“İşğal teatr sənətindən də yan keçməyib…” – Əbülfəs Qarayev

Bu gün dünyanın tanınmış teatr sənətçilərinin dördüncü dəfə bir araya gələrək bu əhəmiyyətli tədbirdə iştirak etməsi və müasir teatr proseslərinin araşdırılması təqdirəlayiq hadisədir.

Etikxeber.az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransında dilə gətirib.

Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açan nazir bildirib ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının səhnələşdirilməsi təkcə ölkəmizdə deyil, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu.

“O vaxtdan düz 144 il keçir. Bu zaman kəsiyi ərzində Azərbaycan teatrının siması və statusu dəyişir, bədii axtarışları, yaradıcılıq yönümü kamilləşir. Milli teatr sənətinin təkamülündə müstəsna xidmətləri olan görkəmli sənət fədailəri – aktyor və rejissor nəsli yetişir, repertuar siyasəti formalaşır. Beləliklə də teatr Azərbaycan xalqının milli-mədəni dəyərlərinin qorunması, təbliğ olunması, mütərəqqi ideyaların aşılanması missiyasını həyata keçirməyə başlayır. Azərbaycan dövlətinin teatr sənətinə xüsusi qayğı və diqqəti nəticəsində çox keçmədən yeni təsisatlar meydana gəlir, fərqli janr istiqamətinə malik səhnə ocaqları yaradılır” – deyə, nazir vurğulayıb.

Azərbaycan müəlliflərinin əsərlərinin dünyanın bir neçə ölkəsində səhnələşdirildiyini söyləyən Ə.Qarayev deyib ki, yalnız bu il müddətində Xalq Yazıçısı Elçinin əsərləri İstanbul, London, Nyu-York, Sankt-Peterburq və İtaliyanın bir sıra şəhərlərində səhnəyə qoyulub.

Ermənistan-Azərbaycan  münaqişəsindən söz açan nazir qeyd edib ki, işğal nəticəsində mədəniyyət nümunələrimiz dağıntılara məruz qalıb:

“Bu, teatr sənətindən də yan keçməyib. İrəvan, Şuşa, Ağdam teatrları hazırda bu vəziyyəti özündə hiss edirlər. Dövlət tərəfindən bu teatrların kollektivləri üçün lazımi şərait yaradılıb.

Bu gün Azərbaycan qaynar mədəni həyat yaşayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq festivallar, simpoziumlar, mədəniyyət günləri, müsabiqələr və digər tədbirlər ölkəmizi dünyada böyük mədəniyyət mərkəzlərindən birinə çevirir.

Bu gün respublikamızda 26 dövlət teatrı, “ÜNS” Yaradıcılıq Səhnəsi, bələdiyyə, özəl və xalq teatrlarının fəaliyyət göstərdiyini söyləyən nazir bildirib ki, multikultural dəyərlər qorunaraq azsaylı xalqların teatr kollektivlərinin yaradılmasına və inkişafına geniş imkan açır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması teatr sahəsində də təcəssümünü tapıb. Ayrı-ayrı xalqların teatrları milli teatrımızla çiyin-çiyinə çalışaraq ümumi mədəni irsin zənginləşməsinə xidmət edir. IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyinin, tolerantlıq məsələlərinə çox böyük önəm verdiyinin əyani sübutudur. Bu mənada respublikamızda yürüdülən mədəniyyət siyasətinin məqsədi ölkələr, xalqlar, millətlər, etnoslar, etnik qruplar arasında mədəniyyət vasitəsilə aktiv dialoqa nail olmaqdan ibarətdir.

Belə bir tədbirin Bakıda keçirilməsinin böyük qürur hissi doğurduğunu söyləyən mədəniyyət və turizm naziri bildirib ki, konfransın əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının müzakirə edilməsi üçün platforma yaratmaqdır.

Artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən – Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Avstraliya, Belarus, Ukrayna, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İtaliya, Küveyt, Qətər, Latviya, Macarıstan, İraq, Özbəkistan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka, Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, teatr sənətinin nüfuzlu nümayəndələri Bakı şəhərinə toplaşıblar. Konfransda BTİ (Beynəlxalq Teatr İnstitutu), BTTA (Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası), ASSITEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNIMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), IFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunur”.

Konfransın işinə uğurlar arzulayan Ə. Qarayev deyib ki, ənənəyə çevrilmiş Bakı Beynəlxalq Teatr Konfransı öz ətrafında, sözün əsl mənasında, teatrsevərləri bir araya gətirən səmərəli teatr forumuna çevriləcək.

Nazir 2017-ci ildə ölkəmizdə keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumu haqqında qonaqlara məlumat verib, teatr sənəti ilə məşğul olan insanları forumda iştiraka dəvət edib.

Etikxeber.az

 

Read Previous

Nazirlik: Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

Read Next

“Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi hazırlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir