“Müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılıb…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

12:16

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini qeyd edən dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirdi və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğuladı.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş etdi.

Qonaq şeyx həzrətlərinin Prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğuladı. O qeyd etdi ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, Prezident İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.

Dövlətimizin başçısı dedi ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrinin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğuladı. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd etdi.

COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd etdi ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində “Vicdan çağırışı” adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını dedi.

Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxundu. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirdi.

Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunuldu, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə “ASELSAN” şirkətinin baş direktoru Ahmet Akyol, “ASFAT” şirkətinin baş direktoru Behçet Karataş, “HAVELSAN” şirkətinin baş direktoru Mehmet Akif Nacar, “Maşınqayırma və Kimya Sənayesi” şirkətinin baş direktoru İlhami Keleş, “REPKON Grup” şirkətinin prezidenti İbrahim Külekçi, “ROKETSAN” şirkətinin baş direktoru Murat İkinci, “Müdafiə Texnologiyaları və Mühəndislik” şirkətinin baş direktoru Özgür Güleryüz, “Türkiyənin Aviasiya və Kosmos Sənayesi – TUSAŞ” şirkətinin baş direktoru Temel Kotil daxildir.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində uğurla inkişaf etdiyi qeyd olundu, Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi vurğulandı.

Prezident İlham Əliyev Türkiyə hərbi sənaye kompleksinin məhsullarının keyfiyyət və səmərəliliyə görə artıq dünya səviyyəsində məhşurlaşdığını məmnunluqla qeyd etdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı ciddi addımların atıldığını vurğuladı və bu baxımdan Türkiyənin aparıcı şirkətlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını dedi.

Qəbula görə minnətdarlığını bildirən Haluk Görgün böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməklərindən məmnunluq duyduqlarını vurğuladı və Türkiyə müdafiə sənayesinin əsasını təşkil edən nüfuzlu şirkətlərin rəhbərlərinin burada təmsil olunduqlarını bildirdi. Haluk Görgün səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin tərkibində olan şirkətlər ilə Azərbaycan müdafiə sənayesi şirkətləri arasında bir neçə istiqamətdə birgə fəaliyyətlə bağlı anlaşma memorandumlarının imzalanması barədə dövlətimizin başçısına məlumat verdi.

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Ramazan ayı münasibətilə təbriklərini və bu müqəddəs ayın Azərbaycan üçün xeyirli və bərəkətli olması ilə bağlı arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.

Haluk Görgün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi inamlı Zəfəri vurğulayaraq İlham Əliyevin prezident seçkilərində qalib gəlməsini bir-birinin ardınca qazanılan qələbə hadisələri kimi qiymətləndirdi.

O, prezident seçkilərindən sonra dövlətimizin başçısının bu ilin fevralında Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafında rolunu qeyd etdi.

Sonda Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim olundu.

Etikxeber.az

Read Previous

İki ildir yollarda, məmur qapılarında, kirayələrdə qalan Şəhid xanımı dövlət başçısına və Birinci xanıma-ÜZ TUTDU, ONLARDAN KÖMƏK İSTƏDİ

Read Next

ANAMA əməkdaşı Ağdamda azad edilmiş ərazidə minaya düşərək-XƏSARƏT ALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir