Mayın 10-u görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Etikxeber.az xəbər verir ki, Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzüldü.
Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak etdilər.
***
Etikxeber.az