“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda-MÜZAKİRƏLƏRƏ ÇIXARILDI VƏ PLENAR İCLASA TÖVSİYƏ EDİLDİ… – YENİLƏNİB

Bu gün Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

İclasa komitənin rəhbəri, akademik Əhliman Əmiraslanov sədrlik edəcək

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

***

Komitənin  sədri  Ə. Əmiraslanov  əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata  keçirilən  tədbirlər  barədə danışdı.

Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək  qiymətləndirən komitə sədri ölkə  vətəndaşları  tərəfindən karantin rejiminin yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu vurğuladı.

Sonra iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda  müzakirə  edildi. Əhliman Əmiraslanov  sənədi ətraflı  şərh etdi.  Qeyd olundu ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının  donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

 5 fəsil, 35 maddədən  ibarət sənəddə qanunun tətbiq  dairəsi,  donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən  mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin  uçotu, donorluq  işinin  koordinasiyası, donor  orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı  ehtiva olunub.

Komitə üzvləri  Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər  qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışdılar.

Gündəliyin ikinci məsələsini təqdim edən MM Aparatının İqtisadi  və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırdı.

Bildirdi ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.

İclasda gündəliyin üçüncü məsələsinin – “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan  Məhəmməd Bazıqov  diqqətə çatdırdı ki,  “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli  qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulmuşdur. Bunu TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyi həyata keçirəcəkdir.

Sənəddə ambulator xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun məbləği ərazi (regional) prinsipinə görə, stasionar xidmət göstərən tibb müəssisələrinin akkreditasiyasına görə tutulan dövlət rüsumunun məbləği isə çarpayı sayına görə diferensiallaşdırılır.

Tibb müəssisələrinin akkreditasiyasının məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, əhalinin yüksək keyfiyyətli tibbi xidmət göstərən müəssisə tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququnun təmin edilməsidir.

Ətraflı müzakirələrdən sonra  hər 3 qanun layihəsi MM-in plenar iclasına  tövsiyə  edildi.

Etikxeber.az

Read Previous

İlham Əliyevdən Ağcabədi ilə bağlı-İKİ SƏRƏNCAM

Read Next

“Bu təhlükəni o zaman tam aradan qaldırmaq, bu bəladan o zaman tam qurtulmaq mümkün olacaq ki…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir