İnsanlığı öz şəxsiyyətində ölümsüzləşdirən-İNSAN – Züleyxa NADİR YAZIR

Bu İNSAN Aslan Nəsibovdu.

O Aslan Nəsibov ki, adı yaşlı və orta nəslin bir çox nümayəndəsinə yaxşı  tanışdı, xüsuslilə də Dəvəçi (Şabran), Xaçmaz və Tovuz  rayonlarının əhalisi üçün Aslan Nəsibov ucalıqda dayanan, ömür yolu örnək olan şəxsiyyətdi.

O Aslan Nəsibov ki, partiya komitəsinin birinci katibi kimi hər üç rayona 15 il rəhbərlik edib. Doğruluğu, dürüstlüyü, ədaləti və sadəliyi ilə yaddaşlara hopub. O Aslan Nəsibov ki, bütün fəaliyyəti boyu sadə kəndlinin, fəhlənin yanında olub.

O Aslan Nəsibov ki,  həyatı boyu vəzifəli, var – dövləti  aşıb- daşan, haram yolla sərvət toplayan, fəhlənin və kəndlinin zəhmətini heçə sayıb haqqını oğurlayanlarla mübarizə aparıb. O Aslan Nəsibov ki, yaxşılığı, xeyirxahlığı onu şəxsən tanıyanların, adını eşidib üzünü görməyənlərin yaddaşına hopub.

O Aslan Nəsibov ki, sovetlər zamanı  rəhbər vəzifədə tərtəmiz, ləkəsiz qalmaq üçün haram pula əl atmadı, rüşvətə yaxın durmadı. Məsələn, Tovuzda Nəsibovdan əvvəlki katib ona rüşvət verən adamın pullarını rahatlıqla stolunun siyirməsinə tökər və deyərmiş: “balalarının toyunda xərcləyək”. Aslan Nəsibova isə bir kimsə rüşvət verməyi ağlının ucundan belə keçirməyib.

O, heç vaxt belə çirkin hərəkətə imkan və şərait yaratmayıb. O Aslan Nəsibov ki, uzun və mənalı ömür yaşadı. 90 illik taleyinin naxışları təmiz vicdanı, əxlaqı, yuxusuz gecələri, halal zəhməti, millətə və xalqa təmənnasız xidməti, aydın məqsədi, sadə təfəkkürü oldu. Bu parametrlərin daşıyıcısı olaraq Allah yanında da uca məqam sahibinə çevrildi – buna tam əminəm. O cür böyük və geniş ürək sahibi qəlbən Tanrıya bağlı insan idi.

Bəli, məhz bu ADAM insanlığı özünün şəxsiyyətində ölümsüzləşdirərək iki gün əvvəl gözlərini əbədi yumdu. Son yolçuluğu doğulduğu torpaqda – Oğuz rayonu, Kərimli kənd qəbristanlığında tamamlandı…

***

Aslan Nəsibovun tale yolu uşaq evindən başlayıb.

Valideynlərindən vaxtsız məhrum olan Nəsibov tərbiyəni uşaq evindki tərbiyəçilərdən aldı.

Sonrakı illərdə həyat universitetindən dərs aldı və heç vaxt bu məktəbdən  kəsilmədi.

İnamı və əqidəsi əlindən tutdu, sənət məktəbində oxudu, zavodda çilingər işlədi, instituta daxil olub iqtisadçı oldu. Naxçıvanda əsgəlikdə olarkən partiya-sovet işinə irəli çəkildi, Naxçıvan MSSR Ali Sovetinin deputatı seçildi. Və bu seçim onun sonrakı həyat yolunun tramplini oldu. Nəsibov Bakı Ali Partiya Məktəbində oxudu.

O zamankı Artyom (Pirallahı) və Əzizbəyov (Xəzər) rayon partiya komitələrində təlimatçı, təbliğat və təşviqat şöbəsinin müdiri, daha sonra isə Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışarkən heç vaxt doğru bildiyi yoldan azmadı, şərəfini və ləyaqətini hər şeydən üstün tutdu. Və partiya-sovet işində irəlilədikcə təcrübə qazandı, bilikləri artdı, içinin  məsuliyyətini  çiyinlərində daşıdı. 

Bakı şəhəri Nərimanov rayon XDS İcraiyyə Komitəsi sədrinin birinci müavini, eləcə də Azərbaycan KP MK-da təlimatçı, inspektor  vəzifələrində işləyəndə də vicdanını unutmadı, dövlətə və dövlətçiliyə xidmət edərək  vəzifəsinin şərəfini uca tutdu. On beş illik raykomluq fəaliyyəti isə fərqli oldu, seçildi. Unu Öndər Heydər Əliyev hər zaman onun fəaliyyətini bəyənərək iş prinsipindən razı qalıb.

Nəsibovun onun etimadını doğrultduğunu söyləyərək yüksək vəzifəyə təyin etməyindən dolayı peşman olmadığını vurğulayıb. Aslan Nəsibov heç vaxt Heydər Əliyevə xəyanət etməyib, partiya işində, rəhbərlik etdiyi vəzifələrdə Ulu Öndərin tapşırıq və tövsiyələrini ən yaxşı formada yerinə yetirib. Ona görə də ölkə başçısı o zamankı partiya qurultylarında və digər  tədbirlərdə dəfələrlə Aslan Nəsibovun adını çəkərək onun iş prinsipini digər katiblərə örnək göstərib.

Heydər Əliyev məktəbindən dərs alan Aslan Nəsibov geniş diapazona, dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə və zəngin həyat təcrübəsinə malik bir şəxsiyyət idi. Ulu Öndərlə aralarındakı səmimi münasibət, böyük ehtiram və təmkin onun gələcək həyat yolunda da özünü göstərdi.  “Əliyevçi” damğası ilə işdən çıxarılanda da Nəsibov təmkinini pozmadı, qapılar döyüb haqqını tələb etmədi.

Hər şeyi zamana buraxdı və bir gün tale onun üzünə daha geniş qapı açdı. Bu qapıdan içəri girən Aslan Nəsibov müstəqil Azrbaycanın ilk günlərindən müxtəlif vəzifələrdə çalışdı, bilik və təcrübəsini gənclərə öyrətdi. Hər kəs onun keçməkeşli, heç də hamar olmayan, lakin bütün bunlara rəğmən  böyük ömür yolunda necə addımladığını, bu günkü və daha sonrakı nəsillər üçün hansı töhfələr qoyduğundan xəbərdar oldu.

Çalışdığı illərdə müxtəlif orden-medallara, çoxlu sayda mükafatlara layiq görüldü. Ancaq Nəsibovun ən dəyərli mükafatı, ən unudulmaz  titulu insanlığı özünün şəxsiyyətində ölümsüzləşdirməyi oldu. O böyük İNSAN  bütün çətinliklərə sinə gərərək həyatın fövqündə dayanmağı  bacardı. Hər zaman onu tanıyanların nəzərində işıqlı bir sima olduğu üçün inanıram ki, dünən və bu gün olduğu kimi, sabah da yaddaşlara köçəcək, əbədiləşəcək.

Aslan Nəsibov  dərin təfəkkürə malik parlaq şəxsiyyət, yüksək mədəniyyətli, geniş erudusiyalı, zəngin dünyagörüşü olan alicənab bir İNSAN idi. Bununla yanaşı o, həm də son dərəcə ciddi, tələbkar və prinsipial şəxs olub. Vətəninə, millətinə və xalqına məhəbbət Aslan Nəsibovun amalı, həyat qayəsi olub. O, xalqını xoşbəxt görmək istəyən  mübariz insan idi…

***

Aslan Nəsibovu 40 ildi tanıyıram – Tovuz rayon partiya komitəsinin birici katibi olan vaxtlardan.

O gün bu gün Nəsibov mənə doğma və əziz insan oldu. Mən ona Aslan müəllim deyirdim, amma həm atam, həm dayım, həm də əmim idi. Atamı tanıyırdı.

Onun haqqında xoş sözlər danışanda mənə elə gəlirdi ki, Aslan müəllim  əmimdi. Bir çox xüsusiyyətləri atamla üst-üstə düşdüyü üçün  doğma atam qədər mənə əziz idi. İllər öncə anam xəstə olanda onu ziyarətə gəlmişdi.

O vaxtdan isə elə bildim ki, dayımdı. Heç vaxt doğma dayım olmadığı üçün Aslan müəllimi dayım kimi sevirdim. O, universitet müəllimlərimdən sonra  mənim həyat müəllimim olub. Həyatın hər cür ağrı-acısına dözməyi, bəzi-para şeylərin üstündən keçməyi Aslan atadan öyrəndim. Dedi-qodulardan uzaq olmağı, haqqı nahaqqın ayağın verməməyin yollarını Aslan əmi başa saldı.

Hər kəsi sevməyin, insanlara təmənnasız yaxşılıq etməyin bəzi elementlərini Aslan dayıdan  götürdüm. Amma nə yazıq ki, sərt  və tələbkar olmağı yoldaş Nəsibovdan öyrənə bilmədim, bacarmadım. Mülayim olmağın isə elə tərəfləri var ki, onları mənə Aslan müəllim göstərdi.

Son 20 ildə Aslan müəllimlə çox tez-tez görüşürdüm, evinə gedirdim, o mənim evimə gəlirdi. Həm atam, əmim, dayım, həm də həyat müəllimim olan bu təmkinli kişi ən əziz qonağım olurdu. Təqaüdə çıxdığı üçün illərin yorğunluğunu yaxşılıq etməklə çıxarmağa çalışırdı. Aldığı təqaüdlə imkansıza əl tururdu, köməksizin hayına çatırdı. Çoxlu mütaliə edirdi. İslam tarixini öyrənir, Quranı oxuyurdu.

Kitab yazırdı, xatirələrini qələmə alırdı. “Oxuduqülarımdan, gördüklərimdən, topladıqlarımdan”, “Hədiyyə” və “Uşaq evindən zirvəyə doğru…” kitablarının yazılmağına şahidəm. Hər üç kitabı redaktə edərkən Aslan müəllimi yenidən tanıdım, bilmədiyim, görmədiyim xüsusiyyətlərini yazdıqlarında hiss etdim. Hiss edirdim ki, SÖZü yazdığı fikirlərə çıraq kimi tutub. Və o çıraq Aslan müəllimin fikirlərinin ən dərin qatına da işıq salıb.

Haqqında yazdığım “Bir ömrün işığı”  adlı kitabım gerçəkdən də onun həyatını işıqlandırmış, taleyini nurlandırmışdı. SÖZü sevirdi, ona çox dəyər verirdi. Bəzən elə yazıçının əsərindən sitat gətirirdi ki, heyrətlənməyə bilmirdim. Vaxtilə sərt partiya-sovet işində işləməyinə rəğmən 80-90 yaşlı bu insan olduqca sərrast, fəlsəfi fikirlər söyləyirdi…

***

Mənim üçün xatirə yazmaq çox çətindir.

Yazıçılardan biri deyib ki, xatirə xüsusi növ ədəbiyyatdır. Məncə, doğrudur.  Xatirə insanın iç dünyasına səyahət deməkdir. 

Xatirə yazmaq  insanın heç vaxt unutmadıqlarını, qəlbinin ən işıqlı yerində saxladıqlarını yenidən göz önünə gətirmək və yaşamaqdır.

Xatirələr bəzən insan dərdinin dərmanı, bəzən də insana yenidən yara vuracaq  qədər kədərli olur. Ona görə də ən əsas və çətin məsələ hardan başlamaq yox, necə başlamaqdır. 

Eləcə də hadisələrə düzgün yanaşmaq, olanı doğru, olduğu kimi təqdim etmək şərtdir. 

Bu baxımdan çalışdım ki, Aslan müəllimin həyatının ötən günlərinə bir qədər işıq salım. Ki… bu yazını oxuyanlar onun xatirə işığına tərəf boylana bilsinlər.

Nur içində yatın, Aslan müəllim!

Tanrı uyuduğunuz məkanı cənnət etsin!

Züleyxa NADİR,

Etikxeber.az

Read Previous

Birinci Qarabağ Savaşının iştirakçısı-Qəhrəman atanın özü kimi, Qəhrəman, İgid övladı-ŞƏHİD MƏHYƏDDİN MƏMMƏDOV… – FOTOLAR

Read Next

“İsgəndər-M”-lə bağlı Azərbaycan xalqı nəyin baş verdiyinin cavabını bilməlidir…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir