“Yol infrastrukturu çox bərbad vəziyyətdədir…”- Prezident Kürdəmirdə və AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfərə gəldi.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Kürdəmir şəhərindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

***

İlham Əliyev fevralın 12-də Kürdəmir rayonuna səfəri çərçivəsində Pirili-Muradxan-Sor-Sor avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etdi.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verdi.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Prezident Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdi.

Dövlət başçısı mərkəzin açılışını bildirən düyməni basdı.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Sonra xatirə şəkli çəkdirildi.

***

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı oldu.

İlham Əliyev filialın açılışında iştirak etdi.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşdü.

Sonra dövlət başçısı müəssisədə toxunan xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

***

Kürdəmir rayonunun Karrar qəsəbəsində “Qlobal Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkının da təqdimatı oldu.

İlham Əliyev tədbirdə iştirak etdi.

***

Görülən işlər barədə dövlət başçısına məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

– Cənab Prezident, Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Kürdəmir rayonunda investisiya xərcləri hesabına 3 yol layihəsi icra olunub. Həmin layihələrdən birincisi, Pirili-Muradxan-Sor-Sor yoludur ki, 33 kilometrdir. Öz başlanğıcını 2 nömrəli Bakı-Kürdəmir-Yevlax avtomobil yolundan götürür və respublika əhəmiyyətli Ağsu–Kürdəmir-İmişli yoluna birləşir. İmişli yolunun 184-cü kilometrindən başlayır və 29 kilometr davam edir, 4 kilometr isə Muradxanlı kəndinə gedən qoldur. Yol 4-cü texniki dərəcəyə aiddir. Əvvəllər ona heç yol demək olmazdı, torpaq yol idi. İndi 12 santimetr qalınlığında gözəl asfalt örtüklü yoldur. Bu, 6 yaşayış məntəqəsinin 7 min əhalisinin yol şəraitinin yaxşılaşması deməkdir. Bu fotoşəkillərdə yolun əvvəlki vəziyyəti əks olunub. Bu yol şumlu tarlalardan keçirdi. Bu da eynilə həmin yerlərdə çəkilmiş bugünkü yoldur.

İkinci yol layihəmiz 37 kilometr uzunluğunda Karrar-Böyük Kəngərli yolu olub. Bu yol 7 yaşayış məntəqəsinin 6 min əhalisinə xidmət edir. Bu da 70-80 il torpaq yol olub, nə asfalt, nə də çınqıl örtüyü olmayıb. Ötən əsrin 60-cı illərində tikilmiş körpünü də bərpa etmişik.

Üçüncü yol isə Kürdəmiri Ağsu yolu ilə birləşdirir. Bu yol 8 min nəfərin yaşadığı 7 yaşayış məntəqəsinə xidmət göstərir.

Növbəti yol isə başlanğıcını Bakı-Ələt magistralının 197-ci kilometrliyindən götürən Qarasu-Şilyan yoludur. Uzunluğu 14 kilometr olan bu yol da Sizin 2019-cu ildə imzaladığınız Sərəncam əsasında tikilib. Bu yolun cəmi 2 kilometrlik hissəsi soyuq asfalt örtüklü olub. İndi asfalt örtüyünün qalınlığı 12 santimetr olan yol çəkilib və 8 min əhaliyə xidmət edir.

Prezident İlham Əliyev: Kürdəmir rayonunda yolların təmiri ilə bağlı işlər aparılıb, amma hələ də təqribən yolların 50 faizinin vəziyyəti yaxşı deyil. Biz gərək onları da düzəldək. Qalan yarısını da gərək yaxın bir neçə il ərzində başa çatdıraq.

Saleh Məmmədov: Bu il də Sərəncamınız var, cənab Prezident. Kürdəmirdə 18 kilometr uzunluğunda yolun tikintisinə artıq başlanılıb. Sərəncamlarda həmin yolların tikintisinin 2023-cü ilə qədər başa çatdırılması nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu rayonda, ümumiyyətlə, yol infrastrukturu çox bərbad vəziyyətdədir. Çünki indi Azərbaycanda belə torpaq yollara nadir hallarda rast gəlinir.

Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov: Cənab Prezident, təkcə 2019-cu ildə 88,2 kilometr kənd yolları asfaltlanıb.

Saleh Məmmədov: Onun 80 kilometri investisiya xərcləri hesabına, 8 kilometri isə məqsədli büdcə vəsaiti hesabına.

Prezident İlham Əliyev: Regional inkişaf proqramında da bu, nəzərdə tutulub. Ona görə dördüncü proqram başa çatanda bir dənə də təmirsiz yol qalmamalıdır.

***

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, müəssisədə 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Kürdəmir şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Dövlət başçısı xalçaçılarla görüşdü.

Müəssisənin kollektivini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm, sizə uğurlar arzulayıram. Şadam ki, Kürdəmir rayonunda da xalça fabriki açılır. Son vaxtlar bu istiqamətdə çox böyük işlər görülür. Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək. Siz də bu sənəti yaşadırsınız və öz təcrübənizi, biliklərinizi gənc nəsil ilə bölüşürsünüz. Beləliklə, həm özünüz üçün yeni imkanlar əldə edirsiniz, eyni zamanda, ölkəmizin gələcək uğurlu inkişafı istiqamətində də mühüm töhfə verirsiniz. Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır.

Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq. Burada yaxşı əməkhaqqı ilə təmin olunursunuz, iş şəraiti gözəldir. Son dövrdə “Azərxalça”nın xətti ilə açılmış fabriklərdə demək olar ki, işçilərin hamısı razıdır.

Xalçaçılar: Biz də razıyıq. Çox sağ olun, minnətdarıq. Allah Sizə ömür versin. Allah Sizi qorusun.

Xalçaçı Yemən Abdurəhmanova: Cənab Prezident, rayonumuza, müəssisəmizə xoş gəlmisiniz. Biz böyük şərəf hissi ilə, böyük qürurla Sizi gözləyirdik. Biz sevinirik ki, bizimlə görüşə gəlmisiniz. Mən Kürdəmir rayonunun bütün ziyalı qadınlarının, ağbirçək anaların, toxucularımızın adından Sizə dərin minnətdarlıq hissimi bildirirəm. Sizi, ailənizi, övladlarınızı, nəvələrinizi öpürəm, cənab Prezident. Allah Sizə uzun ömür, cansağlığı versin. Ümummilli liderimiz Heydər Əliyevin irsini axıra qədər davam etdirəsiniz.

Hörmətli Prezident, gün o gün olsun ki, Siz Qələbə günü haqqında Sərəncam imzalayasınız, biz qurbanlarımızı kəsək.

Cənab Prezident, üzr istəyirəm, bəlkə çox danışıram. Kürdəmirdə xalça fabriki keçən əsrin 30-cu illərindən fəaliyyətə başlayıb. Bizim analarımız, nənələrimiz bu işi davam etdirdilər, biz də davam etdirmişik. 1989-cu ildə Kürdəmirdə xalça fabriki açılıb. Bütün qızları yığmışıq. Əvvəllər təkcə Kürdəmirin Şilyan kəndində var idi. Kürdəmir şəhərinin özündə xalça fabriki açılandan sonra Yenikənd, Köhnəbazar, Köhünlü, Şilyan kəndlərində sexlər yaratmışdıq. Ancaq o sexlərlə bu sexlər arasında yerlə göy qədər fərq var. Texniki avadanlıqlarımızda da, çeşnilərimizdə də, mallarımızın satılmağında da yeni sexlərin çox böyük rolu var. Mən toxucu qızlarla gəlib görüşəndə deyirəm, yadınızdadır o işlədiyiniz vəziyyət? Bizim indiki gözəl emalatxanamız bütün Avropa standartlarına uyğun qurulub. Allah Prezidentimizin də, Mehriban xanımın da canını sağ etsin. Siz biz qadınların sənətinə qiymət verir, bu sənəti yaşadırsınız. 2001-ci ildən sonra fabrik dayandı. Mən bir xalça mütəxəssisi kimi qadınların arasına çıxanda sual veriləndə ki, Yemən müəllimə, xalça fabriki niyə işləmir? Mən utanırdım cavab verməyə. İndi böyük qürur hissi duyuram.

Cənab Prezident, təkcə xalçaçıların yox, Kürdəmirin bütün ağbirçəkləri adından Sizə təşəkkürümü bildirirəm. Şəhərlə kənd arasında fərqi götürmüsünüz. Kəndlilər də qaz yandırır, kəndlilər də fasiləsiz elektrik enerjisi ilə, su ilə təmin olunub.

Cənab Prezident, 2017-ci ilin may ayında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ildönümü ilə əlaqədar Siz məni qabaqcıl xalça mütəxəssisi kimi “Tərəqqi” medalı ilə təltif etdiniz. Mən konfransda da dedim ki, bütün toxucular, bütün Kürdəmir toxucuları eşitsin. Bu medal tək mənə aid deyil, bu medal bütün toxuculara aiddir.

Bu gün şəhərimizdə “ASAN xidmət” mərkəzi açılıb. Bütün inzibati binalar tikilib. Hansı inzibati idarəyə, hansı təşkilata gediriksə, xoş üzlə qarşılanırıq, yaxşı yola salınırıq. Bunların hamısı Sizin sayənizdədir. Bunu heç kim unuda bilməz.

Cənab Prezident, biz şəhərə gəlmək üçün Şilyan kəndindən saat yarıma çıxa bilmirdik. İndi beş dəqiqəyə Şilyan kəndinin ən ucqar yerinə çata bilirik. Mən Sizi bütün ağbirçək analar adından öpürəm, Sizə təşəkkür edirəm, Sizə minnətdarlıq edirəm. Allah atanızı, ananızı cənnətlik etsin, ruhları şad olsun. Onların ruhları Sizə həmişə dayaq olsun. Mən bütün ağbirçək analar adından Sizi öpürəm, övladlarınızı öpürəm, Mehriban xanımı öpürəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Xoş sözlərə görə təşəkkür edirəm.

Yemən Abdurəhmanova: Çox sağ olun. Ürəkdən gələn sözlərdir, səmimi sözlərdir.

Prezident İlham Əliyev: Bilirəm. Tamamilə haqlısınız. Kürdəmir rayonunda son vaxtlar çox böyük dəyişikliklər oldu. Mən bu gün “ASAN xidmət” mərkəzinin açılışında dedim ki, Prezident kimi Kürdəmirə ilk dəfə 2005-ci ildə gəlmişdim. O vaxt işıqla bağlı problem var idi. Yollar demək olar ki, yox idi, qazlaşdırma yox idi, su da yox idi, iş yerləri də yox idi. Ona görə kompleks tədbirlərin görülməsi nəticəsində biz bütün bu məsələləri tədricən həll etdik. İlk növbədə, elektrik enerjisi ilə təminat, ondan sonra Kürdəmirin bütün kəndlərində qaz olmalıdır. Cəmi iki kənd hələ ki, qazlaşdırılmayıb. O da bu il və ya gələn il olacaq. Beləliklə, 100 faiz qazlaşdırma olacaq. Yolların da yarısı, 50 faizi təmirlidir. Qalan 50 faizini isə biz 2023-cü ilə qədər tam təmir edəcəyik. Kürdəmir şəhərində içməli su ilə bağlı problem 2013-cü ildə həll olunmuşdur. Kəndlərdə də modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 40-dan çox yeni qurğu da quraşdırılacaq. İş yerlərinin yaradılması ilə bağlı belə gözəl fabrik açıldı. İndi gedib baxarsınız, “ASAN Həyat” kompleksi, “ASAN xidmət” mərkəzi necə gözəldir. Orada həm 320 növ xidmət göstəriləcək. Eyni zamanda, orada gözəl kafelər, ictimai yerlər, kinoteatr, uşaq əyləncə yerləri fəaliyyət göstərəcək. Yəni, ictimai bir mərkəz kimi formalaşıb. Bu mərkəzin məhz Kürdəmirdə yaradılması rayona xüsusi münasibətin təzahürüdür. Çünki bu mərkəz altı rayona xidmət göstərəcək.

Xalça fabriklərinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Çünki siz də qeyd etdiyiniz kimi, biz demək olar ki, bu sənəti bölgələrdə itirirdik. Bölgələrdə ancaq evlərdə köhnədən qalan dəzgahlar var idi. Toxucular fərdi qaydada işləyirdilər. Sifarişlər də demək olar ki, yox idi, xalçanı toxuyub sata bilmirdilər. Siz yaxşı bilirsiniz ki, xalçanı toxumaq üçün ləvazimat, vasitələr, maddi imkan lazımdır.

Yemən Abdurəhmanova: Hər şey var, şükür Allaha.

Prezident İlham Əliyev: İndi bunlar olmayanda necə toxusunlar? Sonra toxuyub hara satsınlar? Ona görə bizim xalçaçılıq sənətimiz demək olar ki, yalnız Bakı şəhərində qalmışdı. Ancaq bizim hər bir bölgəmizdə özünəməxsus xalçaçılıq məktəbi var. Ona görə ölkə üzrə 32 fabrikin yaradılmasının məqsədi bu idi ki, bölgələrdə bu sənət yaşasın, qadınlar cəlb olunsun, gözəl şərait yaradılsın, yaxşı pul qazansınlar, vətəndaşlara və dövlətə xeyir gətirsin. Biz buna da nail oluruq. Əminəm ki, burada toxunan bütün xalçalar ən yüksək qiymətə layiq olacaq və siz bu sənəti bu fabriklər vasitəsilə gənclərə ötürəcəksiniz. Mən görürəm, sizin aranızda gənc qızlar da var, onlar da təcrübə toplayacaq, sonra uşaqlar cəlb olunacaq. Beləliklə, qədim xalçaçılıq sənətimiz daim yaşayacaq. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.

Xalçaçılar: Çox sağ olun, Sizə minnətdarıq.

***

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verdilər.

Bildirildi ki, Kürdəmir “ASAN Həyat” kompleksinin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. 2020-ci ilin fevral ayında tikinti başa çatıb. “ASAN Həyat” kompleksi üçün ayrılan 2,055 hektar ərazidə inzibati bina, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, 124 yerlik çay evi, 80 və 108 yerlik yay kafeləri, 64 yerlik yığılıb-sökülən yay kafesi, 12 yerlik kinoteatr, 191 yerlik restoran və “ABAD Food Hall” yaradılıb.

Fasadların tərtibatında ən müasir alman texnologiyasından istifadə edilib.

Kürdəmir “ASAN Həyat” kompleksində videomüşahidə, elektron növbə sistemləri, 4 eskalator, inzibati və kinoteatr binalarının hər birində 1 lift, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, generator, UPS quraşdırılıb.

“ASAN Həyat” kompleksi Kürdəmir rayonunun Atakişili kəndinin cənub-şərq hissəsində inşa edilib. Kompleksin ərazisində 100 avtomobil üçün parklama yeri yaradılıb. Vətəndaşların istirahəti üçün geniş park, uşaq əyləncə meydançası, həmçinin qapalı istirahət zonaları, o cümlədən kinoteatr və kafe istifadəyə verilib.

Diqqətə çatdırıldı ki, mərkəzdə əməkdaşların sayı 259, könüllülərin sayı isə 45 nəfər nəzərdə tutulur. Kompleksdəki regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Bu mərkəzdə Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 min 400-dən çox sakinlə yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstəriləcək.

“ASAN Həyat” kompleksinin tərkibində sayca 4-cü “ABAD Food Hall”un fəaliyyətə başlaması nəzərdə tutulur. Burada ABAD-çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış məhsulların satış-sərgisi təşkil ediləcək.

Dövlət başçısı mərkəzin açılışını etdi.

Bildirildi ki, fəaliyyətə başladığı vaxtdan “ASAN xidmət” mərkəzlərinə müraciətlər çoxalıb və onun vətəndaşlar tərəfindən bəyənilmə əmsalı daha da yüksəlir. Bu, 2019-cu ildə 99.3 faiz təşkil edib. Həmçinin qeyd edildi ki, indiyədək xarici ölkə vətəndaşlarına elektron qaydada 1 milyon 964 min viza verilib. Təhlillər göstərir ki, Azərbaycana gələn turistlər əvvəlki dövrlərlə müqayisədə ölkəmizdə daha çox qalırlar.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış oldu.

Məlumat verildi ki, Ağıllı sürücülük imtahanı sistemi sürücülük vəsiqəsi almaq üçün müraciət etmiş şəxslərin sürücülük qabiliyyətlərinin qiymətləndirilməsinə dair praktiki test imtahanının avtomatlaşdırılmış şəkildə həyata keçirilməsinə imkan verir. Sürücülük vəsiqəsinin alınması üzrə nəzəri test imtahanında uğur qazanmış şəxslər bu sistemdə qeydiyyatdan keçməklə praktiki test imtahanına yazılır, xüsusi qurğu və avadanlıqlarla təchiz edilmiş avtomobildə əvvəlcədən müəyyən olunmuş marşrut üzrə hərəkət edir. Avtomobil və yol infrastrukturu xüsusi sensor və peyk-müşahidə cihazları ilə təchiz edildiyi üçün imtahan verən şəxs tərəfindən törədilən bütün qayda pozuntuları avtomatik olaraq qeydə alınır və mərkəzi imtahan sisteminə ötürülür. Avtomatlaşdırılmış imtahan sistemi şəxsin praktiki imtahandan uğurla keçib-keçmədiyinə dair real vaxt rejimində arayış hazırlayır.

Diqqətə çatdırıldı ki, “ASAN xidmət” mərkəzlərində vətəndaş müraciətlərinin səmərəliliyinin artırılması və hər bir vətəndaşa fərdi yanaşmanın təmin edilməsi məqsədilə “ASAN rəqəmsal sinir sistemi” platforması hazırlanıb. Platforma hər bir vətəndaşın fiziki və ya elektron dövlət xidmətlərindən istifadəsinə, şikayət və təkliflərinə dair məlumatları vahid bazada toplayır və vətəndaşın dövlət xidmətlərindən istifadə vərdişləri barədə ətraflı məlumatları real vaxt rejimində əks etdirir. Eyni zamanda, bu platforma “ASAN xidmət” əməkdaşları barədə də bütün məlumatları bir yerə cəmləməklə, onların performanslarını qiymətləndirməyə, analitik təhlillər aparmağa və vətəndaş-dövlət xidməti–dövlət qulluqçusu münasibətlərini vizuallaşdırmağa imkan verir.

Prezident İlham Əliyevə dövlət satınalmalarının vahid internet portalı barədə də məlumat verildi. Qeyd edildi ki, bu portal dövlət satınalmalarının vahid platforma üzərindən elektron mühitdə həyata keçirilməsinə imkan verən platformadır. Portalın əsas məqsədi satınalma prosesinin təkmilləşdirilməsi və operativliyin artırılması, eyni zamanda, prosesin təşkili zamanı dövlət–özəl sektoru əməkdaşlığının təmin edilməsidir. Satınalma prosesinin bütün mərhələləri – tenderin elan edilməsi, təkliflərin qəbulu və qiymətləndirilməsi, müqavilələr və hesab-fakturaların formalaşması tamamilə elektron mühitdə həyata keçirilir. Həmçinin satınalma prosesinin sürətlə aparılması üçün müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya həyata keçirilib. Platformanın yaradılması satın alan və podratçı tərəfindən xərclərin azalması ilə bərabər, beynəlxalq reytinqlərdə də ölkəmizin mövqeyinin yaxşılaşmasına təsir edəcəkdir.

Tanışlıq zamanı dövlətimizin başçısına “ASAN Tranzit” Sistemi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, bu sistem ölkəyə daxil olan tranzit yük avtomobillərinin qanunvericilikdə mövcud olan ödənişləri (vergi, rüsum və s.) əvvəlcədən ödəməsinə imkan verən və məlumatları real vaxtda müvafiq informasiya sistemlərinə ötürən platformadır. Dövlət sərhədinə yaxınlaşmadan öncə avtomobilin sürücüsü və ya avtomobilin qeydiyyatda olduğu şirkət sürücü və avtomobil barədə məlumatları sistemə daxil etməklə müvafiq ödənişləri həyata keçirir və ödəmənin təsdiqinə dair elektron sənəd əldə edir. Bu sistem yük avtomobillərinin ölkəyə daxil olduğu zaman əlavə dayanmaların qarşısını almaqla, ödənişlərin bir nöqtədə toplanmasına imkan verir. Sistemin imkanları, həmçinin ölkəmizin beynəlxalq tranzit yükdaşımaları zamanı üstünlük verilən marşruta çevrilməsinə və proseslərin səmərəliliyinin artmasına şərait yaradır.

Sonra ASAN könüllüləri reallaşdırdıqları layihələr barədə məlumat verdilər.

ASAN könüllüsü Emiliya Bayramova dedi:

-Möhtərəm cənab Prezident, Kürdəmir regional “ASAN xidmət” mərkəzinə xoş gəlmisiniz. Mən artıq 3 ildən çoxdur ki, “ASAN Könüllüləri” Təşkilatında fəaliyyət göstərirəm. Cənab Prezident, əvvəlcə 2020-ci ili bizim ilimiz elan etdiyiniz üçün bütün ASAN könüllüləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu gün biz Sizə ASAN könüllülərinin fəaliyyəti haqqında məlumat verəcəyik. Cənab Prezident, Sizin dəstəyiniz və xeyir-duanızla 15 nəfərlə fəaliyyətə başlayan ASAN könüllülər hərəkatının artıq 22 mindən çox məzun könüllüsü var. “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti iki mərhələdən ibarətdir. Birinci mərhələdə könüllülər müxtəlif sənədləşmə prosedurlarında, dövri rəy sorğularında, xidmətyönümlü təlimlərdə və mərkəzlərin ümumi fəaliyyətində yaxından iştirak edirlər. Növbəti mərhələdə isə onlar artıq öz ixtisaslarına uyğun olaraq müxtəlif təcrübələrə cəlb olunurlar.

Cənab Prezident, təbii ki, fəaliyyətimiz bununla yekunlaşmır. ASAN könüllülərinin işlə təmin olunmasına dəstək məqsədilə “ASAN kadr” karyera mərkəzini yaratmışıq. Karyera mərkəzi daxilində asankadr.az veb-portalı mövcuddur ki, könüllülər və işəgötürənlər arasında körpü rolunu oynayır. Bu günədək portal vasitəsilə 1400 ASAN könüllüsü işlə təmin olunub, onlardan 446-sı isə “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarıdır.

Cənab Prezident, xüsusilə qeyd edim ki, asankadr.az veb-portalı artıq BMT-nin Könüllülər Proqramına uğurlu layihə kimi daxil edilib.

Sonda mən vurğulamaq istərdim ki, Sizin bizə daimi dəstəyinizə cavab olaraq dövlətimizin dayanıqlı inkişafı üçün daha səylə çalışacağımıza söz veririk. Diqqətiniz üçün təşəkkür edirəm, könüllülərin könlü daim Sizinlədir.

Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm.

ASAN könüllüsü Rza Əliyev dedi:

-Möhtərəm cənab Prezident, Ali Baş Komandan, əvvəla Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. “ASAN Könüllüləri” Təşkilatı fəaliyyətə başladığı ilk dövrdən vətənpərvərlik mövzusunda layihələrin həyata keçirilməsinə xüsusi önəm vermişdir. Sizin bizimlə görüşlərinizdə daim vurğuladığınız kimi, Azərbaycan gəncliyi milli, vətənpərvər ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalıdır. Biz də Sizin bu fikirlərinizi rəhbər tutaraq, dövlətimizin bu sahədə gördüyü işlərə dəstək olmaq məqsədilə 92 layihə, 5 hərbi vətənpərvərlik düşərgəsi həyata keçirmişik. Bu layihələrdə, ümumilikdə, 9 minə qədər gənc iştirak edib. Genişmiqyaslı layihələrdən “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi və “Əsgərə məktub” layihələrini misal göstərmək olar. “Hərbiyyə” düşərgəsi, ümumilikdə, 5 dəfə keçirilib və 500-ə qədər gənc bu layihələrdə iştirak edib. Marağın həddən artıq çox olması 2019-cu ildə bu layihəni 3 dəfə keçirməyimizə səbəb oldu. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu düşərgədə gənclər ilkin hərbi təcrübəyə cəlb olunur, hərbi hazırlıqlar keçirlər.

Şanlı Aprel zəfəri zamanı bizim təşəbbüsümüzlə yaranan “Əsgərə məktub” layihəsi isə dövlətimiz tərəfindən hər bir maddi, hərbi resursla təmin olunan əsgərlərimizə mənəvi dəstək göstərmək məqsədilə yaranıb və hazırda da davam etməkdədir. Cəbhə bölgəsində xidmət edən əsgərlərimizə vətəndaşlarımız tərəfindən yazılmış 80 minə qədər məktub çatdırılıb.

Cənab Prezident, Sizin tapşırığınızla 2018-ci ildən “ASAN xidmət” mərkəzləri yerləşən regionlardakı Heydər Əliyev mərkəzlərində ASAN könüllüləri öz fəallığı ilə seçilirlər. Belə ki, 8 mindən çox ASAN könüllüsü 5 mindən çox layihədə iştirak edib. O layihələrin əsas məqsədi Azərbaycançılıq ideologiyasının, Ulu Öndərin siyasi kursunun öyrədilməsi və öyrənilməsidir. Bundan başqa, mərkəzlərdə könüllülərimiz vaxtlarını səmərəli keçirmək üçün digər təlimlərdə iştirak edirlər. Bizə göstərdiyiniz diqqət və qayğı üçün Sizə xüsusi təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

ASAN könüllüsü Nicat Rəşidov dedi:

-Möhtərəm cənab Prezident. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Diqqətinizə çatdırmaq istəyirəm ki, ASAN könüllüləri mərkəzlərdəki fəaliyyətlərini bitirdikdən sonra təşkilat tərəfindən icra olunan layihələrdə fəal iştirak edirlər. İlk olaraq qeyd edim ki, şəxsi inkişaf haqqında 220-dən artıq layihə icra edilib. Bu layihələrdə 45 mindən çox gənc əhatə olunub. Misal üçün, təhsil sahəsində olan bacarıqların artırılması məqsədilə “ASAN akademiya” layihəsi, regionlarda könüllülüyün geniş təşviqi üçün “Könüllülər Yurdu – Azərbaycan”, gənclərin siyasi biliklərinin artırılması məqsədilə “Könüllülər Parlamenti – Azərbaycan”, həmçinin onların dünyagörüşünün və natiqlik bacarıqlarının inkişafı üçün “SMM Business Breakfast”, “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası”, “AVO MUN”, “Natiqlik çempionatı” layihələri həyata keçirilib. Bildiyiniz kimi, 2019-cu ildə Azərbaycan BMT-nin Dövlət Xidmətləri Forumuna ev sahibliyi edib. Məhz bu tədbirdə də biz ASAN könüllüləri olaraq təşkilatçılıqda yaxından iştirak etmişik.

Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, ekoloji məsuliyyət sahəsində də ASAN könüllüləri IDEA İctimai Birliyi ilə birlikdə 400-dən çox ekoloji tədbir və maarifləndirmə aksiyası həyata keçirib. Bu aksiyalarda minlərlə gənc iştirak edərək, cəmiyyətimizə töhfələrini əsirgəməyiblər. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Yaşıl ASAN” proqramı çərçivəsində 1500 ton kağız təkrar emala verilib və 17 mindən çox ağacın kəsilməsinin qarşısı alınıb. Həmçinin bizim təşəbbüsümüzlə reallaşdırılan “Əcnəbi könüllülər” layihəsi çərçivəsində Niderland, Böyük Britaniya, Çin və Hindistan kimi 17 fərqli ölkədən onlarla gənc Azərbaycanda ASAN könüllüsü adını qazanıb. Diqqətiniz üçün təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun. Çox sağ olun.

ASAN könüllüsü Roza Qocayeva dedi:

-Möhtərəm cənab Prezident, Sizi salamlayıram. Mən “ASAN Könüllüləri” Təşkilatının əməkdaşıyam. Sizə “ASAN Məktub” sosial proqramı haqqında məlumat vermək istərdim. Bu proqram 2015-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirmək üçün nəzərdə tutulub. Dördillik fəaliyyətimiz dövründə 30-dan çox bölgədə olmuş və 4 minədək uşağın arzusunu reallaşdırmışıq. Onu da qeyd etmək istərdim ki, “ASAN Məktub” uğurlu layihə kimi, BMT-nin Könüllülük Proqramına daxil edilib. Bununla yanaşı, ASAN könüllüləri sosial işlərlə yanaşı, mədəniyyət sahəsində də öz bacarıqlarını nümayiş etdirirlər. Bu sahədə bizim “Mədəniyyət carçısı” proqramını xüsusi vurğulamaq istərdim. İkiillik fəaliyyəti dövründə 50-dən çox teatr tamaşası səhnələşdirilib. Bu tamaşalarımız beş mindən artıq gənci əhatə edib.

Çox təşəkkür edirəm, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm.

Etikxeber.az

Read Previous

“Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq…” – PREZİDENT BİR DAHA SEÇKİLƏRDƏN DANIŞDI…- FOTOLAR – YENİLƏNİB

Read Next

“15-lər”-İlk çağırış MM-in xanım üzvləri- ZEYNƏB XANLAROVA, ŞƏFİQƏ MƏMMƏDOVA, SƏMAYƏ PİRİYEVA, GÜLNARƏ QURBANOVA, QUDALAR, KEÇMİŞ YAP-ÇI VƏ ADP-ÇİLƏR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir