İnformasiya açıqlığı vətəndaşlara necə kömək edə bilər? – HESABAT

Vətəndaşlar  özləri  informasiya  açıqlığının artması üçün töhfə  verə bilərlər

Sosial proseslərin və buna uyğun olaraq dövlət idarəetməsinin mürəkkəbləşməsi qərarların qəbulu zamanı fərdlərin, özəl sektorun və ictimai maraqların optimal tarazlığına nail olmaq, bunula da daha çox səmərə əldə etməklə bağlı yeni çağırışlar yaradıb.

Son onilliklərdə aparılan araşdırma və tədqiqatlar aydın şəkildə göstərdi ki, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı yalnız  dövlət mütəxəssislərinin iştirakı yetərli deyil, həmçinin sırf onların təcrübəsini və bilgilərini,yanaşmasını əsas götürmək bir çox hallarda neqativ nəticələrə səbəb olur.

Başqa bir problem isə bu cür qərarların qəbulu zamanı lobbi təsirlərinin, həmçinin subyeltiv yanaşmaların güclənməsidir. Xüsusən özəl sektor, transmilli şirkətlər tərəfindən qərarların qəbulu ilə bağlı açıq bəyan edilməyən kampaniyalar həyata keçirirlər. Dövlət idarəetmə sistemindəki ənənəvi nəzarət və audit sistemləri ilə bu cür hallara qarşı effektiv müzakirə aparmaq mümkün olmur.

İnformasiya açıqlığı vətəndaşa necə fayda verir

İnformasiya açıqlığını yaratmaqla dövlət vətəndaşların bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır.  Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effektiv əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanmasına, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır.

Vətəndaşlar, ictimaiyyət, QHT-lər fəal mövqe tutmaqla bu  dövlət orqanlarının səmərli işləməsinə töhvə verir, səhvlərin zamanında aradan qaldırılmasına kömək edə bilirlər. Bu baxımdan vətəndaşlarımız informasiya açıqlığının hansı səviyyədə praktik fayda verə biləcəyinin əhəmiyyətini başa düşməlidirlər. Çünki, bu onlara qərarların qəbuluna təsir göstərmək və yaxud dövlət orqanlarının daha hesabatlı olmasına nail olmağa imkan verir. Onu da bilməliyik ki, informasiya açıqlığı olmadan ictimai nəzarət mümkün deyil.

Konkret  misallar

Praktikada tətbiq oluna biləcək kimi bir neçə nümumə qeyd edək:

Dövlət proqramı çəriçivəsində hər hansı bir rayonda artezan quyularının qazılması nəzərdə tutulub. Dövlət orqanları tərəfindən rayon üzrə 10 artezan quyusu qazılması təklif edilir. Vətəndaşlar hazırda mövcud olan artezan quyuları, onların gücü, texniki vəziyyəti, yerləşdiyi ərazilər, istismar xərcləri barədə məlumat almaqla, yeni quyuların qaızlması barədə təkliflərlə çıxş edə bilərlə. Həmçinin yeni quyuların mövcud ehtiyaclar baxımından hansı məntəqələrdə qazılması ilə bağlı qərarlara təsir göstərə bilərlər. Onlar “İctimai iştirkaçılıq haqqında” Qanuna nəzərdə tutulduğu kimi öz təşəbbüsləri ilə ictimai dinləmə keçirib, rəsmi şəkildə öz əsaslandırılmış mövqelərini dövlət orqanlarının diqqətinə çatdıra bilərlər. 

Yerli QHT-lər, icmalar da məhz bu sxem üzrə fəaliyyət göstərə bilərlər. Çünki,  dövlət qurumlarının ekspertləri hər şeyi bilə bilməzlər, yaxud onlarda informasiya çatışmazlığı ola bilər, onların qərarına müxtəlif maraqlar nöqtey-nəzərindən təsir göstərə bilərlər. Vətəndaşlar, QHT-lər yuxarıda qeyd edilən  məlumatlara çıxış əldə edərək bu cür məsələləri aydınlaşdıra, monitoriqnlər apara bilərlər.

Yaxud rayonda ünvanlı sosial yardım alanların siyahısı və digər ümumi məlumatların açıq olması sosial müdafiə orqanlarının nə dərəcədə obyektiv yanaşdığını qiymətləndirməyə və problemləri aşkarlamağa imkan verir.

Həmçinin torpaq sahələrindən istifadə, kənd təsərrüfatı, dövlət subsidiyaları və digər sahələrlə bağlı  məlumatların açıqlığı məhz ictimai nəzarəti təşkil etməyə imkan verir.

Bu  baxımdan vətəndaşlar informasiya açıqlığı məsələlərinə diqqətlə yanaşmalıdırlar. Bütün sahələrdə olduğu kimi məlumat azadlığı və ictimai informasiyanın əldə edilməsi ilə bağlı məsələlərə prinsipial yanaşmanı müəyyən edən baza sənədi Azərbaycan Respublikasının Konstitusiyasıdır. Məlumat azadlığı Konstitusiyamızda təsbit olunmuş əsas insan hüquq və azadlıqlarından biri hesab olunur. Konstitusiyanın1 “Məlumat azadlığı” adlı 50-ci maddəsinin 1-ci bəndinə əsasən:  hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

Aşağıdakı  informasiyalar  açıqlanmalıdır

İnfornasiya sahibinin açıqlamalı olduğu informasiyalar “İnformasiya əldə etmək haqqında” Qanunun 29-cu maddəsinə əsasən, informasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:

1) ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; 2) büdcə proqnozları; 3) dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 4) dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar; 5) dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar; 6) dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar; 7) ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları; 8) dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar;

9) dövlət orqanları, bələdiyyələr və ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar; 10) normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; 11) normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən; 12) ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar; 13) dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar; 14) ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar; 15) dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları – əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən; 16) dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək; 17) dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar; 18) dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar; 19) dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar;

20) kütləvi tədbirlərin proqramları; 21) dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar – bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək; 22) dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar; 23) dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar; 24) ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar; 25) əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar – şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış;

26) tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar; 27) əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar – bu dəyişikliklər edilənədək; 28) məhkəmə aktları; 29) qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar; 30) informasiya sahiblərinin reyestri; 31) ictimai rəy sorğusunun nəticələri; 32) informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar; 33) dövlət sirri təşkil edən məlumatların siyahısı; 34) açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar.

Sadalanan bu 34 qrup informasiyalar informasiya sahibləri tərəfindən heç bir müraciət olmadan açıqlanmalıdır! By informasiyalar informasiya sorğusunun predmeti ola bilməz! Qanunun 30-cu maddəsinə əsasən yuxarıda sadalanan ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır.

Vətəndaş nəzarəti necə ola bilər?

Vətəndaşlar özləri müxətlif dövlət orqanları, publik hüquqi şəxslər, dövlət şirkətləri, ictimai funksiyaları yerinə yetirən şirkətlərin saytlarından istiafə edərkən, yaxud açıqlanmalı olan hər hansı məlumatlar  axtararkən bu cür informasiyalaırn rəsmi saytlarda yerləşdirilib-yerləşdirilməməsinə diqqət etməlidirlər. Əgər bu cür məlumatlar yoxdursa, yaxud tam şəkildə deyilsə, bu barədə müvafiq dövlət orqanına yazılı müraciət edə bilərlər.

Eyni zamanda Azərbaycan Respublikası İnsan Haqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan  Açıq Hökumət Platformasına,  AR Prezident Administrasiaysına, Nazirlər Kabinetnə müraciət edə bilərlər.

Bu səylər nəticə vermədikdə sosial şəbəklərdə yazmaq, KİV-ə müraciət etmək də məqəsədəmüvafiq olardı.

Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində informasiya açıqlığı məsələləri ilə bağı dah ətraflı aşağıdakı linkdən məlumat əldə bilərsiniz:

http://ogp.org.az/wp-content/uploads/2020/08/%C4%B0ctimai-informasiyan%C4%B1n-a%C3%A7%C4%B1qlanmas%C4%B1-Beledchi.pdf

Vətəndaşların özləri tərəfindən ictimai dinləmə keçirilməsi barədə aşağıdakı linklərdən ətraflı  məlumat əldə edə bilərsiniz:

Bu məqalə AR  Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən  maliyyələşdirilən və “Tolerantlıq”  Sosial  Araşdırmalar  İB tərəfindən icra  olunan “Bilgili  Vətəndaş”  Maarifləndirmə Kampaniyası  layihəsi çərçivəsində dərc olunur.

Etikxeber.az

Read Previous

“Bu, müasir dünyamızın çox böyük ehtiyac duyduğu mədəniyyətlərarası və dinlərarası dialoq səylərinə zərbədir”- Hikmət Hacıyevdən “Charlie Hebdo”-ya-ETİRAZ

Read Next

Bayramov Cenevrəyə-GEDƏCƏKMİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir