“Köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq…”-İlham Əliyevlə Mehriban Əliyeva-FÜZULİ RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDÜ, BİRİNCİ VİTSE-PREZİDENT PAYLAŞIM ETDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlətimizin başçısı ilk yaşayış binalarının təməlini qoyub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Daha sonra dövlətimizin başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub.

Səfərlə bağlı hazırlanan geniş reportaj oktyabrın 18-də təqdim olunacaq.

***

Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi öz əllərimizlə yaradırıq.

Bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Növbəti dövr üçün nəzərdə tutulmuş hədəflərin də təmin ediləcəyinə əmin olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli rayonuna səfərlə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Qürur hissi!!! Füzuli rayonuna səfər zamanı Vətən Müharibəsi Qəhrəmanları – polkovnik Hüseynov Telman Əsgər oğlu və mayor Səfərov Elvin Sərraf oğlu ilə görüş. Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun!”

21:30

***

22:07, 17 oktyabr

***

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd” layihəsi ilə tanış olublar.

Kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçısına və birinci xanıma layihə haqqında məlumat verdi. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə “Ağıllı kənd” təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Prezident İlham Əliyevə kəndə yatırılacaq özəl investisiyalar və məşğulluq layihələri ilə bağlı da məlumat verildi. Bildirildi ki, burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Tarlada 20 daimi iş yeri yaradılacaq.

Kənddə biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.

Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.

Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev Dövlətyarlı kəndində yeni salınacaq “Ağıllı kənd”in təməlini qoydu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma tədbirində iştirak ediblər.

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına və birinci xanıma Mərkəz haqqında məlumat verdi.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Diqqətə çatdırıldı ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Prezident İlham Əliyev Mərkəzin təməlini qoydu.

Qeyd edək ki, dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkında ağac əkiblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanıma yaradılacaq yeni park barədə məlumat verdi.

Bildirildi ki, burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma yeni yaşayış məhəlləsi barədə məlumat verildi.

Bildirildi ki, 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev Füzuli şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlini qoydu.

Etikxeber.az

Read Previous

Xəzərdə Azərbaycan sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb-DSX MƏLUMAT YAYDI

Read Next

“Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”-İLHAM ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir