İlham Əliyevlə Mehriban Əliyev Şuşa, Laçın və Füzulidə-BİR SIRA AÇILIŞ VƏ TƏMƏLATMA MƏRASİMLƏRİNDƏ… – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondunun “PAŞA Holding”in dəstəyi məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Qeyd edildi ki, Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Məlumat verildi ki, bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Füzuli rayonu ərazisində, Köndələnçay çayının məcrasında tikilmiş ümumi su tutumu 3,9 milyon kubmetr (faydalı həcmi 3,6 milyon kubmetr), hündürlüyü 14 metr olan Köndələnçay-1 su anbarı 1962-ci ildə istismara verilib. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Bundan məqsəd bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır.

Layihəyə torpaq bəndin yuxarı byefində dağıdılmış bermanın və bütün bənd boyu beton üzlüyün, qülləli suburaxıcı-sutullayıcının estakadasının və çıxış hissəsinin, eni 6 metr, uzunluğu 283 metr olan səthi sutullayıcının yenidən bərpası, birmərtəbəli gözətçi evinin və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi və su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin görülməsi daxildir.

Xatırladaq ki, 1951-ci ildə istismara verilən Köndələnçay-2 su anbarının ümumi su tutumu 2,1 milyon kubmetr (faydalı həcmi 1,6 milyon kubmetr), hündürlüyü 23,35 metrdir. İşğaldan azad olunmuş ərazilərdə kompleks meliorasiya-irriqasiya tədbirləri çərçivəsində su anbarında müvafiq təmir-bərpa işləri həyata keçirilib. Layihələndirmənin məqsədi bəndin qurğularının və mexaniki avadanlıqlarının sabit iş rejiminə gətirilməsi və bundan sonrakı istismarı üçün normal vəziyyətinin yaradılmasıdır. Daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, suburaxıcı borunun çıxış başlığının dağılmış beton hissəsi bərpa edilib, diametri 600 millimetr olan siyirtmələr yenilənib, aparıcı kanal lildən təmizlənib, qurğunun beton konstruksiyası, uzunluğu 177 metr olan səthi sutullayıcının dəmir-beton üzlüyü yenidən qurulub. Həmçinin birmərtəbəli gözətçi evi və çirkab su quyusunun tikintisi, xarici elektrik təchizatının təmin edilməsi, su anbarı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Qeyd olundu ki, ümumi su tutumu 9,5 milyon kubmetr (faydalı həcmi 9 milyon kubmetr), hündürlüyü 25 metr olan Aşağı Köndələnçay su anbarı isə 1980-ci ildə istismara verilib. Burada daş örtüklü torpaq bəndin yuxarı byefində çökmüş daş örtüyü bərpa olunub, drenaj sistemi və nəzarət ölçü cihazları quraşdırılıb, qülləli suburaxıcının yükdaşıyan elementlərinin dəmir-beton konstruksiyaları, dib borusunun bütün mexaniki və qaldırıcı avadanlıqları, qurğunun estakadası metal və beton konstruksiyaları, eni 6 metr, uzunluğu 780 metr olan səthi sutullayıcının bütün beton konstruksiyaları, binanın mexaniki və hidromexaniki avadanlıqları yenidən qurulub, yarımstansiya və elektrik xətti bərpa olunub, Quruçay üzərində suqəbuledici qurğu tikilib. Quruçaydan gələn sular su anbarına yönəldiləcək.

Dövlətimizin başçısı Köndələnçay su anbarları kompleksini işə saldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verildi.

Qeyd edildi ki, bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunub. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Şuşanın işğalı zamanı Aşağı Gövhər Ağa məscidi erməni vandalizminin qurbanına çevrilmişdi. Məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmişdi.

Bərpa prosesi ilə tanışlıq zamanı Şuşa işğal altında olduğu dövrdə ermənilərin Aşağı Gövhər Ağa məscidində törətdikləri vandalizm faktları barədə məlumat verildi. Bildirildi ki, bərpa işləri zamanı divarda müxtəlif yazılar, o cümlədən divara həkk olunmuş xaç işarəsi aşkarlanıb.

Bərpa işləri zamanı yerli və beynəlxalq ekspertlər məscidin mövcud vəziyyətinə dair qiymətləndirmə və layihələndirmə aparıblar. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq həyata keçirilir. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələrinin mikroinyeksiya üsulu ilə bərkidilməsi həyata keçirilib. Məscidin minarələri bərpa olunub, dam və döşəmə örtükləri dəyişdirilməklə bir sıra təmir işləri həyata keçirilir.

Bərpa işləri eyni zamanda mədrəsə bölməsini də əhatə edir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışında iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Heydər Əliyev Fondu tərəfindən “Şirin su” hamamında 2022-ci ildən aparılan bərpa işləri başa çatıb. “Şirin su” hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. Şuşa şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra “Şirin su” hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilib, əlavə tikililər aparılıb, hamam yararsız vəziyyətə salınmışdı.

Məlumat verildi ki, Avstriyanın “Wehdorn Architekten” şirkətinin mütəxəssislərinin iştirakı ilə aparılan bərpa işləri zamanı ilkin hamama aidiyyəti olmayan hissələr sökülüb, bütün xarici və daxili hissələr – fasad, dam, qapı-pəncərə sistemi, döşəmə, tavan bərpa edilib. Hamamın daxilində günbəzlər və divarlardakı bütün zədələnmiş suvaqların, döşəmələrdə bütün uyğun olmayan örtük materiallarının, sonradan əlavə edilmiş quraşdırmanın aradan qaldırılması işləri həyata keçirilib. Ərazidə hasar divarları tikilib, pilləkənlər bərpa edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ətraf ərazidə görülmüş işlərlə də maraqlandılar.

Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib.

Digər iki tuneldə – 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdilər.

Bildirildi ki, işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra Turşsu qəsəbəsi azərbaycanlıların ən sıx yaşadıqları ikinci yaşayış məntəqəsi olub. Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşən qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılmış siyahıyaalmaya əsasən qəsəbədə 755 nəfər yaşayıb. Qəsəbədə fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziya ötürücü qurğusu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və s. binaları olub. İşğal nəticəsində bütün infrastruktur tam dağıdılıb. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır.

Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq.

Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

Sonra Prezident İlham Əliyev Turşsu qəsəbəsinin təməlini qoydu.

21:37

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdilər.

Bildirildi ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunan vaxt Sus kəndində 53 ailə – 203 nəfər yaşayırdı. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə – 214 nəfərin köçürülməsi nəzərdə tutulur. Hazırda kəndə 20 ailənin (75 nəfər) köçürülməsi təmin olunub.

Diqqətə çatdırıldı ki, 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb.

Sonra Prezident İlham Əliyev kəndə köçmüş sakinlərlə görüşdü.

Prezident İlham Əliyev: Salam-əleyküm.

Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Necəsiniz, nə var, nə yox? Qayıtmısınız doğma vətənə. Təbrik edirəm sizi.

Sakinlər: Sayənizdə. Çox sağ olun, təşəkkür edirik, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Şərait necədir? Xoşunuza gəlir?

Sakinlər: Möhtəşəmdir, çox yüksək səviyyədə. Allah Sizdən razı olsun. Allah Sizi qorusun. Həm kəndimizdə, həm də Laçında görülən işlərin miqyası o qədər böyükdür, hamısını sadalamaq olmur.

Prezident İlham Əliyev: Gördünüz Laçın şəhəri necə də gözəldir.

Sakinlər: Bəli, görürük, izləyirik, baxırıq.

Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun.

Sakinlər: Çox sağ olun. Təşəkkür edirik.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

Sakin: Gələn ayaqlarınız var olsun. Sənə qurban olum. Allah atana rəhmət eləsin. Bəli, 30 il ayrılıqdan sonra bizi vətənimizə qovuşdurdun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Sağ ol, dünya durduqca durasan. Allah Sizi, xalqımızı qorusun. Qara buludu üstümüzdən götürdün. Bu xalq rahat yaşasın. Qurban olum sənə, əziyyət çəkmisən, bu xalqın, bu millətin əziyyətini çəkmisən.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah şəhidlərimizə rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah şəhidlərə rəhmət eləsin.

Sakin: Allah qazilərimizə şəfa versin. Allah Səni Azərbaycan xalqının üstündən əskik eləməsin. Sən, bizi 32 illik həsrətdən qurtardın.

Sakin: Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır.

Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım.

Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Şəhidlərimizə Allah rəhmət eləsin.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Sakin: Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimiz buradadır, biz onların hesabına Qələbə çalmışıq.

Sakin: Biz Prezidentimizin, Ali Baş Komandanımızın hesabına qələbə çalmışıq. Ulu Öndərimizə Allah rəhmət eləsin.

Sakin: Bizim arxamızda cənab Prezident var idi.

Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin.

Sakin: Çıxışlarınızda deyirsiniz, ata vəsiyyətini yerinə yetirdim. Sənə qurban olum, gözəl sözdür.

Sakin: Cənab Prezident olmasaydı, biz o Qələbəni qazana bilməzdik.

Prezident İlham Əliyev: Salam, qızım, salam.

Sakin: Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Mən birincisi şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarının əllərindən öpürəm. Qazilərimizə Allah cansağlığı versin. Bu çöllərdə istidə, yağışda, qarda xidmət edən əsgər balalarımıza Allah ömür versin, qəfil dərddən, bəladan qorusun. Bu günümüzə şükür. Şükür ki, bu sevinci, bu gözəl günü Siz bizə yaşatdınız, mümkün olmayanı mümkün etdiniz. Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Bundan sonra burada, öz doğma dədə-baba torpağınızda rahat yaşamalısınız, xoşbəxt yaşamalısınız.

Sakin: Allah ölənlərimizə də rəhmət eləsin, atalarımıza, analarımıza, cavanlarımıza. Ruhları şad olsun. Bu günə şükür.

Prezident İlham Əliyev: Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz – bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq.

Hərbçi sakin: Bizim cənab polkovnikimiz bu müharibədə çox əziyyət çəkdi.

Sakinlər: Allah dəyməsin, Allah qorusun.

Prezident İlham Əliyev: Bundan sonra da müharibə olmamalıdır. Biz öz müharibəmizi bitirmişik. O, ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm 1 gün. Onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, dəmir yumruğu görəcək.

Sakin: Sağ ol, qadan alaram, sağ ol. Sənə qurban olaram. Cənab Prezident, Allah Sizi qorusun. Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Özü də bilirsiniz ki, bu işğal dövründə bəzi torpaqları guya bizə qaytaracaqdılar. Amma Laçından, ümumiyyətlə, söhbət aparmırdılar.

Sakin: Mümkün deyildi. Bir dənə güllə atılmadan Laçını aldın. Sənə qurban olum, Sənin başına dönüm.

Sakin: Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan alındı.

Prezident İlham Əliyev: Çünki biz haqq yolundayıq, ona görə Allah da həmişə bizə yardımçı olur.

Sakin: Bəli, haqq yolundayıq. Allah Sizin kölgənizi bu xalqın üzərindən əskik etməsin. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi. Siz də xoş gəlmisiniz.

Sakin: Çox sağ olun, cənab Prezident, bu günü bizə yaşatdınız. 31 ildən sonra mən yaşda insanı vətəninə qaytardığınıza görə, Sizə çox təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Sakin: Allah qazilərimizə cansağlığı versin, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm, var olun, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Amin.

Sakin: Siz yeganə prezidentsiniz ki, torpaqlarımızı bizə qaytarmısınız, təkcə Laçını yox. Çox sağ olun. Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çox sağ olun, Allah Sizdən çox-çox razı olsun. Dövlətimizin üstündən əskik olmayın. Allah o dəmir yumruğu var eləsin.

Prezident İlham Əliyev: Sağ olun, 13 il əvvəl Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla öz doğum günümdə görüşmüşəm. Onlara söz vermişdim ki, biz hamımız qayıdacağıq və o gün də gəldi.

Sakin: Bəli, Siz Allahın, ordumuzun köməyi ilə bunu etdiniz.

Prezident İlham Əliyev: İndi Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İndi Zabuxda, Susda, Güləbirddə iş gedir. O biri kəndlərdə də iş gedir. Hava limanı inşa edilir, gələn il hazır olacaq.

Sakin: İnşallah.

Prezident İlham Əliyev: Şuşa-Laçın yolu da qısalacaq.

Sakin: İnşallah, gör hara ilə Siz yol çəkirsiniz, dağları yarırsınız, aeroporta yol çəkirsiniz.

Sakin: Mən neçə illərdi arzulamışam ki, bu yaşımda gedim ad günümü Laçında, Sus kəndimdə keçirim. İyulun 1-i mənim ad günümdü.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun.

Sakin: Cənab Prezident, bu görüşümüz həqiqətən də çox gözəl günə təsadüf edir. Bu gün bizim möhtərəm Ulu Öndərimizin 101 illiyidir. Mən özüm 271 saylı məktəbdə işləyirəm. Ulu Öndərimiz bizim məktəbimizə gəlmişdi. Mən o məktəbdən gəlmişəm buraya. Arzu edirəm ki, Sus sakini olaraq sentyabrın 15-dən mən də bu məktəbdə işləyim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Sakin: Gənclərimiz də burada qalsınlar. Öz yurdumuzda qurub-yaradaq. Sus sakinləri adından Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sus kəndində, Zabuxda məktəblər var. Laçın şəhərində 2 nömrəli məktəb tikilib, 1 nömrəli məktəb də inşa ediləcək.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sizi verən Allaha şükür. Allah Sizi əskik eləməsin.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı arzu edirəm, burada xoşbəxt yaşayın.

Sakin: Eşq olsun Ali Baş Komandanımıza!

Sakin: Allah razı olsun, ailəmin adından və öz adımdan Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah kölgənizi əskik etməsin bu xalqın üstündən, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Ali Baş Komandan, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın. Xoşbəxt yaşayın burada.

x x x

Sonra Prezident İlham Əliyev və sakinlər Həkəri çayının sahilinə gəldilər.

x x x

Sakin: Bizdən ötrü gecə-gündüz yatmırsınız. 24 saatın 4 saatını yatırsınız demişəm.

Prezident İlham Əliyev: Sağ olun. Bundan sonra doğma Laçın torpağında xoşbəxt yaşayın.

Sakinlər: Təşəkkür edirik, bu şəraiti yaratdığınız üçün. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Təbrik edirəm. Xoşbəxt yaşayın. Siz buna layiqsiniz.

Sakin: Çox sağ olun. Həm də Sizi öz kəndimizdə görmək böyük bir xoşbəxtlikdir.

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Sənin qadan alım, dünya durduqca dur. Allah atana rəhmət eləsin, torpağı sanı Allah sənə ömür versin.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

Cənnətdəki dördüncü doğum günündə, 24 yaşının tamamında-YARDIMLILI, XÜSUSİ TƏYİNATLI VƏ ANASI İLƏ EYNİ GÜNDƏ DÜNYAYA GƏLƏN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZAHİD ZAİRLİNİN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS TƏŞKİL EDİLDİ, İGİDLİYİ VƏ QƏHRƏMANLIĞINDAN BƏHS OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir