“İndi siz deyin: biz neyləyək, necə yaşayaq? Şəhid ailəsinə də belə münasibət olarmı?”-ŞƏHİD PƏRVİN HƏMİDOVUN XANIMI – FOTOLAR

Azərbaycanın elə bir kəndi, elə bir qəsəbəsi, elə bir guşəsi yoxdur ki, Vətən torpaqları, Qarabağ uğrunda Şəhidi olmasın, Şəhid verməsin…

Hər bir kənddə, hər bir qəsəbədə, hər bir bölgəmizdə neçə-neçə İgidimiz, Şəhidimiz uyuyur…

Vətən, Qarabağ uğrunda Şəhid verən kəndlərimizdən, bölgələrimizdən biri də Yevlax rayonunun Bəydilli kəndidir…

Bəydillidə anadan olmuş, sonradan Mingəçevirdə yaşamış və orada da, Mingəçevirdə də dəfn olunmuş İgidlərimizdən biri Şəhid Pərvin Azər oğlu Həmidovdur…

Pərvin 1994-cü ilin martın 8-də Bəydillidə, sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra, 2012-ci ilin martın 9-da həqiqi hərbi xidmətə yollanıb və 2013-cü ilin sentyabrın 9-da əsgərliyini, xidmətini başa vuraraq, evinə, ailəsinə dönüb…

Hərbi xidmətdən sonra, 2020-ci ilin yanvarınacan müxtəlif sahələrdə çalışıb, evlənib, ailə sahibi olub…

İki övladı-bir oğlu, bir qızı dünyaya gəlib…

Oğluna özünün arzusu ilə öz adı-Pərvin adı verilib, qızına isə Nilay adı qoyulub…

Balaca, atasının adını daşıyan Pərvin 2018-ci ilin oktyabr ayının 4-də dünyaya gəlib, hazırda 3 yaşının içindədir…

Körpə Nilay isə 2020-ci ilin fevral ayının 1-də dünyaya göz açıb, hazırda iki yaşının içindədir…

Şəhidimiz 2020-ci ilin yanvarından müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün kursa yazılıb, kursu uğurla bitirdikdən sonra, may ayının 1-dən isə Orduda MAXE kimi, xidmətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə atılıb, Tərtər-Ağdərə, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb, vuruşub, hərbçi, döyüş yoldaşları ilə birlikdə qəhrəmanlıqlar, igidliklər nümayiş etdirib…

Suqovuşan istiqamətində bəzi yüksəkliklərin azad edilməsində iştirak edib, necə deyərlər, Suqovuşan fatehlərindən olub…

Və…elə Suqovuşanda da Şəhidlik məqamına Ucalıb…

Oktyabrın 1-də qəhrəmancasına həlak olan Şəhidimiz bir gün sonra, oktyabrın 2-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib, torpağa tapşırılıb…

Şəhidimiz İgidliyi, Qəhrəmanlığı Azərbaycan dövləti, Ali Baş Komandan tərəfindən də qiymətləndirilib, “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqqını da qanı, canı ilə əldə edib, qaznıb…

Haqqı, Məqamı, Dərgahı uca və mübarək olsun!

Şəhidimizin ailəsi-xanımı və iki körpə balası hazırda bəzi səbəblərdən həyat yoldaşının atasıgildə yaşamaq məcburiyyəti ilə üz-üzə qalıb…

Atasıgilin də ev, mənzil şəraitləri çox ağır vəziyyətdədir, maddi imkanları da çox aşağıdır…

Amma və lakin…

Çox təəssüflər olsun ki, Şəhidimizin ailəsinin üzləşdiyi problemlər həllini tapmaq əvəzinə, müvafiq qurumlar tərəfindən “ötür-ötür” oyununa döndərilib, “yolvermə”yə çevrilib…

Şəhid xanımının dediklərindən:

“Hazırda atamgildə yaşayırıq…Onların da öz problemləri var, üstəlik də biz…Ev, mənzil şəraitləri çox ağırdır, maddi durumları da aşağı vəziyyətdədir…Evdə soyuqdan durmaq olmur…Təsəvvür edin-iki körpə uşaq…Tez-tez xəstələnirlər…Mingəçevir şəhər İcra Hakimiyyətinə gedirəm, deyirlər ki, bizlik deyil, bizdə qeydiyyatda deyilsiniz, gedin Ağcabədiyə, onlara müraciət edin…Ağcabədiyə gedirəm, deyirlər ki, evlə təmin edə bilmərik, bizdə imkan yoxdur…İndi siz deyin: biz neyləyək, necə yaşayaq, kimə, haraya üz tutaq? Şəhid ailəsinə də belə münasibət olarmı? Buna nə ad vermək olar? Çox-çox xahiş edirəm ki, bizə kömək olsunlar, bizə kömək olun…”

Çox üzücü, acı, təəssüfedici və narahatedici bir məqam, mənzərədir…

Şəhid ailəsinə hər hansı səbəblərdən olursa-olsun, belə bir münasibət heç bir halda qəbulolunan deyil və ola da bilməz…

İnanmaq istərdik ki, nəhayət, Şəhidimizin ailəsinə gərəkən diqqət göstəriləcək, problemi nəzarətə alınacaq və onların ev, mənzil məsələsi Mingəçevir və Ağcabədi rəhbərliyi tərəfindən yoluna qoyularaq, öz müsbət həllini tapacaq…

Həm Şəhidimizin narahat ruhu sevindirilmiş olacaq, həm də Şəhid balalarının solğun çöhrələri sevindiriləcək, güldürüləcək…

Allah Şəhidimizin ruhunu şad, məkanını cənnətlik etsin!

Böyük Yaradan ailəsinə, valideynlərinə, əzizlərinə səbr və dözüm versin!

Əziz xatirəsi hər zaman qəlblərdə və qəlbimizdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

05.04. 2021, Mingəçevir

Etikxeber.az

Read Previous

Azərbaycanda daha iki general-HƏBS OLUNDU…

Read Next

DYP və BNA-dan sürücülərə, hərəkət iştirakçılarına-MÜRACİƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir