“İşğal olunmuş ərazilər”dən nə xəbər var?

 

KAMİLƏ ƏLİYEVA: “İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsi qəbul edilərsə, Qarabağa qanunsuz səfər edənlərlə, separatçılarla işbirliyi quran şirkətlərlə bağlı beynəxalq məhkəmələrə müraciət oluna, onların cərimələnməsi tələb edilə bilər”

Ətrafında uzun illərdir müzakirələr gedən qanun layihələrindən biri də “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsidir.

Qeyd edək ki, bu məsələni ilk dəfə gündəmə gətirən bitərəf millət vəkili Qənirə Paşayeva olub.

O, hələ 3 çağırış parlament dövründən, 2007-2008-ci illərdən belə bir qanun layihəsinin hazırlanmasını, müzakirələrə çıxarılmasını və qəbulunu təklif edib.

Bu barədə fikirlərini də həm parlamentdə, həm mediada dəfələrlə dilə gətirib.

Sonra millət vəkilinə bu yöndə dəstək sabiq millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbər şəxslərindən olan İcra katibinin müavini Mübariz Qurbanlıdan gəlib.

Qurbanlı da Azərbaycanın müharibə şəraitində olduğunu, o cümlədən, Azərbaycan kimi işğal faktından əziyyət çəkən qonşu Gürcüstanda belə bir sənədin mövcudluğunu dilə gətirərək, işğal olunmuş ərazilərlə bağlı ayırca qanun layihəsinin qəbulunu təklif etmişdi.

Daha sonra millət vəkillərindən Kamilə Əliyeva, sabir deputat, hazırda “Qaçqınkom”un sədri işləyən Rövşən Rzayev də belə bir qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış etmişdilər.

GANİRA-MM

trend_mubariz_gurbanli_160718

kamilya

rovsannn

meclis-oqtay-1

K.Əliyeva bununla bağlı bildirmişdi ki, həqiqətən Azərbaycanda işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinə ehtiyac var. Millət vəkili “25 ildən çoxdur ki, Azərbaycanın əraziləri erməni hərbi qüvvələri tərəfindən işğal edilib. İşğalçı münasibət bu gün də davam etdirilir. Bu baxımdan, belə bir qanunun qəbulu qaçılmazdır. Dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Gürcüstanda buna bənzər qanunlar var. Gələcəkdə həmin qanunlardan yararlanaraq, Azərbaycanda belə bir qanun layihəsini hazırlayıb müzakirələrə çıxarmaq vacibdir”-deyərək, qeyd etmişdi ki, bu gün işğal altında olan Azərbaycan torpaqlarında xarici şirkətlər fəaliyyət həyata keçirirlər, o cümlədən ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəsmi şəxsləri, biznes dairələri səfərlər təşkil edirlər, eyni zamanda, Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən buna etirazlar bildirilir, belə şirkətlər qara siyahıya salınır. Həmçinin, səhvlərindən nəticə çıxaranlar da olur, olmayanlar da. Belə olduğu halda da, Azərbaycan hüquqi addım ata bilmir. Çünki belə hallara qarşı tədbirləri tənzimləyən hüquqi akt yoxdur. Millət vəkili sonda “İşğal olunmuş ərazilərlə bağlı qanun layihəsi” qəbul edilərsə, belə şirkətlərlə bağlı beynəxalq məhkəmələrə müraciət oluna, onların cərimələnməsi tələb edilə bilər”-deyə, vurğulamışdı.

Ötən ilin əvvəllərində isə artıq belə bir qanun layihəsinin ilkin variantının hazır olduğu və yaz sessiyasının müzakirələrinə çıxarılacağı vurğulanırdı. Konkret olaraq, R. Rzayev mətbuata geniş açıqlamasında bildirmişdi ki,  parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə birlikdə hazırda buna nəzər yetilir, sənədin üzərində işləri davam etdirilir.

Rzayev sonra “Görəndə ki, qanun layihəsini tam təkmil variantda artıq parlamentə təqdim etməyə hazırıq, onu edəcəyik. Bir daha qeyd edirəm ki, bizi narahat edən məsələlər çoxdur. Birincisi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının statusu barədə söhbət qaldırılacaq. İkincisi, bizi narahat edən məsələ odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə müəyyən Qərb şirkətləri fəaliyyət göstərir”-deyərək, bildirmişdi ki, müxtəlif iş, sənət adamları, bəzi dövlətlərin deputatları gətirilir, onlar qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə daxil olurlar.

“Odur ki, bizi narahat edən bu məsələlərin hamısını qaldırmaq, sənəddə əks etdirmək fikrindəyik”-deyərək, fikirlərini tamamlamışdı.

Ancaq həmin dövrdən bir ildən artıq vaxt keçsə də, üstəlik, 2018-ci ilin yaz və növbədənkənar sessiyaları, payız (qış) sessiyası, o cümlədən, 2019-cu ilin yaz sessiyası başa çatsa da, növbədənkənar sessiya isə başa çatmaq üzrə olsa da, həmin qanun layihəsindən bir xəbər yoxdur.

Qanun layihəsinin müzakirələrə çıxarılıb-çıxarılmayacağı barədə dəqiq bir söz deyilmir.

Ancaq bununla belə, Azərbaycanın hələ də müharibə şəraitində olduğu, Dağlıq Qarabağa qanunsuz səfərlərin edildiyi və sair məqamlar nəzərə alınaraq, adıçəkilən qanun layihəsinin müzakirələrə çıxarılması ehtimal olunan və gözləniləndir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Sülhə gedən yol müharibədən keçirsə, ona hazır olmalıyıq” – DEPUTAT

Read Next

“Qida təhlükəsizliyi” harada “ilişib” qalıb: AQTA-DA, YOXSA, KTN-DƏ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir