Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
Etikxeber.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə görüşüb.
***
İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə də görüşüb.
***
İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.
***
İlham Əliyev eyni zamanda, fevralın 14-də Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.
***
İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.
***
Görüşdə dövlət başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb.
***
Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşdə Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyi yüksək qiymətləndirildi və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.
Söhbət zamanı Azərbaycan ilə Küveyt arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin və hökumətlərarası komissiyanın daha da fəallaşdırılmasının vacibliyi qeyd edildi.
Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Küveytdən Azərbaycana gələn turistlərin sayında əsaslı artımın müşahidə olunduğu vurğulandı, tezliklə Küveyt Hava Yollarının Azərbaycana uçuşlar həyata keçirəcəyi diqqətə çatdırıldı.
Söhbət zamanı, həmçinin ölkələrimizin OPEC+ çərçivəsində səmərəli əməkdaşlıq etdikləri bildirildi.
***
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşən Prezident İlham Əliyev dedi:
-Sabahınız xeyir, xoş gördük.
Baş katib Vladimir Norov: Sabahınız xeyir. Qrafikinizin sıxlığına baxmayaraq, görüşmək üçün imkan tapdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirmək istərdim.
Prezident İlham Əliyev: Sizi görməyə şadam. Mənə görüş haqqında dedilər. Görüşməyə həmişə şadıq, üstəlik, artıq Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir. Təşkilata dialoq üzrə tərəfdaş qismində qoşulmağımız da əməkdaşlığa verdiyimiz əhəmiyyəti təsdiqləyir. Şanxay Əməkdaşlıq Təşkilatının bütün üzv ölkələri ilə yaxşı, yaxın, mehriban qonşuluq münasibətlərimiz var. Biz birlikdə ikitərəfli, bəzən üçtərəfli formatda nəqliyyat, energetika, infrastrukturla bağlı çoxlu mühüm layihələri reallaşdırırıq.
Baş katib Vladimir Norov: İlham Heydər oğlu, deyə bilərəm ki, bu gün Azərbaycan müşahidəçi ölkələr üçün nümunə olaraq dialoq üzrə ən fəal tərəfdaşlardan biridir. Qeyd edim ki, aprelin 21-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı məsələləri üzrə konfransının keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz, Azərbaycanın təşəbbüsü çox vaxtında atılmış mühüm addımdır. Üzv ölkələrin əksəriyyəti artıq bu təşəbbüsü dəstəkləyir. Düşünürəm ki, bu konfrans nəqliyyat sahəsində müvafiq qurumlar arasında sıx əlaqələrin qurulması və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün vacib meydança olacaq.
Görüşdə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı fəal tərəfdaşlıq üzrə dialoq statusunda rolu xüsusi qeyd olundu. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq çərçivəsində bu il nəqliyyat məsələlərinə həsr olunacaq konfransın keçiriləcəyi bildirildi.
Söhbət zamanı Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün Şanxay Əməkdaşlıq Təşkilatına göndərilən dəvət yüksək qiymətləndirildi və təşkilatın da geniş tərkibli nümayəndə heyəti ilə bu seçkilərdə iştirak etdiyi, seçkilərin azad, ədalətli, demokratik şəkildə keçirildiyi diqqətə çatdırıldı. Həmçinin Azərbaycanda əhatəli islahatların həyata keçirildiyi qeyd edildi.
***
İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxış edib.
Prezident İlham Əliyevin çıxışı-TAM MƏTN:
-Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.
Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni – Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə – Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya – bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.
Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.
Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.
Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, – cənab Birol çox maraqlı məlumat verdi, – neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.
Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm.
Etikxeber.az