İlham Əliyev Xocalı soyqırımı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki,  sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qeyd edək ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutublar.

Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edib. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalıb. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilməyib.

2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir qismini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib.

Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz vardır. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir.

Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Etikxeber.az

Read Previous

Prezident “Xəzər”-ə icra başçısı təyin etdi – SƏRƏNCAM

Read Next

Reus Dortmund şəhərinin ən yaxşı idmançısı seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir