildi. Qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin bildirildi ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.

Məlumat verildi ki, 2021-2023-cü illərdə 600-dək yerli fermer və sahibkar üçün müasir aqrotexniki torpaq becərilməsi üzrə təlimlər, “açıq qapı” günləri, tələbələr üçün təcrübə proqramları, universitetlərdə mühazirələr, eləcə də karyera günləri təşkil edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub.

Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.

Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılır. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi əkilib.

Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb. Buraya gələn ziyarətçilər, həmçinin müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə tanış ola biləcəklər.

Kompleksin ərazisində yeni yollar çəkilib, avtomobil dayanacağı salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb, yağış və damcı suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib. Ekoloji Parkın Gəncə çayı tərəfdəki ərazisində yüzlərlə sərv ağacı əkilib, binanın ətrafına isə mozaika daşları döşənib.

Kompleksdə son tamamlama işləri həyata keçirilir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.

Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.

Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.

Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.

Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.

Dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verildi.

Bildirildi ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.

Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq.

Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.

Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, “Azərişıq” ASC-nin 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib.

***

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 160 çarpayılıq Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

16:02

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub.

Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

16:56

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib.

Etikxeber.az

Read Previous

Əfsanəvi Xüsusi Təyinatlı, ailənin iki hərbçi oğlan övladından biri, iki övladı Vətənə əmanət qalan Kamil Şirinov və ailənin tək və subay övladı, Azərbaycan Ordusunun Əsgəri Məhəmməd Əşfərov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Göyçək Ana o qədər mehriban, o qədər şirindil, o qədər şükürlü, o qədər qədirbilən idi ki!..”-JALƏ ƏLİYEVA DÜNYASINI DƏYİŞƏN ŞƏHİD ANASINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir