“İllərdir kirayədə yaşayan yaşlı Şəhid anası və Şəhid yoldaşının mənzil probleminin artıq həll olunmasını istəyirik”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI YENİDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ, KÖMƏK İSTƏDİ

Əslən Şuşalı, özü isə Mingəçevir doğumlu olan İkinci Vətən Müharibəsi Şəhidi Əzəmi Əli oğlu Hüseynovun bacısı Elnarə Əli qızı Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Baş nazir Əli Əsədova növbəti dəfə müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elnarə Əli qızı Hüseynova İkinci Vətən Müharibəsinin iştirakçısı, peşəkar hərbçi və Şəhid Əzəmi Hüseynovun bacısıyam. Qeyd edim ki, bu, Sizə son iki ayda ünvanladığım ikinci müraciətim, müraciətimizdir. Çox-çox istərdim və arzu edərdim ki, müraciətim, müraciətimiz şəxsən Sizin özünüzə çatdırılaydı və özünüz birbaşa bununla tanış olaydınız. İnanıram və yüzdəyüz əminəm ki, o zaman Sizə növbəti müraciətə, müraciətimizə ehtiyac qalmaz və qalmazdı. Müraciətimdə, müraciətimizdə qeyd etdiyim məsələlər dərhal həllini tapardı. Çünki Sizin Şəhidlərə, Şəhid ailələrinə necə ehtiramla, həssaslıqla, sevgi, diqqət və qayğı ilə yanaşdığınızın illərdir canlı şahidləriyik, şəxsən şahidiyəm.

Növbəti müraciətim də əvvəlkindən çox da fərqlənmir. Bir daha qeyd etmək istərdim ki, biz əslən Şuşadanıq, 1992-ci ildən də Mingəçevirdə məcburi köçkün kimi yaşayırıq. Qardaşım-evin, ailənin tək oğlu, 3 bacının tək qardaşı, ali təhsilli, 28 yaşlı Əzəmi Hüseynov isə İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb. Özü də oktyabrın 8-də, üzünü görmədiyi, amma qovuşmaq həsrəti ilə daim alışıb-yandığı Şuşasının azad olunmasından düz bir ay əvvəl. Gözümüzün ağı-qarası bir qardaşımız, ailənin tək oğlan övladı-Əzəmimiz də daxil olmaqla, Allah cəmi Şəhidlərimizin məkanlarını cənnətlik, ruhlarını şad etsin. Onlar Qalibiyyətin Şəhidləridir və hamımızın Qüruru, Fəxri, And yeri, Baş tacıdırlar”. 

Müraciətdə sonra deyilir:

“Cənab, Ali Baş Komandan!

Sizə növbəti dəfə müraciət etməklə, özüm, həm də bacılarım adından iki xahişimizi diqqətinizə, nəzərinizə çatdırmaq istəyirik. Belə ki, anamız Sayad Əkbər qızı Hüseynova illərdir kirayədə, olduqca şəraitsiz bir evdə yaşayır. Üstəlik qardaşımın üç il öncə ailə qurduğu və dul qalmış cavan yoldaşı da anamla birgə kirayədə yaşayır. Hər ay kirayə pulu ödəyirlər.

Ona görə Sizdən çox xahiş edirik ki, anamızın yaşını, durumunu, səhhətini nəzərə alaraq, onun növbədənkənar evlə, mənzillə təmin olunmasına köməklik göstərəsiniz, yardımınızı, dəstəyinizi əsirgəməyəsiniz. Çox istərdik ki, bununla bağlı müvafiq qurumlara-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mingəçevir və Şuşa Şəhər İcra Hakimiyyətlərinə göstəriş və tapşırıq verəsiniz. İnanırıq və əminik ki, belə də olacaq, yaxın zamanlarda anamızın ev, mənzil məsələsi diqqətə alınacaq və öz müsbət həllini tapacaq”.

“Eyni zamanda, çox istərdik və arzu edərdik ki, Əzəminin adının, xatirəsinin əbədiləşdirilməsi, İkinci Vətən Müharibəsində Şuşanın 8 Şəhidindən biri kimi, Şuşanın küçələrindən və ya Mingəçevirin küçələrindən birinə onun adının verilməsi üçün Şuşa və Mingəçevir Şəhər İcra Hakimiyyətlərinə göstəriş və tapşırıq verəsiniz. Bu, elə bilirik ki, Şəhidimizin Haqqıdır. Şuşanın və ya Mingəçevirin küçələrindən birinə Əzəminin adı verilərsə, bu, həm Şəhidimizin ruhunu sevindirmiş olar, həm də acılı və Qürurlu ailəmizin təsəllisinə, mənəvi təskinliyinə çevrilmiş olar.

Bu yerdə onu da qeyd edim ki, ilk müraciətimə-müraciətimizə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova tərəfindən rəsmi cavab göndərilib ki, orada da ancaq ümumi, şablon sözlərdir. Müraciətimdəki, müraciətimizdəki hər iki məsələ ilə bağlı yenə konkret heç nə bildirilmir, deyilmir. Bu isə bir Şəhid ailəsi kimi bizi üzür, rəncidə edir. Ona görə bir daha və dönə-dönə rica edirəm, edirik ki, bu iki məsələnin həllində bizə, Şəhid ailəsinə köməyinizi, dəstəyinizi əsirgəməyəsiniz. Bir daha inanır və əminik ki, belə də olacaq.

Öncədən də dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildiririk!”-deyə, müraciətdə daha sonra qeyd olunur.

Etikxeber.az

Read Previous

“Hər bir şəhid ailəsi dövlətin diqqətindədir… Şəhid anaları Tənzilə Həmidova, Akifə Ağayeva və Mehparə Qəribova mənzillə təmin olunacaqlar”-ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏN ETİKXEBER.AZ-A RƏSMİ CAVAB GƏLDİ

Read Next

Müdafiə Nazirliyindən kadr dəyişikliyi ilə bağlı yayılan məlumatlara-RƏSMİ CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir