“İnsanlar YAP-ı qoyub, hara getməlidirlər ki?” – İLHAM MƏMMƏDOV

İLHAM MƏMMƏDOV: Saxta profillərdə oturub, söyüş söyməkdirmi aktivlik?

Etikxeber.az millət vəkili İlham Məmmədovun müsahibəsini təqdim edir:

-İlham müəllim, son günlər sosil şəbəklər, onların qanunla tənzimlənməsi yenidən gündəmdədir. Hətta, parlamemtin yaz sessiyasının ilk iclasında da bu yöndə xeyli çağırışlar səsləndi. Sizcə, sosial şəbəkələrin qanunla tənzimlənməsi mümkümdürmü  və bu, insanların fikir azadlığının məhdudlaşdırılmasına gətirib çıxarmaz ki?

-Hesab edirəm ki, bu  günün ən aktual, ən vacib məsələsindən biridir. Təbii ki, sosial şəbəkə insan həyatını yaxşılaşdıran, insanın dünyagörüşünün artmasına, bir sözlə, informasiyanın əlçatanlığına xidmət edən yeni bir trenddir, texnologiyadır.  Biz özü də bu yöndə ilbəil yox, günbəgün, saatbasaat yeniliklərin şahidi oluruq. Artıq bu nə sizin, nə bizim, nə də ümumən kiminsə istəyindən asılı olmayan bir trenddir. Bu gün insanların bir-biri ilə ünsiyyəti bütövlükdə sosial şəbəkələrə keçib ki, bunun da hardasa  həm müsbət tərəfləri, həm də hansısa mənfi tərəfləri var. Yəni, sırf mənəvi, psixoloji aspektdən yanaşsaq, insanların bir-birilə real ünsiyyəti, bir-birilə real gediş-gəlişi azalıb, virtuallaşıb. İnsanlar həddindən artıq çox informasiyalarla yüklənirlər. İnsanlar ola biləcək hadisələri reallıqda yox, bəzən təhrif olunmuş halda qəbul edərək, bunu öz həyatlarına, öz gündəlik işlərinə elə bil ki, daxil etmiş olurlar və hətta, belə demək mümkünsə, bununla yaşayanlar var. Hesab edirəm ki, bunun özü də bəzi mənfi hallara gətirib çıxarır. Ölkəmizə  gəlincə, təbii ki, Azərbaycan sürətlə inkişaf edən, müasir texnologiyaları, yenilikləri daim tətbiq edən bir ölkədir. Bu məsələlərdən biz də geri qalmırıq. Bu gün sürətli internetin yayılması, ölkə prezidentinin bu sahəyə diqqəti, ümumiyyətlə, dövlət idarəetmə strukturlarının tamamilə onlayn sistemə keçməsi, yeni kommunikasiya texnologiyaları vasitələrindən istifadə edərək, elektron hökumətin yaradılması özü də insanların işini xeyli asanlaşdırır. Ancaq bunun mənfi tərəfləri ondan ibarətdir ki, internet, sosial şəbəkələr Azərbaycanı gözü götürməyən  qüvvələr və onun yerdə olan dayaqları üçün elə bil ki,  plastdarma,  döyüş meydanına çevrilib.

Parlamentdə də  deputatlar  daha çox bu istiqamətdə  narahatlıqlarını bildirdilər,  bu, onları da narahat böyük bir məsələdir. Hər bir millət vəkili xalqın təmsilçisidir, hər bir birinin 40-50 min seçicisi var və təsəvvür edin ki, istər ölkəmizdə baş verən hadisələrin təhrif olunması, istər hansısa informasiyanın səhv çatdırılması yerlərdə insanlar arasında bəzən ümidsizlik doğurur, hətta, bəzən müxtəlif kənar, xoş olmayan hərəkətlərə səbəb olmuş olur. Təbii ki, saxta profillərdən istifadə edərək, ölkə, dövlət, iqtidar əleyhinə şər, böhtan yağdıranlar üçün hüquqi tənzimləmə var.  Ancaq bununla belə, Milli Məclisin spikeri Oqtay Əsədov da, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bu barədə narahatçılığını bildirdi ki, hüquqi tənzimləmə olsa da, təəssüf ki, burada bəzi boşluqlar var, qanunların icrasında nöqsanlar, axsamalar mövcuddur. Eyni zamanda, o da vurğulandı ki, Milli Məclis bu məsələdə, yəni, qanunvericilik bazasının təkmilləşməşməsi istiqamətində növbəti addımlarını atacaq. Ancaq bu o demək deyil ki, bu addımlar internet resurslarının, sosial şəbəkələrə girişin qadağan olunmasına, bağlanmasına gətirib çıxaracaq, bu, tamamilə, absurd bir məsələdir. Belə bir məsələdən söhbət getmir və kimlərsə də bunu bu cür yozmağa çalışırlarsa, çox böyük səhvə yol verirlər. Bu, bizim gündəlik həyatımızdır. Ancaq saxta profillərlə ölkə rəhbərini təhqir etmək, ölkənin ayrı-ayrı nüfuzlu şəxslərini gözdən salmaq, hardasa sosial-məişət zəminində ola biləcək hadisəni təhrif edərək sosial şəbəkələrə çıxarmaq, insanların işgüzar nüfuzuna xələl yetirmək, ailə-məişət məsələlərinə müdaxilə etmək heç bir baxımdan xoşagələn hal deyil.

Bundan da daha pis hal odur ki, burada ölkəmizi sevəməyən qüvvələrə bir növ dəstək verərək, yalan informasiyalar yayılır. Həmin insanlara sual olunur, ölkəmizdə gedən inkişafı niyə dünyaya çatdırmaq, yaymaq istəmirsiniz, niyə bu informasiyalarda ölkə prezidentinin şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğısının, əhalinin nisbətən kasıb təbəqəsinə  kömək olacaq, onların həyatının yaxşılaşması, məşğulluq problemlərinin ortadan qaldırılması üçün görülən işləri təbliğ etmirsiz?Məsələn, 19 yanvarda müxalifətin, radikal qüvvələrin aksiya keçirməsinə icazə verildi. Bunun özü elə demokratiyanın, siyasi azadlığın ən bariz nümunəsidir Ancaq çox təəssüf olsun ki,  orada xoşagəlməyən, lazım olan məsələlərdən kənara çıxaraq, hökumət, dövlət, ölkə rəhbərliyinə qarşı çağırışlar edirdilər. Ölkəmizə təhdid edən çağırışlar səsləndirirdilər. Görünür, bu insanlar demokratiyanı anarxiya kimi başa düşürlər. Azərbaycanda anarxiyaya yer yoxdur və ola da bilməz.

Ölkə prezidenti, birinci vitse-prezident şəhid ailələri, gənclər ilə görüşür. Bunu təqdir etmək, yüksək dəyərləndirmək əvəzinə, baxırsan ki, sosial şəbəkələrdə saxta profil istifadəçiləri ölkə rəhbərini, Azərbaycanın birinci xanımı, birinci vitse-prezident xanım Mehriban Əliyevanı təhqir edirlər. Ölkə prezidenti  şəhid ailələri ilə,  gənclərlə görüşərkən onlara sevgisini, məhəbbətini göstərir və istəyir ki, onlarla bir yerdə olsun, onların fikirlərini dinləsin. Ancaq sosial şəbəkələrdə çox təhqiredici sözlər yazılır. Parlamentdə də səsləndirildiyi kimi, bu, ölkə rəhbərinə deyil, eyni zamanda, xalqa doğru yönəlmiş təhqirlərdir.

Məsələn, görün  vəziyyət nə yerə çatıb ki,  bunlar 20 Yanvar şəhidlərinə belə hörmətsizlikdən çəkinmirlər. Xalq, insanlar həmin gün növbəyə düzülür, öz hörmət və ehtiramlarını bildirmək istəyirlər. Bunlar isə az qala o kütlənin, insanların başı üzərindən hörmətsizlik edərək, əlahiddə  adamlar kimi keçmək istəyirlər. Guya dövləti, vətəni, elə bu şəhidləri bunlardan çox istəyən yoxdur. Xeyr, onların məqsədi ağalarından aldığı tapşırıqları icra etməkdir. Elə birbaşa deyək ki, Əli Kərimli kimisinin və onun ətrafında olan insanların məqsədi ölkəmizin ictimai-siyasi vəziyyətini təhrif etmək, aranı qarışdırmaq, “olanları” kameralara çəkdirmək, sosial şəbəkələrdə paylaşmaq, ölkəmizin nüfuzuna zərbə vurmaqdır.

Yaxşı, ay Əli Kərimli, sənin o demiokratiya dediyin yerlərdə get bax gör nə hadisələr baş verir. Get, bax, gör orda nələr yaşanır. Sən bunumu istəyirsən? Yaxşı Azərbaycanı sevənsənsə, niyə demirsən ki, bu gün dünya Azərbaycanda gedən yeniliklərdən danışmırsan. Niyə “ASAN” xidmətdən, sahibkarlığın inkişafı üçün nəzərdə tutulan vergi güzəştlərindən söz açmırsan?  De ki, bax, burda bu çatmır, bunları edilsə, yaxşı olar və sair.  Və yaxud, elə tək 30 min adamın məşğulluq problemini həll eləmək üçün ölkə prezidenti tərəfindən 80 milyon vəsait ayrılıb. Gündəlik yox,  gün ərzi işlər ki  var müxtəlif şəhərdə, məsələn, təmizlik, abadlıq və sair, bu işlər də artıq mərkəzləşmiş şəkildə “DOST” vasitəsilə həyata keçirilir. Bu işlərdə çalışanlara ən azı 200-300 manat maaş veriləcək,  onların  pensiya təminatı da olacaq. Niyə bir dəfə olsun minnətdarlıq hissi ilə bunları deyə bilmirsən?

– Yeri gəlmişkən, bir neçə gün öncə YAP-ın parlamentdə olan təmsilçiləri ilə partiya rəhbərliyinin, İcra Katibliyinin görüşü keçirildi. Deyilənlərə, mətbuatda gedən məlumatlara görə, bu görüşdə bəzi YAP-çı millət vəkilləri ciddi şəkildə danlanıb, onların fəaliyyətsizliyi önə çəkilib…

– Xeyr, heç də belə deyil. YAP rəhbərliyi tərəfindən parlamentdə təmsil olunan deputatlarla keçirilən görüş mütəmadi olan görüşdür. Partiya rəhbərliyi ilə seçki ərəfəsində, il başlayanda, onların məqsədəuyğun hesab etdiyi vaxtlarda görüşlər keçirilir, orada qarşıda duran vəzifələr müəyyənləşir. Yəni, ölkəmizin ictimai-siyasi həyatı, son günlər baş verən hadisələr, xüsusən Davos forumunda ölkəmizə diqqətin, marağın olması, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının növbəti mərhələsində qarşıya qoyduğu hədəflər, bu hədəflərin insanlara düşzgün çatdırılması, təbliğat işinin aparılması, bu, bizim siyasi partiya fəaliyyətimizdir. Bu, mümkün olan bir şeydir.

Ancaq görürsünüzmü, bunlar mətbuatda, sosial şəbəkələrdə elə istiqamətdə yönələ bilir ki, guya hansısa qeyri-adi hadisə baş verib. Dünyanın bütün ölkələrində hakim partiyaların parlamentdə təmsil olunan nümayəndələri tez-tez bir yerə yığışır, partiya rəhbərliyi ilə görüşür, müzakirələr aparırlar. Qardaş Türkiyədə də belədir, qonşu Rusiyada da belədir. Burada qəribə nə var ki?!Təbii ki, bizə qarşı olan təhdidlərin qarşısını ala bilmək üçün biz də iş planımızı müəyyənləşdiririk. Onlar sosial şəbəkələrdə gecə-gündüz müxtəlif saxta profillərlə söyüş, təhdidlər sovurmalı, bizsə durub sakitcə baxmalıyıq, hec bir cavab verməməliyik? Onların söz haqqı var, bizim cavab haqqımız yoxdur?

-Belə fikirlər də səslənir ki, söyüşə söyüşlə cavab vermək lazımdır…

– Bu məsələni də başqa səmtə yozmaq lazım deyil. Ancaq çox təəssüflər olsun ki, belə cəhdlər də var, hiss olunur.  Əslində elə insanlar var ki, onlar özlərini o səviyyəyə endiri, insanlara qarşı ən təhqiramiz ifadələr işlədirlər. O təhqiredici ifadələr, təbii ki, onların özlərinə aiddir. Çünki onlar o səviyyənin yiyəsidir.  İnsan doğurdan da, onları gördükcə, eşitdikcə xəcalət çəkir.  Məgər parlamentdə oturanlar xalqın nümayəndələri deyil? Onlar Azərbaycan vətəndaşları deyil? Onların deputatlığını, ictimai-siyasi yükü qoyaq bir kənara, məgər orda oturanların ailəsi ailə, uşağı uşaq, övladları övlad, onların təmsil etdikləri insanlar insan deyil? Bilirsiniz, hansısa bir deputata, hansısa bir ictimai-siyasi xadimə söyüş yağdırılırsa,  o, elə bil ki, o, onun təmsil etdiyi, ona mandat verilən insanlara söyüş yağdırmaq, onları təhqir deməkdir.

Biz demirik ki, onlarla döyüş meydanına çıxaq.  Ancaq təbii ki, hər bir işin adekvat bir cavabı var. Hər bir hərəkətin ona uyğun adekvat cavabı var və özü də çox sivil qaydada. Siz baxın görün ölkə prezidenti tərəfindən, hörmətli Mehriban xanım Əliyeva tərəfindən hansı mədəniyyət, hansı yüksək səviyyə nümayiş elətdirilib. Bir dəfə olsun belə onlara qarşı səslənən ifadələrə hansısa kəskin ifadələr işlənməyib. İstər dövlət, hökumət təmsilçiləri, istərsə də Milli Məclis deputatları tərəfindən. Məgər biz belə dururuqsa, onlar irəlimi keçməlidir? Yəni, qoy onlar da eşitsinlər ki, qoy onlar da bilsinlər ki, onlar təhqir edəndə tək bizləri yox,  xalqı da, sıravi vətəndaşları da təhqir edirlər. Azərbaycan kiçik bir ölkədir və hamının bir-birinə hansısa müstəvidə qohumluq, tanışlıq, dostluq əlaqələri var. Yəni, bunu qabaqlarına qoyub fikirləşmələri lazımdır.  Hər bir məsələ sivil mübarizə çərçivəsində olmalıdır, əndazəni aşmamalıdır.

-Bu günlərdə YAP üzlərinin son sayı açıqlandı və məlum oldu ki, partiya üzvlərinin sayı 732 mini keçib. Bəzən belə fikirlər də səslənir ki, əslində həmin 732 minin heç 732-si belə fəal deyil…

-Bu fikir, bu mövqe ilə də heç cür razılaşa bilmərəm. Axı,  partiya üzvləri necə fəal olmaya bilər? Bax, məsələn, mənim təmsil olunduğum, Yeni Azərbaycan Partiyasının Yevlax şəhər təşkilatının üzvləri var. Bunlar cənab prezidentimizin sədri olduğu partiyaya, dövlətə, vətənə, ulu öndərin siyasətinə sədaqətlərini nümayiş etdirərək gəliblər. Və bu gün onların rayonumuzun ictimai-siyasi həyatında hərəsinin öz movqeyi, öz yeri, öz fəaliyyətləri var, öz işləri var. Kimisi müəllim, kimisi həkimdir, kimisi kənd təsərrüfatında çalışır, kimisi sahibkarlıqla məşğul olur. Məgər, bu, özü fəallıq deyilmi? Bu elə özü onu göstərirmi ki, bizim partiyanın üzvlərinin hamısı yüksək mədəniyyət, tərbiyə nümayiş elətdirirlər?! Yəni, onlara o səviyyədə cavab vermirlər. Müxtəlif saxta profillərdə oturub, söyüş söyməkdirmi aktivlik?  Biz belə aktivliyin tərəfdarı deyilik, biz sivil mübarizənin, sivil oyun qaydalarının tərəfdarıyıq. Ona görə də hər kəs, sadəcə,  başını aşağı salıb öz işi ilə məşğuldur. Ölkə prezidentinin siyasətinin həyata keçməsi üçün yerlərdə sivil qaydada öz işlərini görürlər. Bu, özü fəallıqdır. Partiyanın 732 min üzvü müxtəlif sahələrdə çalışırlar. Dövlət, hökumət həyatında, ictimia-siyasi, mədəni sferalarda fəaliyyət göstərirlər. İdmançılarımız, müğənnilərimiz, gənc istedadlarımız var ki, Azərbaycanı dünyada təmsil edirlər. Məgər bu fəallıq deyilmi?

– Sizcə, həmin insanların hamısı hakim partiyaya sədaqətlidirlərmi?

–  Təbii ki, sədaqətlidirlər. O insanların heç biri məcbur olub, ora gəlməyib, gətirilməyib ki?! Onlara YAP-a öz könlü, öz qəlbi, öz ürəyi, öz düşüncəsi, öz seçimi ilə gələn insanlardır. Onlar Ulu öndərin, ölkə prezidentinin siyasətini, ölkəmizin inkişafı naminə gördüyü işləri, əmin-amanlığı, sabitliyi görüb  YAP-a gəliblər. Hara germəlidirlər ki? Neynəməlidirlər ki? Təbii ki, bu gün o insanlar  ətraflarına daha da artıq şəkildə insanları, dostlarını cəlb ediblər, edirlər. Bizim partiyanın böyük əksəriyyəti, sırası gənclərdən ibarətdir. Xaricdə təhsil proqramı çərçivəsində nə qədər gənclərimiz  xarici ölkələrdə oxuyub, qayıdıb dövlətin ictimai-siyasi işlərində iştirak edirlr, “startap” layihələrini həyata keçirirlər. Özü də nəinki Azərbaycanda, dünyanın hər bir yerində bunu edirlər. Belə olan halda, bu insanlar hara getməlidirlər ki?  Təbii ki, hakim patiyaya, YAP-a üz tutmalıdırlar.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrıldı – SƏRƏNCAM

Read Next

Noyer Çempionlar Liqasında “Liverpul” ilə oyunu buraxa bilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir