14 sentyabr 2023-cü il tarixində gizir Fərid Rüstəmovun şəhadətə yüksəlişinin bir ili tamam olur.
Bu gün münasibətilə köməkçim Firdovsi Eyvazovla birlikdə şəhidimizin ailəsini ziyarət etdik, atası Nofəl qardaşa, anası Narıngül xanıma, bacılarına, yaxınlarına bir daha başsağlığı verdik.
Onlara uca Allahdan səbir dilədik.
Xatirə kitabına ürək sözlərimizi yazdıq.
Valideynləri Fəridin uşaqlıqdan bəri ta şəhid olduğu günə qədər geyindiyi geyimlərindən ibarət geyim otağı düzəldiblər.
Otağın baş ucunda gələnləri özünün hərbi paltarlı silueti qarşılayır.
Şəhidimizin bütün geyimləri həmin otaqda səliqəylə asılıb, ayaqqabıları sırayla yan-yana düzülüb.
İndicə geyinib gedəcəkmiş kimi yolunu gözləyirlər sanki…
Nur içində yatsın!
Amin!




Jalə ƏLİYEVA,
Millət vəkili
Etikxeber.az