“Hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik…”-Rusiya Prezidenti – Putin, İlham Əliyev və Paşinyan arasında – ÜÇTƏRƏFLİ GÖRÜŞ -BİRGƏ BƏYANAT VERİLDİ – FOTO-VİDEO – YENİLƏNİB – (5)

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

14:00

*** 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir.

Hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.

15:30

***

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Qarabağ üzrə nizamlanmanın əsas istiqamətləri ilə bağlı yeni addımları müzakirə etməyi təklif edib.

Bu haqda isə APA məlumat yayıb.

Məlumata görə, Kremldə keçirilən üçtərəfli görüşdə çıxışında Rusiya prezidenti bildirib ki, Qarabağ üzrə razılaşma ardıcıllıqla icra olunur, bu da münaqişənin ədalətli həllinə zəmin yaradır:

“Bu gün biz məmnunluqla qeyd edə bilərik ki, üçtərəfli bəyanat ardıcıllıqla həyata keçirilir. Əminik ki, bu, münaqişənin uzunmüddətli və tamformatlı, Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun ədalətli həllinə zəmin yaradır”.

Rusiya Prezidenti Dağlıq Qarabağda vəziyyətin sakit olduğunu, artıq 48 min məcburi köçkünün geri qayıtdığını diqqətə çatdırıb.

Putin bildirib ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı:

“Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”.

Rusiya lideri qeyd edib ki, regionda iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin açılmasına xüsusi diqqət yetirilməlidir.

“Nəzərdə tutulur ki, Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi altında üçtərəfli xüsusi işçi qrup bu məsələlərlə məşğul olacaq”.

Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib:

“Biz hamımız sözsüz ki, bunda maraqlıyıq”.

16:30

***

Görüşdə çıxış edən Rusiya Federasiyasının Prezidenti V.Putin deyib:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli Nikol Vovayeviç.

Sizi Moskvada salamlamağa çox şadam. Sizə minnətdaram ki, keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək təklifimizi qəbul etmisiniz.

Rusiya ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirir. Buna görə də biz alovlanmış silahlı münaqişəni həyəcanla və insanların taleyinə görə narahatlıqla izləyirdik. Təəssüf ki, genişmiqyaslı hərbi əməliyyatlar xeyli sayda insan tələfatına gətirib çıxarıb, Cənubi Qafqazda onsuz da mürəkkəb olan vəziyyəti kəskinləşdirib, terrorizmin yayılma riskini artırıb.

Hörmətli həmkarlar, sizə təşəkkür etmək istəyirəm ki, Rusiya tərəfinin qan tökülməsini dayandırmağa, vəziyyəti sabitləşdirməyə kömək etməyə və davamlı atəşkəsə nail olmağa yönəlmiş fəal vasitəçilik səylərini müsbət qəbul etmisiniz. Ölkələrimizin diplomatik və hərbi idarələri bu mürəkkəb məsələnin həlli üzərində gərgin iş aparıblar. Biz sizinlə daim əlaqədə olmuşuq, birlikdə kompromis axtarmışıq.

Məhz bizim birgə səylərimiz nəticəsində intensiv, o cümlədən xatırladığınız kimi, noyabrın 9-da gecə vaxtı telefon danışıqlarımızdan sonra üçtərəfli Bəyanat razılaşdırıldı və biz sizinlə onu imzaladıq. Məlum olduğu kimi, bu baza sənədində, hər şeydən əvvəl, hərbi əməliyyatların tamamilə dayandırılmasından, regiona Rusiya sülhməramlılarının göndərilməsindən və xüsusilə əhəmiyyətli olan odur ki, hərbi toqquşmalardan zərər çəkmiş dinc əhalinin normal həyata qayıtmasına hərtərəfli və səmərəli kömək göstərilməsindən söhbət gedir.

Bu halda xüsusi qeyd etmək istərdim ki, Rusiya özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı.

Biz öz hərəkətlərimizi mütəmadi olaraq tərəfdaşlarımız – Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaqda davam edirik.

Bu gün məmnuniyyətlə qeyd etmək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşır. Biz əminik ki, bu, çoxdan davam edən münaqişənin ədalətli əsasda, həm erməni, həm də Azərbaycan xalqlarının mənafelərinə uyğun olaraq uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri ilkin şərait yaradacaq.

Dağlıq Qarabağda təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət edilməsinə nəzarət üçün Ermənistan və Azərbaycan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Atəşkəs rejiminə riayət edilməsinin təmin olunması üçün səmərəli sistem yaradılıb. Rusiya sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi fəaliyyət göstərir, daha dörd əlavə post dəhliz boyunca hərəkətin təhlükəsizliyinə cavabdehdir. Hazırda regionda vəziyyət sakitdir.

Biz məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox iş görürük. Noyabrın 14-dən keçən müddətdə 48 mindən çox insan artıq Qarabağa qayıdıb. Əsirlər və həlak olanların cəsədləri Rusiyanın vasitəçiliyi ilə dəyişdirilib.

Beynəlxalq Humanitar Müşahidə Mərkəzi uğurla fəaliyyət göstərir. Ölkələrimizin mütəxəssisləri bu mərkəz çərçivəsində yaşayış məntəqələrinin normal həyatının nizamlanması, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması ilə bağlı ümdə məsələləri həll edirlər. Mərkəzin əməkdaşları enerji və istilik təchizatının bərpası ilə məşğul olurlar.

Rusiyadan münaqişə zonasına 800 tondan artıq tikinti materialı, ümumilikdə 1,5 milyon tondan çox humanitar yük çatdırılıb. Əhaliyə tibbi yardım göstərilir. 479 hektardan çox ərazi minalardan təmizlənib, 182 kilometr yol, 710 bina və tikili yoxlanılıb. Partlayış təhlükəsi olan 22 mindən çox əşya aşkar olunub və məhv edilib.

Fikrimcə, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması vacib olardı. Mən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam.

Regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin açılması məsələsi xüsusi diqqətə layiqdir. Nəzərdə tutulur ki, bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli xüsusi işçi qrup məşğul olacaq.

Hörmətli həmkarlar, ümidvar olduğumu bildirmək istərdim ki, bizim bugünkü danışıqlar işgüzar şəraitdə keçəcək, regionda möhkəm sülhün, təhlükəsizliyin və davamlı sosial-iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək. Şübhəsiz, biz hamımız bunda maraqlıyıq.

17:35

***

Rusiya Prezident V. Putin, Azərbaycan Prezidenti İ. Əliyev və Ermənistanın baş naziri N. Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Onlar həmçinin bəyanat imzalayıblar.

https://video.azertag.az/site/video/110573

19:45

***

Rusiya Prezidenti Vladimir Putinin bəyanatı

-İlk növbədə, həmkarlarıma – həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.

Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.

Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.

Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

Bu məqsədlə üç hökumətin – Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.

Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.

Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun.

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı

-Hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edim. Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır. Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər – bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir.

Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.

20:38

***

“Azərbaycan Respublikası Prezidentinin,Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı         

11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.

2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.

3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.

4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev 

Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan

 Rusiya Federasiyasının Prezidenti V.V.Putin”. 

Etikxeber.az

Read Previous

“Son danışıqlar təsdiq etdi ki, Azərbaycanın milli maraqları, mənafeyi hər şeydən üstündür və heç bir kənar qüvvə milli dövlətşiliyimizə, suverenliyimizə və dövlət maraqlarımıza zidd heç bir hərəkət edə bilməz”-SABİQ DEPUTAT

Read Next

“Əminəm ki, erməni tərəfi 9 noyabr tarixli Bəyanatı təftiş etmək üçün heç bir cəhd göstərməyəcək…”-İlham Əliyev – AZƏRBAYCAN VƏ RUSİYA LİDERLƏRİNİN İKİTƏRƏFLİ GÖRÜŞÜ OLDU – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir