“İnanmaq istərdik ki, bu, son insident olacaq” – MİLLƏT VƏKİLİ

Azərbaycanla Gürcüstan, Azərbaycan xalqı ilə gürcü xalqı hər zaman mehriban qonşuluq və dostluq münasibətlərində yaşayıblar. Bu iki dövlət və iki xalq tarixin bütün dönəmlərində bir-birinə dəstək olub, bir-biri ilə həmrəylik nümayiş etdiriblər. Xüsusilə, Azərbaycan xalqı və dövləti hər zaman öz addımlarında, davranışlarında, əməkdaşlıq və tərəfdaşlıq niyyətlərində səmimi olduğunu həm sözü, həm də əməli ilə sübuta yetirib.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov  dilə gətirib.

Millət vəkilinin dediyinə görə, bu gün Gürcüstanın inkişaf, ayaq üstə dayanma səbəblərindən biri də məhz Azərbaycan, onun təbii sərvətləridir.

E. Səlimov xatırladıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars  və sair dünyamiqyaslı layihələr bunun göstəricisidir.

“Bizimlə yanaşı, qonşu və dost Gürcüstan, gürcü xalqı da bu layihələrdən, oradan gələn gəlirlərdən illərdir faydalanmaqda, yararlanmaqdadırlar. Yəni, elə bir məqam olmayıb ki, Azərbaycan Gürcüstana dəstək olmasın, əl uzatmasın.

Ancaq çox təəssüflər olsun ki, bəzən qarşı tərəfdən bu xoş niyyətlər və səmimi addımların qarşılğında başqa, xoşagəlməz, münasibətlərin ruhuna zidd davranışların şahidi oluruq. Düzdür, bunlar Gürcüstan dövləti və sadə gürcü xalqının mövqeyi deyildir, biz də bunu bu cür qəbul edirik, əksini düşünmürük, ancaq bununla belə, bəzi gürcü və gürcüləşmiş -sovetlər dövründə belələrinə “3 manatlıq”, “5 manatlıq gürcülər” deyilirdi – siyasətçilər, din xadimləri, ziyalılar Azərbaycan və Azərbaycan xalqına qarşı dostluq, tərəfdaşlıq münasibətlərindən çox-çox uzaq olan, əksinə, bu münasibətləri pozmağa yönələn addımlar sərgiləyirlər.

Təbii ki, onlar bunu da  özbaşına etmirlər, onları da “hərəkətə gətirən”, “danışdıran” qüvvələr var və onların məkrli planlarını icra edirlər. Ancaq əslində bununla özlərini daha pis, daha rəzil duruma salmış, özləri-özlərini ifşa etmiş olurlar. Neçə vaxtdır “Keşikçidağ” məsələsi ətrafında baş verənlər, eləcə də,  ayının 14-də yaşananlar həmin şəxslərin, qüvvələrin nə qədər təhlükəli oyuna girişdiklərini bir daha çılpaqlığı ilə ortaya qoyur.

Ancaq onlar bir şeyi unudurlar və unutdular ki, Azərbaycan xalqı və dövləti belə provakasiyalara gedən deyil, onların xam xəyalları və məkrli niyyətləri bundan sonra da gözlərində qalacaq. Belə addımlar iki dövlət və xalq arasında münasibətlərin pozulmasına, korlanmasına gətirib çıxarmayacaq, olan elə onların özlərinə olacaq. 

ELDENİZ-QARDAS

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfovun da bildirdiyi kimi, son məlum insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. 

Onun da vurğuladığı və bəyan etdiyi kimi, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur, odur ki, bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.

Həmçinin, qeyd olunduğu kimi, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Yəni,  “Keşikçidağ” mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub və bundan sonra da belə olacaq, kimsə nəyisə dəyişdirə bilməyəcək.

Bir sözlə, belə hesab edirəm ki, bu, son olay, son hadisə, son insident olacaq və qarşı tərəf Azərbaycanın təmkilnli, səbrli siyasətinə adekvat addımlar atılacaq, məsuliyyətini axıracan dərk edəcək, hadisədə əli, barmağı olanlar aşkarlanacaq, layiqli cəzalarını alacaqlar”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

Read Previous

“Elə tədbir görülməlidir ki, gələcəkdə xoşagəlməz hallar yaşanmasın” – DEPUTAT SON HADİSƏLƏRDƏN YAZDI

Read Next

Batma təhlükəsi ilə üzləşən beş xarici ölkə vətəndaşı xilas olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir