İlham Əliyev və Mehriban Əliyeva yeni tikilən “Böyükşor” yarımstansiyasının-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Böyükşor” yarımstansiyasının açılışında iştirak etdilər.

Etikxeber.az xəbər verir ki, dövlət başçısına və birinci xanıma yarımstansiya barədə məlumat verildi.

Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.

17:00

***

Bu yarımstansiya paytaxtın Sabunçu, Binəqədi, Nərimanov və Nizami rayonlarında yerləşən bir sıra mövcud və tikilməsi planlaşdırılan iri infrastruktur obyektlərinin, sosial-sənaye müəssisələrinin və əhalinin dayanıqlı elektrik təchizatını təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.

“Böyükşor” yarımstansiyası Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq xətlərin və yarımstansiyaların yüklənməsini aradan qaldıracaq, xətlərdəki itkiləri azaldacaq, enerji qovşağının sxem etibarlılığını və yükötürmə qabiliyyətini artıracaq. Bu yarımstansiya, eyni zamanda, mövcud 110 kilovoltluq yarımstansiyaların qidalanma sxemlərini təkmilləşdirəcək, tikilməsi nəzərdə tutulan yeni 110 kilovoltluq yarımstansiyaların enerji sisteminə qoşulması məsələlərini həll edəcək.

Yeni yarımstansiya qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi də nəzərə alınıb. Yaxın vaxtlara qədər Bakının mərkəz hissəsinin şimal zonasının elektrik enerjisi ilə təchizatı “Xırdalan” yarımstansiyasından çıxan xətlər və 8 yarımstansiya vasitəsi ilə həyata keçirilirdi ki, bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında bəzi çətinliklər yaradırdı. “Böyükşor” yarımstansiyasının istifadəyə verilməsi ilə bu məsələ artıq həllini tapıb. Yarımstansiyada üç müasir transformator quraşdırılıb, mövcud 2-ci “Hövsan” və 3-cü “Ramana” hava xətlərinin yarımstansiyaya giriş-çıxışı təmin edilib. Hazırda “Binəqədi” yarımstansiyasının yüklənməsini azaltmaq və etibarlılığını yüksəltmək məqsədilə bu yarımstansiyaya kabel xətlərinin çəkilişi davam edir.

Qeyd edək ki, son iki ilə qədər Bakıda və Abşeron yarımadasında cəmi beş ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi. Onların dördü istismar müddətini başa vurmuşdu. Ötən iki ildə isə “Böyükşor” yarımstansiyası və “Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilib. Beləliklə, Bakı şəhərindəki 220 kilovoltluq yarımstansiyaların sayı yeddiyə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli 220 kilovoltluq dörd yarımstansiyadan ikisində – “Müşfiq” və “Xırdalan” yarımstansiyalarında yenidənqurma işləri tamamlanıb, “Nizami” və “Hövsan” yarımstansiyalarında isə işlər yaxın vaxtlarda başa çatdırılacaq.

Etikxeber.az

Read Previous

Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, daha bir hərbçimiz-ŞƏHİD OLDU VƏ TORPAĞA TAPŞIRILDI – YENİLƏNİB

Read Next

Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub, bütün PUA-lar sıradadır, itki yoxdur, düşmənin PUA-sı, kazarması məhv edilib …-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB – (7) – FOTO-VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir