“İnsanların hissləri ilə oynamasınlar…” – ZAHİD ORUCDAN DƏSTƏK VƏ TƏPKİ

Xəbər verildiyi kimi, bu günlərdə millət vəkili, iş adamı Əsabil Qasımovun övladı faciəli şəkildə düntyasını dəyişib.

Qeyd edək ki, millət vəkilinin dərdini bölüşən, kədərinə şərik olan insanlar arasında deputat həmkarları da olub.

Bununla yanaşı, bəzi sosial şəbəkələrdə faciəli şəkildə dünyasını çox erkən dəyişmiş bir gəncin ölümü ilə bağlı xoş olmayan, Azərbaycan mentalitetinə yaraşmayan addımlar da müşahidə olunub və qeyd edək ki, həmin insanlar özləri də bu hərəkətlərinə görə qınanıb, sərt təpkilərlə qarşılanıblar.

Etikxeber.az-a açıqlamasında millət vəkili Zahid Oruc isə bunları deyib:

“Mən deputat həmkarım Əsabil Qasımovu hələ parlamentə gəlməzdən, millət vəkili seçilməzdən öncə tanıyırdım. Doğrusu, iş adamlarının müəyyən qədər adının tanınması-məşhurlaşması fonunda ikili vəziyyət meydana çıxır. Bunlardan birincisi odur ki,  bir  qisim insanlar  bəlkə də nəyəsə xiffətlə baxırlar,  bir yandan da müəyyən problemlərin həlli üçün bu adamları ümid yeri kimi görürlər.

O üzdən gənclərin-tələbələrin müraciətləri olarkən,  dərhal ilk yada düşən insanlar kimi bizim sahibkarlara-tanınmış biznes adamlarına müraciətimiz baş verirdi və  bu illərdə  şəxsən mən özüm də 3-dən artıq tələbə üçün Əsabil  müəllimə müraciət etmişdim.

Bu zaman isə çox  ləyaqətli, çox mehriban və çox istiqanlı münasibətin şahidi olmuşdum. Ondan sonra isə aramızda insani münasibət yaranmışdı və heç zaman da bu addımları unutmamışdım. Parlamentdə təmsil olduğumuz illərdə də – həyat belədir ki,  bir yerdə qalmır-dayanmır – kimsə kitabının çapı ilə əlaqədar və ya kimsə tibbi durumuna yardım üçün axtarışlarda bulunanda,  bəlkə də bir qədər əvvəlki xahişlərimizi nəzərə alıb, ehtiyatlı şəkildə “bu məsələlərə necə kömək etmək olar?” duyğusu ilə söz açmışdım və bu zaman yenə də onun  böyük humanizminin, insani səxavətinin şahidi olmuşdum.

asabil

zahid-3

Paralel şəkildə demək istəyirəm ki, bizim də müəyyən qədər əhatə dairəmiz var,  şahidiyik ki, insanlarımız müəyyən məsələlər üçün belə insanlara müraciət edir və bunlar da  yaxşı mənada deyilir, paylaşılır. Bu da nəticə etibarı ilə  bir insan haqqında fikir formalaşdırır, təəssüratlar yaradır və o insanın obrazını insanların qəlbində bərkidir. Bu mənada Əsabil Qasımovun övlad itkisi ilə bağlı  xəbəri son dərəcədə üzüntü, ağrı  ilə qarşılayanlardan biri də  biz idik. Həqiqətən də,  həmkar kimi bu məsələdə yanaşmamız o insanı tanımağımızdan irəli gəlirdisə, o biri yandan  da gənc bir Azərbaycan oğlunun belə faciəli şəkildə dünyadan getməsi bizi təsirləndirməyə bilməzdi.

Hesab  edirəm ki, nə Qərbli, nə Şərqli olmağından asılı olmayaraq, hamı onun fərqindədir ki, oğul, qız  insan üçün nə mənaya malikdir.

Valideyn üçün onun həyatında, düşüncələrində, gələcək arzularında, planlarında necə bir yer tutur. O üzdən bizim hər birimiz o mərasimlərə qatılarkən təkcə bir atanın övladının, on illər ərzində böyüdərək, onun gələcəyi ilə bağlı xəyallar qurduğu insanın dərdini bölüşmürdük, bu, daha artıq dərəcədə millətimizin bir övladı ilə bağlı bizim hər birimizin yaşantısı, üzüntüsüydü. 

Ancaq çox təəssüflər olsun ki,  belə bir məqamda hətta ölüm hadisələrini siyasi mübarizənin predmetinə çevirən və informasiya məkanında ayrı-ayrı paylaşımlara əl atan adamları gördük. Mən elə hesab edirəm ki, bunlar heç bir halda millətin adı, onun  varlığı ilə bağlı  nə keçmişinə, nə  bu gününə, nə sabahına yazılmayacaq əməllərdir, işlərdir.

Əgər biz tarixdən danışırıqsa, bəzən bir-birinə ən qatı düşmən münasibətində olanlar da övlad itkiləri zamanı bir növ o qanın üzərindən keçərək, bir-birilərinə əl uzadıblar, dərdlərini bölüşüblər, o ağrıları paylaşıblar. O üzdən həyatının dadı mənasında böyük zərbə alan bir insan üçün əgər kimsə yenə  xeyirxahlıqda buluna bilmirsə, heç olmasa, adamların hissləri ilə oynamasınlar, mənfi təsir göstərməsinlər.

Elə bilirəm ki, Əsabil Qasımov bundan sonrakı dövrdə də özünün  böyük xeyirxahlıq  missiyasını davam etdirəcək və bu, onun övladının əziz xatirəsi qarşısında bəlkə də görüləcək ən böyük işlər  kimi hesab olunacaq.  Edilən dualar da  müəyyən mənada bir təskinlik mənbəyinə çevriləcək.

Eyni zamanda, Azərbaycanda hər birimiz onun fərqində olnmalıyıq ki, iqtidarlı-müxalifətli biz hamımız bir millətin övladlarıyıq və bizim bir-birimizə belə  məqamlarda  göstərdiyimiz münasibət daha artıq dərəcədə vahid bir xalq olmağımızı nümayiş etdirəcək…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Bakı-Gəncə-Bakı sərnişin qatarında gediş haqqı endiriləcək

Read Next

Qida təhlükəsizliyi qanunla tənzimlənəcək – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir