Dünən-2 may 2023-cü il tarixində daha bir Şəhid ailəsində olduq…
Daha bir Şəhid anasını, Şəhid ailəsini, Şəhid ocağını ziyarət etdik…
Daha bir Birinci Qarabağ Savaşı Şəhidinin ailəsi ilə bir araya gəldik…
Bərdə rayonunun Kələntərli kəndinin ilk Birinci Vətən Müharibəsi Şəhidi İlqar Vahid oğlu Abbasovun anası-keçmiş səhiyyə işçisi, tibbi bacısı olan Sürəyya Abbasova, mələk üzlü Sürəyya ana ilə görüşdük…
Ziyarətdə mənimlə birgə əslən Kələntərlidən-hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan Yasin Mustafayevlə Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin bibisi (həm də tək bacısının qayınanası) Sona Qəribova iştirak edirdi…
Ziyarətimiz zamanı Şəhidimizin anasına Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Şəhidimizin və cəmi Şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi bildirdik…
Şəhidlərimizi unutmağa, yaddan çıxarmağa haqqımız olmadığını dilə gətirdik…
Eyni zamanda, And yerimizə çevrilən Şəhid məzarlanın, Şəhid ailələrinin ziyarət edilməsinin, onların diqqət mərkəzində saxlanılmasının hər birimizin borcu olduğunu söylədik…
Şəhidimizin anası ilə söhbətləşdik, dərdləşdik…
Bildirdi ki, İlqar ailənin üç övladından biri və evin böyük oğlu olub…
Orta məktəbi bitirdikdən sonra, 1992-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…
Hərbi xidmətinə başladığı günlərdən də Azərbaycan Ordusunun Əsgəri kimi Birinci Qarabağ Savaşına qatılıb, Tərtər-Ağdərə istiqamətlərində döyüşüb…
Və 7 ayın Əsgəri kimi noyabr ayının 15-də Çıldıran kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Bir gün sonra, 16 noyabr 1992-ci il tarixində də Kələntərli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Qeyd edim ki, İlqar 1 iyun 1973-cü il doğumludur…
Ailənin böyük övladı idi…
İki qardaşından biri hazırda Bakı şəhərində, digəri ata ocağında yaşayır…
Hər iki qardaşı da ailəli-biri üç, digəri iki övlad atasıdır…
Keçmiş səhiyyə işçisi, tibb bacısı olan anası Sürəyya Abbasova da hazırda təqaüddədir…
Atası isə 11 il öncə, 2012-ci ildə dünyasını dəyişib…
Kələntərli kənd orta məktəbi də Onun-İlqar Abbasovun adını daşıyır…
Övlad itkisindən, övlad açısından saçları dümağ ağaran Şəhidimizin anası hər şeyə rəğmən Dik duruşlu, Əsalətli, Məğrur və Qürurludur…
Və bir Şəhid anası kimi övladı-Şəhidi ilə Fəxr edir, Qürur duyur…
Eyni zamanda, Bərdənin iki İkinci Vətən Müharibəsi Şəhidi-Kələntərli İlkin Süleymanov və Bərdə şəhərindən olan (əslən Laçınlı) Ceyhun Quluyev də Sürəyya xanımın, Sürəyya ananın yaxın qohumlarıdır…
Allah həm balasının-İlqar Abbasovun, həm də qohumlarının-İlkin Süleymanovla Ceyhun Quliyevin məqamlarını Uca etsin!
Böyük Yaradan bir daha səbrini, səbrlərini versin!
Amin!






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az