“İntizam Komissiyası o demək deyil ki, Milli Məclisin üzərinə “Domokl qılıncı”nı çəkməlidir”-İNTİZAM KOMİSSİYASININ SƏDR MÜAVİNİ FƏZAL AĞAMALI

Milli Məclisin (MM) İntizam (Etika) komissiyası Birinci çağırış dövründən-1995-ci ildən mövcud olsa da, onun fəaliyyəti daim qapalı olub.

Həmçinin, ötən illərdə onun iclasları nadir hallarda, medianın iştirakı olmadan baş tutub və azsaylı qərarları olub.

Sadəcə, ilk dəfədir ki, bir müddət öncə İntizam komissiyasının yeni tərkibdə iclası keçirilib və geniş müzakirələr aparılıb.

Eyni zamanda, onu da qeyd edək ki, xüsusilə, son dövrlər bəzi cavan və yeni millət vəkilləri ilə bağlı şikayətlər, narazılıqlar eşidilməkdədir.

Hətta, bugünlərdə sabiq deputatlardan biri Gültəkin Hacıbəyli son iki çağırış MM-in üzvü Cavid Osmanovun parlamentin son iclasındakı çıxışı və axır illərdəki fəaliyyəti ilə bağlı parlament rəhbərliyinə, İntizam komissiyasına müraciət edib.

Odur ki, bu və digər məqamlara aydınlıq gətirilməsi ilə bağlı 6 cağırış MM-in üzvü olan Ana Vətən Partiyasının (AVP) sədri, adıçəkilən komissiyanın sədr müavini Fəzail Ağamalıya müraciət etdik.

Etikxeber.az-a geniş açıqlamasında F. Ağamalı bunları bildirib:

“Əvvəla qeyd edim ki, İntizam komissiyasının indiki səviyyəsi əvvəlkilərdən həm də ona görə fərqlənir ki, onunla bağlı qanunvericiliyə ciddi dəyişikliklər edilib. Onun həm tərkibi, həm də səlahiyyətləri genişləndirilib. Bunlar qanunvericiliklə təsbit edildiyinə görə, adıçəkilən komissiya 6-cı çağırışda da təbii olaraq, məhz bu şəkildə formalaşmalı və öz işini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Artıq ilk geniş iclasımız baş tutdu. İclas kifayət qədər maraqlı oldu. Orada komissiyanın qarşısında duran vəzifələr üzərində geniş müzakirələr aparıldı. İntizam Komissiyasına daxil olan millət vəkilləri hər biri öz fikirlərini ortalğa qoyudu. Bütövlükdə niyyət bundan ibarət oldu ki, biz Azərbaycan qanunları-İntizam komissiyasının səlahiyyətləri çərçivəsində elə etməliyik ki, Milli Məclisin və deputatların nüfuzuna hər hansı bir ləkə, nöqsan gətirəcək addımlara yol verilməsin. Eyni zamanda, Milli Məclisin iclasları etik davranışlara uyğun olaraq, yüksək səviyyədə aparılsın.

Təbii ki, hər bir deputatın söz demək hüququ var, bu məqam gözlənilməklə, digər deputatların da hüquqlarına və bütövlükdə onlara münasibətdə etik davranışlar özünü birmənalı şəkildə ifadə etsin. Komitə iclaslarında və plenar iclaslarda deputatların üzrsüz səbəblərdən iştirak etməməsi yolverilməzdir. Əgər bu hallara yol verilərsə, bu da intizam qaydasında müəyyən cəzalarla müşaiyət olunur, olunmalıdır və sair. Eyni zamanda, İntizam Komissiyası o demək deyil ki, Milli Məclisin üzərinə “Domokl qılıncı”nı çəksin və ya çəkməlidir. Qətiyyən! Sadəcə, İnizam Komissiyasının işi millət vəkillərinin bu və ya digər şəkildə qanunvericiliyə uyğun olmayan addım atdıqda, onun qarşısını almaqdan ibarətdir.

Bildiyiniz kimi, ayrı-ayrı qanunvericilik aktlarında deputatların fəaliyyəti, etik davranışları, vəzifələri ilə bağlı müddəalar öz əksini tapıb. Bunlar həm ölkə Konstitusiyasında, həm MM-in Daxili nizamnaməsində, həm deputatların statusu, həm deputatların etik davranşları haqqında qanunlarda ayrı-ayrı maddələrdə ifadə olunub. İclas zamanı təklif etdim ki, bunların hamısını ümumiləşdirərək vahid bir kitabça halında hazırlayaq, çap eləyək və bütün millət vəkillərinə paylayaq. Hər kəs bilsin ki, o nəyi etsə, İntizam Komissiyasının onun haqqında cəza vermək məsələsi ortalığa gələcək. Yəni, çalışsın ki, onlara yol verməsin. Millət vəkillərinə, xüsusilə, yeni deputatlara da tövsiyə etdik ki, Milli Məclis deputatlarının saydığım qanunvericilik aktlarındakı hüquqları, vəzifələri ilə tanış olsunlar. Bunlar öz yerində.

Amma yaxşı olar ki, bu kitabça şəklində hazırlansın və bütün millət vəkillərinə verilsin. Eyni zamanda, bunun elektron variantı da hazırlanıb internetdə yerləşdirilsin. Həmçinin, bu, MM-in müavif sənədlərinin arasında yer alsın ki, istənilən vaxt istənilən şəxsin ona baxması mümkün olsun. Mənim bu təkilfim qəbul olundu, ona müsbət yanaşıldı və qərar gəldik ki, vaxtaşırı iclaslarımızı keçirək və çalışaq ki, İntizam komissiyasının qanunvericilik baxımından üzərinə qoyulmuş vəzifələrini yerinə yetirə bilək.

Hesab edirəm ki, komissiyamızın normal tərkibi var. Komissiyanın sədri Eldar İbrahimov uzun illərdir ki, MM-də həm millət vəkili, həm də komitə sədri kimi fəaliyyət göstərib. Təcrübəsi var, MM-də yetərincə nüfuz sahibidir. Eyni zamanda, İntizam komissiyasına daxil olan hər bir deputatın özünün bütün mənalarda MM-də və cəmiyyətdə nüfuzları var. Beləliklə biz çalışacağıq ki, üzərimizə düşən vəzifələri qanunvericilik aktlarına söykənərək uğurla yerinə yetirək”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Heydər Əliyev dedi ki, fiqura saxlayırsız, niyə yemirsiniz? Siz yeməsəniz, onda mən də nahar etməyəcəm…” – FATMA HÜSEYNOVA

Read Next

Ünvanlı dövlət sosial yardımı ilə bağlı nə, necə dəyişəcək?-EKSPERT BİR DAHA AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir