“İndiyə qədər humanist yanaşma olub, amma belə getsə, dövlət həm cərimələrin miqdarına yenidən baxmağa, həm də sanksiyaları sərtləşdirməyə məcbur olacaq”-BƏHRUZ MƏHƏRRƏMOV

Bəhruz MƏHƏRRƏMOV: “Başqasını yoluxudurmaq, başqasının həyatına son qoymaq elə bir məsuliyyətdir ki, vətəndaş gərək bunu özü dərk etsin…”

Etikxeber.az suallarını millət vəkili Bəhruz Məhərrəmov cavablandırır:

-Bəhruz bəy, bildiyiniz kimi, son günlər ölkədə koronavirusa yoluxma halları yenidən artmaqda və bu, ciddi narahatlıq doğurmaqdadır. Dövlət başçısı isə son Gəncə səfərində çıxışı zamanı bir daha insanları, vətəndaşları məsuliyyətə dəvət etdi, onları karantin şərtlərinə, tibbi maskalardan istifadə etməyə səslədi. Ümumiyyətlə, bu məsələyə yanaşmada iki mövqe özünü nümayiş etdirməkdədir. Bir qisim insanlar yoluxma hallarının sayının artmasında dövləti, səhiyyəni günahlandırır, bir qisim isə vətənaşları. Amma nəticədə mənzərə dəyişməz qalır. Belə olan halda, Siz nələri dilə gətitmək, önə çəkmək istərdiniz?

-Məsələ bundan ibarətdir ki, koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi üç aya yaxındır davam edir və bu, əslində vətəndaş üçün həqiqətən də, komfortlu sayılmır. Lakin nəzərə alaq ki, dövlət özü də bunu-karantin rejimini davam etdirməkdə maraqlı deyil. Lakin cənab Prezidentimizin dediyi kimi, ortada milli təhlükəsizlik məsələlərimiz var. Ani bir arxayınçılıq bizim milli genefondumuzun təhlükə altına düşməsi deməkdir. Bütün bunların fonunda dövlət necə ki, üzərinə düşəni edir, eyni zamanda, vətəndaş da üzərinə düşəni etməyə borcludur. Son vəziyyət həqiqətən də, ürəkaçan deyil. Artıq rəqəmlər 600 civarına çatmaqdadır. Düzdür, faiz nisbəti ilə ötən gündə daha əvvəlki günə münasibətdə azalma var idi. Yəni, yoluxma halları sayca çox olsa da, faiz nisbəti ilə az idi. Onu da nəzərə alaq ki, bizdə son zamanlara kimi, gündəlik yoluxma sayı aşağıya düşmüşdü. Bununla belə, son günlər yaşananlar hamımızı narahat etməyə, düşündürməyə bilməz.

Bütün bunlar əslində konkret səbəblərdən doğur. Vətəndaşın müəyyən formada inamsızlığından, etinasızlığından, eyni zamanda, “mənə heç nə olmaz” kimi yanlış düşüncəsindən bu hallar baş verir. Bununla belə, dövlətimiz də bu məsələni boş buraxmayıb. Yəni, dövlət bu məsələyə nəzarəti, bu məsələ ilə bağlı tədbirləri kifayət qədər güclü şəkildə həyata keçirir. İndiyə qədər humanist yanaşma olub, amma artıq belə getsə, dövlət həm cərimələrin miqdarına yenidən baxmağa, həm də sanksiyaları sərtləşdirməyə məcbur olacaq.

Bütün bunların fonunda hesab edirəm ki, nə dövlətin əlavə problemlərə, yük altına düşməməsi, eyni zamanda, vətəndaşların özünün təhlükə altında qalmaması üçün hər bir kəs, ayrı-ayrı insanlarımız addımlarında, hərəkətlərində məsuliyyətli olmalıdır. Dəfələrlə demişəm, bir daha qeyd etmək istəyirəm ki, bu, həm əxlaqi məsələdir, həm hüquqi məsələdir. Başqasını yoluxudurmaq, başqasının həyatına son qoymaq elə bir məsuliyyətdir ki, vətəndaş gərək bunu özü dərk etsin.

-Necə hesab edirsiniz, yeni sosial paketə ehtiyac duyulmurmu?

– Məsələ ondan ibarətdir ki, sosial paketlər dövlətin proqnozlaşdırılmış fəaliyyətinin nəticəsində gündəmə gəlir. Pandemiya Azərbaycan tərəfindən, eləcə də dünyada proqnozlaşdırılmış məsələ deyildi. Lakin dövlət kifayət qədər çevik və ciddi addımlarını atdı, bu gün də atır. Əgər bundan sonra da təhlillər və sair göstərsə ki, yeni sosial paketlərə ehtiyac var, onlar da reallaşdırıla bilər.

Hansı ki, artıq özünüz də görürsünüz ki, əlavə sosial paketlər sərtləşdirilmiş karantin dövründə bəzi bölgələr üzrə davam etdirilir və təbii ki, dövlət bu addımları növbəti mərhələlərdə də atacaq. Çünki cənab Prezident sosial fəaliyyətin, daha doğrusu, sosial-humanitar istiqamətdə dövlətin siyasətinin dəyişməz olduğunu, heç bir layihənin icradan qalmadığını bildirdi və bəyan etdi ki, bundan sonra da bu kimi layihələr və yardımlar lazım olsa, hamısı ediləcək.

17:08

Kamil HƏMZƏOĞLU

Etikxeber.az 

Read Previous

“Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil…” – Prezident – İlham Əliyev Mingəçevirə-GETDİ VƏ ÇIXIŞ ETDİ…- FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

“Sağlamlığı, bəzənsə taleyi bizdən asılı olan insanlara əsla və əsla risk yaratmamalıyıq”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir