“İllərdir çox şəraitsiz, çox darısqal, ev adlandırılması belə mümkün olmayan bir “ev”də, daxmada yaşayırıq…Cəmi 18 kvadratmetlik bir “ev”də…”-ŞƏHİD CƏMİL MƏMMƏDLİNİN ANASI AYGÜN MƏMMƏDOVA ÖLKƏ PREZİDENTİ VƏ BAŞ NAZİRƏ MÜRACİƏT ETDİ

İkinci Vətən Müharibəsinin Şəhidi Cəmil Məmmədlinin anası Aygün Məmmədova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab, Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən Məmmədova Aygün Kamal qızı İkinci Vətən Müharibəsinin Şəhidi Cəmil Habil oğlu Məmmədlinin anasıyam. Oğlum Cəmil Məmmədli 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakultəsinin materialşünaslıq fakultəsində təhsil alıb və bakalavr pilləsində təhsilini başa vurduqdan dərhal sonra, 2020-ci ilin yayında (iyulunda) hərbi xidmətə yollanıb. İkinci Vətən Müharibəsinin ilk günlərindən də döyüşlərdə olub, döyüşüb, vuruşub, qəhrəmanlıqlar nümayiş etdirib və oktyabr ayında ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb, canını Vətən, Torpaq, Qarabağ uğrunda fəda edib.

Ölümündən sonra da igidliyi, qəhrəmanlığı dövlətimiz, Qalib, Müzəffər Ali Baş Komandanımız kimi Sizin tərəfinizdən dəyərləndirilib, 3 medalla təltif olunub. Onu da qeyd edim ki, Cəmilim evin tək oğlu, tək oğlan övladı olub. Sizin-Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə edilən, qazanılan 44 günlük tarixi Zəfər və Qələbəmizdə Cəmilimin də zəhməti, payı, xidmətləri var. Cəmilim də daxil olmaqla, bütün Şəhid balalarımızın müqəddəs ruhları qarşısında baş əyirəm. Eyni zamanda, tarixi Qələbə və Zəfərimizə görə, özüm, ailəm adından Qalib Ali Baş Komandanımız kimi Sizə minnətdarlığımızı, təşəkkürlərimizi bildirirəm. Şəhidlər bizim baş tacımız, and yerimiz, Qürur, İftixar mənbəyimizdir. Şəhidlər ölməz, Vətən bölünməz!”

Müraciətdə sonra qeyd olunur:

“Hörmətli, İlham Heydər oğlu!

Sizə müraciət etməklə, gözləri yaşlı, qəlbli dağlı, həm də məğrur və qürurlu Şəhid anası kimi, iki xahişimi dilə gətirmək istəyirəm. İstəyirəm ki, oğlumun, Şəhidimin, Cəmilin adı, xatirəsi əbədiləşdirilsin. Oxuduğu və tək Şəhidi Cəmilim olan məktəbə, Bakı şəhəri, Səbail rayonunda yerləşən 163 saylı məktəbə oğlumun adı verilsin.

Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, huzur tapmış olar, həm də bizə təsəlli, təskinlik olar. Çox-çox xahiş və rica edirəm ki, səlahiyyətlərinizdən istifadə edib, bu məsələyə dəstəyinizi verəsiniz, köməkliyinizi əsirgəməyəsiniz. İnanıram ki, belə də olacaq, müraciətim tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini tapacaq”.

“Eyni zamanda, bizim evlə-mənzillə təmin olunmağımıza köməklik göstərməyinizi, bu yöndə aidiyyatı qurumlara göstəriş və tapşırıqlar verməyinizi acizanə şəkildə xahiş və rica edirəm. Çünki illərdir (Bakı şəhərində yaşayan gündən) çox şəraitsiz, çox darısqal bir evdə, ev adlandırılması belə mümkün olmayan bir “ev”də, daxmada yaşayırıq. Cəmi 18 kvadratmetlik bir evdə. Nə qışda, nə yayda nəfəs almaq olur. Bu “ev”də yaşamaq getdikcə çətin və mümkünsüz olur, səhhətimizə də ciddi ziyan və zərərlər vurur. Ona görə bu məsələdə də bizə köməklik göstərməyinizi, bu məsələnin də həllinə dəstək verməyinizi Sizdən çox-çox rica və xahiş edirəm. İnanıram və qəti əminəm ki, bu istəyim, istəyimiz, bu arzum, arzumuz da nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizə özüm və ailəm adından dərin minnətdarlığımızı və təşəkkürlərimizi ifadə edirəm. Allahım Sizi, gözəl ailənizi, Vətənimizi, Dövlətimizi, Millətimizi və İgid Əsgərimizi qorusun!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Şəhid anası eyni zamanda, Baş naziri cənab Əli Əsədova müraciət ünvanlayıb.

“Sizə müraciət etməklə, bir arzumu, istəyimi nəzərinizə çatdırmaq istəyirəm. Bu arzu və istəyim də nakam Şəhidimizin adının, xatirəsinin əbədiləşdirilməsindən ibarətdir. Sizə də məlum olduğu kimi, Nazirlər Kabintetinin məlum-çox zərərli 1994-ci tarixli qərarı ilə Şəhid adlarının, Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məsələsində uzun illərdir süni əngəllər, maneələr yaradılıb, bu gün də davam etməkdədir. Belə ki, həmin qərarla ən azı iki ordeni olan Şəhidin adı, xatirəsi əbədiləşdirilə bilər. Bu isə Şəhidlərimizin böyük əksəriyyətinin adının, xatirəsinin əbədiləşdirilməsini mümkünsüz edir və həm Şəhidlərimizin ruhunu incitmiş, həm də Şəhid ailələrini üzmüş, rəncidə etmiş olur”-deyə, qeyd edən Şəhid anası müraciətində bildirib ki, bu, böyük haqsızlıq və ədalətsizlikdir.

“Ona görə Sizdən gözləri yaşlı, dərdli, ürəyi dağlı, tək oğul övladını itirmiş bir ana kimi xahiş və rica edirəm ki, həmin qərarın, xüsusilə, iki orden məsələsinin, tələbinin ləğvinə qərar verəsiniz. Eyni zamanda, Bakı şəhərində yaşadığmız küçəyə və ya İsmayıllı rayonunun (Əslən İsmayıllıdanıq, Şəhidimiz də İsmayıllı Şəhidlər Xiyabanında dəfn olunub) küçələrindən birinə Şəhidimizin, Cəmilimizin adının verilməsi barədə Səbail və İsmayıllı rayon İcra Hakimiyyətlərinin başçılarına, eyni zamanda, Bakı şəhərində, Səbail rayonunda yerləşən və tək Şəhidi Cəmilimiz olan 163 saylı saylı orta məktəbə oğlumun adının verilməsi barədə həm Təhsil Nazirliyinə, həm də yerli İcra Hakimiyyətinə tapşırıq və göstəriş verəsiniz. Bu, Şəhidimizin haqqıdır və inanmaq istərdik ki, Haqqını da alacaq. Sizdən bu məsələlərin həllinə yardımçı və dəstək olmağınızı dönə-dönə, dəfələrlə xahiş və rica edirəm”-deyə, müraciətin sonunda bildirilib.

Etikxeber.az

Read Previous

Şəhidlərimiz-Yusif Budaqov, Cəmil Məmmədli, Cəmil Həşimli, Əzəmi Hüseynov və ya Şəhid ailələri ilə – ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT…-FOTOLAR

Read Next

“Bayram Səfərov haradasan, niyə bircə dəfə olsun kirayədə yaşayan Şəhid anasına baş çəkmirsən?”- ƏSLƏN ŞUŞALI ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI ELNARƏ HÜSEYNOVA “ÜSYAN” ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir