Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sinan Məhəmməd oğlu Məmmədovun doğum günüdür.
Sinan Məmmədovun bu gün-10 sentyabr 2026-cı il tarixində 26 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğüm günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Gədəbəyli olan Sinan Məmmədov 2000-ci ilin 10 sentyabr tarixində Bakı şəhərinin Nərimanov rayonunda dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Sinangil əslində ailədə dörd uşaq-iki qardaş, iki bacı olublar…
Ancaq ondan sonra dünyaya gələn bir qardaşı və bir bacısı elə körpəykən vəfat ediblər…
Balaca və tək bacısı Cansu yaş yarımlıq olarkən, 2013-cü ilin sentyabr ayında isə atasını-atalarını vaxtsız və faciəli şəkildə itiriblər…
Ataları Məhəmməd Məmmədov yol qəzasında, cəmi 39 yaşında faciəli şəkildə dünyasını dəyişib…
Anaları, səhhətində problemləri olan Rəsmiyyə xanım həmin gündən, 2013-cü ilin sentyabr ayının 17-dən onlara-övladlarına həm analıq, həm də atalıq edib…
Sinan 2006-2017-ci illərdə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 və 193 nömrəli tam orta məktəblərdə təhsil alıb…
Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin aprel ayında Əsgərliyə yollanıb, Goranboy və Tərtər istiqamətlərində yerləşən “N” saylı hərbi hissələrdə xidmət edib…
Hərbi xidmətdə olduğu dövrdə ona həm də Kiçik çavuş hərbi rütbəsi verilib…
Eyni zamanda, hərbi xidmətini başa vurmağa az qalmış, İkinci Vətən Müharibəsindən cəmi günlər öncə yenidən həyatını Ordu, hərb ilə bağlamaq qərarı verib, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərmək üçün 3 illik müqavilə imzalayıb…

Ancaq İkinci Vətən Müharibəsinin başlaması ilə hərbçi-MAXE olmaq arzusu yarımçıq qalıb…
Müharibənin 3-cü günündə, sentyabrın 29-da, 20 yaşının tamamından cəmi 19 gün sonra Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…
Şəhidliyindən cəmi saatlar öncə isə axırıncı dəfə, 29-u gecə saatlarında anası Rəsmiyyə xanımla danışıb…
29-u saat 11-12 radələrində də Sinanın Şəhidliyi xəbəri ailəsinə-anasına verilib…
Və elə həmin gün nəşi Bakı şəhərində yerləşən Dədə Qorqud Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və bu ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…
Sinan həm də subay olub.
***
Bu gün həm də Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Murad Bayram oğlu Yunusovun Cənnətdəki altıncı doğum günüdür.

Murad Yunusovun bu gün 25 yaşı tamam olur.
Murad Yunusov 2001-ci ilin 10 sentyabr tarixində Kürdəmirin Şahsevən kəndində dünyaya göz açıb.
Ailədə 3 övlad, 3 qardaş olublar.
Şəhidliyindən bir müddət sonra atası Bayram kişi dünyasını dəyişib.
Murad Kürdəmirin Köhnəbazar kənd orta məktəbində oxuyub.
Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.
2020-ci ilin sentyabrın 27-də İkinci Vətən Müharibəsi başlayanda Murad artıq bir il idi ki, Azərbaycan Ordusunun Əsgəri idi.
Füzulidən döyüşlərə başlayan Murad Xocavəndin, Cəbrayılın, Zəngilanın, Qubadlının azad edilməsi uğrundakı döyüşlərdə igidliklə vuruşub.
Son döyüşü Şuşa istiqamətində olub və noyabrın 4-də qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi dünyaya göz açdığı Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ilə təltif olunub.
Murad da Sinan kimi subay olub.
***
Bu gün eyni zamanda, Sabirabad rayonunun Xəlifəli kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Ağacan Əfsər oğlu Rəsulovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
Onun 29 yaşı tamam olur.
Qeyd edək ki, Ağacan Rəsulov 1997-ci ilin sentyabr ayının 10-da Sabirabad rayonunun Xəlifəli kəndində sadə bir ailədə anadan olub.
Ağacangil ailədə iki uşaq, bir bacı, bir qardaş olublar.
Ağacan orta məktəbi bitirdikdən sonra, 2015-2017-ci illərdə Tərtər istiqamətində hərbi xidmətdə, Əsgərlikdə olub.
2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Əsgərlikdən sonra bir müddət kənddə fəhləliklə, sonra isə Bakı şəhərində yerləşən “Xəzər” balq evində baş ofisiant işləyib.
2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub.
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.
Füzulidən Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.
Axınırcı dəfə ailəsi ilə noyabrın 1-də danışıb.
Ondan sonra Ağacanla əlaqə saxlamaq mümkün olmayıb.
Noyabrın 8-də Şuşada, Şuşanın işğaldan azad edildiyi gün isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 10 gündən sonra, noyabrın 18-də Xəlifəli kənd qəbiristanlığında dəfn edilib.
Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ağacan da subay idi.
O, həm də atasını bir neçə il öncə itirib.
Ağacanın əmisi Rəsul Əli oğlu Rəsulov da Şəhiddir.
O, Birinci Qarabağ Savaşında, 19 yaşında, 1993-cü ilin dekabr ayının 13-də Füzuli uğrunda döyüşlərdə Şəhid olub.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





