“Yaxşı fürsət tapan kimi gələcəyəm…” – PAKİSTANIN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni qəbul edib.

Etikxeber.az xəbər verir ki, İ. Əliyevin həmçinin,Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.

tacini-ilya-bmt

***

İ. Əliyevin eyni zamanda, Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhan ilə görüşüb.

sudan-ilya

***

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunduğunu, bu tədbirin dünyada sülhün qorunması, əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirdi.

Qonaq Bakıya səfəri çərçivəsində Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda, Sumqayıt Texnologiyalar Parkında, “ASAN xidmət”də olduğunu, bu xidmətin fəaliyyətinin yüksək səviyyədə təşkil edildiyini vurğuladı.

Prezident İlham Əliyev Ticani Məhəmməd-Bandenin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki iştirakının önəmini qeyd etdi, onun dünənki çıxışında dəyərli fikirlər səsləndirdiyini bildirdi. Dövlətimizin başçısı bu səfərin BMT ilə Azərbaycan arasında gələcək əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün də yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev qonağın “ASAN xidmət”də olmasını qeyd edərək, “ASAN xidmət”in Azərbaycanın təşəbbüsü ilə yaradıldığını, onun BMT-nin mükafatına layiq görüldüyünü bildirdi. Dövlətimizin başçısı bu xidmətin təcrübəsindən artıq xarici ölkələrdə də istifadə olunduğunu, Əfqanıstanda “ASAN xidmət”in fəaliyyətə başladığını dedi, bununla Azərbaycanın artıq öz intellektual məhsulunu ixrac etdiyini vurğuladı. Prezident İlham Əliyev əhaliyə sosial dəstək məqsədilə “DOST” xidmətinin də yaradıldığını, yaxın gələcəkdə 30-dan çox mərkəzin açılacağını bildirdi. Ticani Məhəmməd-Bandenin Sumqayıta səfərinə toxunan dövlətimizin başçısı Sumqayıt Texnologiyalar Parkında həyata keçirilən işlərdən danışdı, orada böyükhəcmli ekoloji tədbirlərin görüldüyü qeyd etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərdən danışdı, texnologiyalar sahəsinin inkişafına Azərbaycanda böyük önəm verildiyini dedi, ölkəmizdə kosmik sənayenin yaradıldığını bildirdi. Dövlətimizin başçısı Amerikada Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhərinin 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazandığını qeyd etdi, bu mötəbər beynəlxalq tədbirin bir neçə şəhər arasında məhz Bakıda keçirilməsi ilə bağlı qərarın ölkəmizin bu sahədə gördüyü işlərə beynəlxalq aləmdə verilən qiymətin təzahürü olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafına da böyük əhəmiyyət verildiyini, ölkəmizə gələn çoxlu sayda turistlərə qısa zamanda asanlıqla elektron viza almaq üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyini, ölkəmizdə müxtəlif xalqların və dinlərin birgə yaşaması üçün hər cür şəraitin yaradıldığını, beynəlxalq ictimaiyyətin ölkəmizdə bu sahədə aparılan işləri yüksək qiymətləndirdiyini dedi, tarixi-dini abidələrin dövlət səviyyəsində qorunması istiqamətində tədbirlərin görüldüyünü bildirdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Prezident İlham Əliyev Prezident Arif Alvini qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Prezident Arif Alvinin görüşü oldu.

Prezident Arif ALVİ dedi:

-Maşallah, üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcəksiniz.

Prezident İlham ƏLİYEV dedi:

-Bəli, dünən Sizin dəstəyinizlə biz fəaliyyətə başladıq. Bizim Qoşulmama Hərəkatına sədr kimi namizədliyimizi dəstəklədiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Qarşıdakı üç il ərzində biz üzv ölkələr arasında həmrəyliyi gücləndirmək, onlar üçün həssas olan məsələlərin həlli məqsədilə əlimizdən gələni etməyə çalışacağıq. Biz, əlbəttə ki, beynəlxalq hüquq, ədalət və Bandunq prinsiplərini dəstəkləyəcəyik. Bunlar bizim prinsiplərlə, yəni, ərazi bütövlüyü, müstəqillik, suverenlik, bir-birinin işlərinə qarışmama ilə üst-üstə düşür. Bunlar Azərbaycanın beynəlxalq arenada müdafiə etdiyi bütün əsas prinsiplərdir. Hesab edirəm ki, siyasətimizin önəmli elementlərindən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icra edilməməsi məsələsinin həllinə çalışmaq olacaq.

Prezident Arif ALVİ: Birləşmiş Millətlər Təşkilatı kimi…

Prezident İlham ƏLİYEV: Bəli, Birləşmiş Millətlər Təşkilatı kimi. Bizim timsalımızda söhbət erməni qoşunlarının qeyd-şərtsiz olaraq və dərhal ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamədən gedir. Lakin onlar icra olunmur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günə icra olunur.

Prezident Arif ALVİ: Qoşulmama Hərəkatı burada böyük rol oynaya bilər.

Prezident İlham ƏLİYEV: Biz əlbəttə ki, bunu edəcəyik. Biz ikili standartlara qarşı mübarizə aparacağıq. Fürsətdən istifadə edərək, cənab Prezident, mən hökumətinizə, qardaş Pakistan xalqına Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Pakistanın Azərbaycan ərazilərini işğal etdiyinə görə Ermənistanla diplomatik münasibətlər qurmaması faktı bizim xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

Prezident Arif ALVİ: Təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Bizim xalqımız bunu bilir. Xalqımız bilir ki, siz əsl qardaşlarsınız və qardaşlığın bu misilsiz jesti tərəfimizdən həqiqətən yüksək qiymətləndirilir. Biz hazırda bir çox sahələri əhatə edən yaxın qardaşlıq münasibətlərini qurmuşuq. Mən Sizin gözəl ölkənizə bir neçə dəfə səfər etmişəm.

Prezident Arif ALVİ: Bəli.

Prezident İlham ƏLİYEV: Çox şadam ki, Siz bizə səfər edirsiniz, lakin biz Sizin rəsmi səfərinizi gözləyəcəyik.

Prezident Arif ALVİ: Bəli, elədir. Yaxşı fürsət tapan kimi gələcəyəm. Zati-aliləri, biz ticarətin artırılmasına, bir sıra sahələrdə əməkdaşlığın inkişafına diqqət yetirməliyik. Hesab edirəm ki, biz təhsil və səhiyyə sahələrində əməkdaşlıq edə bilərik. Mən geri qayıdandan sonra Pakistanın yaxşı təhsil verən və yaxşı xəstəxana, müalicə xidmətləri təklif edən qurumlarını Bakıda standartlara cavab verən xəstəxana və məktəblər tikmək imkanlarını nəzərdən keçirməyə ruhlandıracağam. Eyni zamanda, Azərbaycan neft sektorunda möhtəşəm, uzunmüddətli təcrübəyə malikdir. Mən Qvadarda neft emalı müəssisəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etmək istərdim. Qvadar dəniz limanıdır.

Prezident İlham ƏLİYEV: Bəli, bilirəm.

Prezident Arif ALVİ: Şimal-Cənub dəhlizi faktiki olaraq Çabahardan keçir. Qvadarla da bağlantı yaratmaq olar ki, Azərbaycan cənubdakı okean vasitəsilə bütün təchizat məhsullarını ixrac edə bilsin. Bir çox sahələrdə əməkdaşlığı artırmaq mümkündür.

***

Abdel Fattah Abdelrahman Al-Burhan Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

O, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliyini vurğuladı. Abdel Fattah Abdelrahman Al-Burhan Azərbaycanın inkişafının, ölkəmizdə olan sabitliyin və əmin-amanlığın, paytaxt Bakının gözəlliyinin onda böyük təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişafına və həmrəyliyin gücləndirilməsinə töhfə verəcəyini dedi.

Görüşdə Azərbaycan ilə Sudan arasında iqtisadi-ticari, elm-təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü – BAŞA ÇATDI – YENİLƏNİB

Read Next

“Dedim ki, niyə də cəhd etməyək?” – İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir