“İnflyasiya bizim başlıca problemimizdir…” – BAŞ BANKİR – YENİLƏNİB

“İnflyasiya bizim başlıca problemimizdir. Mən bununla tam razıyam”.

Etikxeber.az-ın məlumatına görə,  bunu  Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) dünən və bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif, sual və iradlara cavab verərkən deyib.

O, qeyd edib ki, inflyasiyanın son illərdə başlıca drayveri olan kurs məsələsi sabitləşdirilib:

“Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət həyata keçirir. Çünki inflyasiya əhali, onun real gəlirləri üçün real təhlükədir və avtomatik vergidir. Ona görə bizim və hökumətin başlıca qayğısı inflyasiya və qiymət sabitliyi olmalıdır. İnflyasiyanın sosial təzahürünü, nəticəni mən qeyd etdim. Pul kütləsi vasitəsi ilə inflyasiyanın sürətləndirilməsinin tərəfdarları varsa, onlara demək istəyirəm ki, bunun çox ciddi makroiqtisadi tərəfi var. Əhalinin gəlirlərinin, daxili tələbatın azalması iqtisadi artımın, iş yerlərinin itirilməsinə gətirib çıxarır”.

Baş bankir əlavə edib ki, ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Onun sözlərinə görə, hələlik bu makroiqtisadi sabitliyin müddəti azdır:

“Bu, təxminən 9 ayı əhatə edir. Biz qəti arxayınlaşmamalıyıq. Hökumət, Mərkəzi Bank 2018-ci ildə və ortamüddətli dövrdə vəzifələri yaxşı dərk edir. Hesab edirik ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün qarşıda güclü maliyyə intizamı, makroiqtisadi siyasətin qanadlarının sıx koordinasiya olunması, bütövlükdə qiymət sabitliyinə çatmaq üçün həyata keçirilən makro antiinflyasiya tədbirləri ilə təbii inhisarların tariflərinin, qiymətinin liberallaşdırılması siyasətinin çox sıx əlaqələndirilməsi kimi olduqca ciddi vəzifələr durur”.  

***

 

“Bütövlükdə biz neftin qiymətləri ilə bağlı olduqca ehtiyatlı davranmalıyıq”.

Bunu da baş bankir deyib.

O, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı olmadığını deyib: “Eyni zamanda, neftin qiyməti düşən zaman xərcləri azaltmamalıyıq. İqtisadiyyat canlı orqanizm olduğundan stabillik, sabit xərc, sabit qiymət və sabit kurs tələb edir. Bu isə öz növbəsində tələb edir ki, resurs ölkələri sabit xərclərə əsaslanmalıdır. Neft gəlirlərinin indiki və gələcək nəsillər arasında bölünməsi ədalət prinsiplərinə tam şəkildə uyğundur”.

Baş bankir qeyd edib ki, ilin əvvəlindən pul kütləsi 12% artıb. “İlin əvvəlindən biz dövriyyəyə təxminən 1 milyard manata yaxın vəsait ayırmışıq. İlk sabitlik rüşeymlərinin yarandığı fevral ayının sonundan Mərkəzi Bank iqtisadiyyata əlavə olaraq 1,8 milyard manat vəsait yönəldib”.

E.Rüstəmov qeyd edib ki, ilin sonunadək pul kütləsi bir qədər də artacaq.

“Belə bir fikir söylənilib ki, bu gün dövriyyədə olan pul kütləsi 2014-cü ilə nisbətən aşağıdır. Bu, obyektiv fikirdir. Hazırda dövriyyədə olan pul kütləsi 2014-cü ildəkindən təxminən 24% azdır. Bunun elmi-praktiki izahı var. Biz bilirik ki, pulun 3 əsas funksiyası var. Pul həm dəyər ölçüsü, həm ödəniş, həm də sərvət və yığım vasitəsidir.

Manat uzun müddət sabit və dəyərli olanda əhali yığımlarının böyük bir hissəsini manatda saxlayırdı. Bu, doğru idi. Çünki manat sabit olduğundan əhali sərbəst valyutaya nisbətən əlavə gəlir əldə edirdi. Lakin kurs korreksiyası olandan sonra təbii proses baş verdi. Bu vəsaitlər sərbəst dönərli valyutaya qayıtdı. Bu, obyektiv səbəbdir. Bunun iqtisadi obyektivliklə heç bir əlaqəsi yoxdur” – deyə,  o, qeyd edib.

E. Rüstəmov bildirib ki, bu gün bank sektorunda 6,5 milyard manatdan artıq vəsait var. O bu vəsaitin iqtisadiyyatın kreditləşməsinə yönəldilmədiyini etiraf edib:

“Bu vəsaitlərin təxminən 70%-dən çoxu ölkənin sağlam banklarında cəmləşib. Bu vəsaitlər nəyə görə kreditləşməyə yönəldilmir? Bu, pul məsələsi deyil, ola bilsin, puldan daha əhəmiyyətli məsələdir, bütövlükdə kreditləşmənin ekosistemində geniş mənada digər problemlərin olduğuna işarə edir. Diqqətimizi məhz bu problemlərə cəlb etməliyik. Pul kütləsini ayırırıqsa və bu vəsaitlər kreditləşməyə, yəni iş yerlərinin artmasına, yeni bizneslərin formalaşmasına yönəldilmirsə, pulun qalan iki marşrutu var. Bunlardan biri istehlak bazarıdır. Pulun istehlak bazarına yönəlməsi qiymətlərin əlavə artımına səbəb ola bilər. Bu isə doğru deyil. Digər marşrut isə odur ki, neftin qiymətində, xarici situasiyada gərginlik olanda bu vəsaitlər valyuta bazarına qayıdır və manatın məzənnəsi üçün risklər yaradır. Beynəlxalq praktikada mərkəzi banklar o vaxt pul-kredit siyasətini yumşaldır ki, inflyasiya təhlükəsi keçsin”.

Etikxeber.az

Read Previous

“Onlayn mediaya 1 milyon vəsait ayırılsın” – ƏFLATUN AMAŞOV

Read Next

Əli Həsənov: “Təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamımızı narahat edir ” – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir