“İlk növbədə özümüz-özümüzün sağlamlığının qeydinə qalmalı, həm özümüzü qorumalı, həm də başqalarının həyatını risqə atmamalıyıq”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNDİ

Bu gündən yenidən ölkənin bir necə bölgəsində sərtləşdirilmiş xüsusi karantin rejiminə keçilib. Bakı şəhəri də daxil olmaqla, 8 şəhər və rayonumuzda iki həftəlik sərtləşdirilmiş xüsusi karantin günləri tətbiq edilib. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədəki karantin rejimi avqustun 1-dək uzadılıb. İnsanlarımız, vətəndaşlarımız üçün nə qədər çətin və ağır olsa da, belə bir addıma gedilməsinə mütləq şəkildə ehtiyac duyulurdu. Çünki xüsusi karantin rejiminin bir neçə yumşaldılması əks effektini, müsbət olmayan nəticələrini verdi. Belə ki, ölkə ərazisində koronavirus infeksiyasına yoluxma və ölüm halları nəinki azaldı, əksinə artdı.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, 200-lərlə, 300-lərlə ifadə olunan rəqəmlər, yoluxmalar, artıq 500-lük həddə gəlib çatıb.

“Dünənki-son statistikaya görə, koronavirusa yoluxanlarımızın sayı 471-ə çatdı. Bu, çox ağrıdıcı, çox narahatedici bir rəqəmdir. Bu, hamımızı düşündürməlidir və düşündürür. Amma vəziyyətin bu həddə gəlib çatmasında yumşaldılma tədbirlərindən sui-istifadə edənlərin, əvvəldən bu xəstəliyə, bu virusa inanmayaraq, məsuliyyətsizlik göstərənlərin, tibbi maskalardan və əlcəklərdən istifadə etməyənlərin, sosial məsafəni gözləməyənlərin böyük rolu və günahı var. Onlar çağırışlara, xəbərdarlıqlara, tələblərə, tövsiyələrə, verilən qaydalara və ortaya qoyulan qaydalara əməl etməyərək, həm özlərinin, həm də başqalarının həyatlarını risq və təhlükə altına atdılar. Bunlar, qətiyyən yolverilməz və qəbuledilməzdir. Hamı kimliyindən asılı olmayaraq, karantin rejiminin tələblərinə, şərtlərinə sonunacan əməl etməlidir. Burada ikinci bir söhbət ola bilməz.

Bəli, bir dəfə qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm ki, artıq 5 aya yaxındır davam edən bu virus, bu bəla, qağadağlar insanları yorub, əsəblər tarıma çəkilib, digər məqamlar da var, ancaq bununla belə, hər birimiz ilk növbədə özümüz-özümüzün sağlamlığının qeydinə qalmalı, keşiyində dayanmalıyıq, həm özümüzü qorumalıyıq, həm də başqalarının həyatını risqə atmamalıyıq. Bu bəla tək bizim ölkəmizlə bağlı deyil, dünyanı başına almış, insanlıq dramı yaşatmış və yaşatmaqda davam edən bir bəladır. Ona görə hər kəs bəlanın ciddiyyətini anlamalı və anlayış göstərməlidir. İnanıram və əminəm ki, nə qədər çətin olsa belə, xüsusilə də, havaların istiləşməsi fonunda, hər kəs bu müddət ərzində də məsuliyyətli, səbrli, təmkinli, iradəli olacaq, bütün verilən qərarlara, tələb edilən şərtlərə hamılıqla-bir nəfər kimi əməl edəcək, həm özlərini, həm də digərlərini qoruyacaqlar. Biz yalnız birlikdə bu bəladan qurtula bilərək və birlikdə də qurtulacağıq. Allah hər birimizə kömək və yardımçı olsun”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Seçicilərimin problemlərini qaldırmağa, ictimailəşdirməyə heç kim mane ola bilməz”-MİLLƏT VƏKİLİNDƏN YENİ ÇAĞIRIŞ

Read Next

“Birinci katibimiz günlərin birində pencəyimin yaxasını düymələmədiyimə görə mənə iradını çatdırdı…”-JURNALİST HACI RAFİQ KEÇDİYİ YOLDAN, MƏNZİL PROBLEMİNDƏN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir