İlham Əliyevlə Mehriban Əliyev Əliyeva Lahıcda – FOTOLAR – YENİLƏNİB – (1)

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşdülər.

Lahıc qəsəbə tam orta məktəbinin direktoru, Əməkdar müəllim Hikmət Haqverdili və qəsəbə sakini Hüseynağa Kamilzadə yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyevin təsdiq etdiyi və uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət proqramının əsas müddəalarında biri də ölkə ərazisinin qazlaşdırılmasıdır. Proqramdan irəli gələn vəzifələrin icrası ilə məşğul olan SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq bu göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib.

Hazırda “Azəriqaz” İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib.

Bildirildi ki, Lahıc qəsəbəsi və ətraf dörd kənd – Ərəgit, Gəndov, Namazgah və Qaraqaya kəndləri ilk dəfə qazlaşdırılıb, ümumilikdə 899 abonent mavi yanacaqla təmin edilib. Yüzlərlə fərdi evin qazlaşdırılması üçün 79 min 281 metr uzunluğunda müxtəlif diametrli metal və polietilen borulardan ibarət daşıyıcı, paylayıcı qaz xətlərinin çəkilməsi, hər bir mənzilin qaz sayğacı ilə təmin olunması layihə üzrə təsdiqlənib. Bu ilin yanvar ayından başlayan işlər mürəkkəb relyefə və çətin hava şəraitinə baxmayaraq, uğurla başa çatdırılıb. Bu da onu göstərir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən və artıq başa çatmaqda olan üçüncü Dövlət proqramında bölgələrin qazlaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər uğurla yerinə yetirilib, əhalinin təbii qazla təmin edilməsi istiqamətində kifayət qədər ciddi işlər görülüb. Bu isə regionların inkişafına müsbət təsir göstərir, o cümlədən mühüm turizm potensialı olan və füsunkar təbiəti ilə seçilən Lahıc qəsəbəsinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırdılar.

Sonra xatirə şəkli çəkdirildi.

***

Daha sonra dövlət başçısı və birinci xanım Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan kənd investisiya layihəsi çərçivəsində Lahıc qəsəbəsində inşa olunan icma evindəki misgər, xalçaçı, dəmirçi, kilim-xalçaçı, papaqçı, tikmə-əl işləri otaqlarında sənətkarlıq nümunələrinə baxdılar, sənətkarlarla söhbət etdilər.

Lahıc qəsəbəsini gəzən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sakinlərlə görüşüb söhbət etdilər.

Sakinlər dövlətimizin başçısı və xanımı ilə xatirə şəkilləri çəkdirdilər.

***

LAHİC-1

LAHİC-2

LAHİC-3

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında da iştirak ediblər.

Dövlət başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.

Lahıc qəsəbəsi ölkəmizin ən qədim yaşayış məskənlərindən biridir. Tarixi erkən orta əsrlərə gedib çıxan bu qəsəbə nadir arxitekturası ilə diqqəti cəlb edir. Bu gün Lahıc Tarix-Mədəniyyət Qoruğunda 90-dan çox tarixi abidə, o cümlədən 5 məscid, 3 hamam, 60-dan artıq yaşayış evi, həmçinin körpü və su dəyirmanı, qəbirüstü daşlar, bir neçə sənətkarlıq emalatxanası və ictimai bulaqlar qorunur. Lahıcda 100-dən çox sənət növü və peşələr yaşadılır və inkişaf etdirilir. Bütün bunlar da turistlərin diqqətini çəkir. Bu ilin 8 ayında qəsəbəyə 45 min turist gəlib. Son illərdə qəsəbənin inkişafı ilə bağlı bir sıra tədbirlər görülüb, sosial layihələr icra olunub. Bu layihələrdən biri də 400 şagird yerlik Lahıc qəsəbə tam orta məktəb binasının inşasıdır. Məktəbdə yaradılan şərait göstərir ki, dövlətimizin başçısının təhsilə göstərdiyi diqqət nəticəsində bu sahə tamamilə yeni və keyfiyyətli mərhələyə qədəm qoyub. Son illərdə müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud təhsil müəssisələri isə günün tələbləri səviyyəsində yenidən qurulub. Təqdirəlayiq haldır ki, bu proses bölgələri də əhatə edib.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa edilmişdi. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.

Yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Etikxeber.az

Read Previous

İnsanın və insanlığın özü-Mehriban Əliyeva! – JALƏ ƏLİYEVA YAZDI

Read Next

Merkelin səfəri münasibətlərə öz müsbət töhfəsini verəcək – MEHDİ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir